Bələdiyyə-vətəndaş vəhdətinin möhkəmlənməsində fəaliyyət qənaətbəxşdir

İsmayıllı rayonu İsmayıllı bələdiyyəsində 2025-ci ilin birinci 6 ayı ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabat yığıncağı keçirilib. Hesabatın mətni bələdiyyə üzvlərinin iştirakı ilə 15 iyul 2025-ci il tarixdə keçirilmiş ümumi yığıncaqda təsdiq edilmişdir. Hesabat mətninin əsas məqamlarını seçicilərin diqqətinə çatdırırıq:

1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən yerli əhəmiyyətli, narahatlıq doğuran məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur:

2025-ci ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə mədaxil faktiki olaraq 34 018 (otuz dörd min on səkkiz manat) 46 qəpik olmuşdur.

Daxilolmaların 9 491 (doqquz min dörd yüz doxsan bir) manat 40 qəpiyi torpaq vergisi, 15 923 (on beş min doqquz yüz iyirmi üç) manat  23 qəpiyi isə əmlak  vergisi hesabına əldə olunmuşdur.

Əvvəlki ildə bələdiyyə əmlakının özəlləşdirilməsindən daxilolma- 2907 (iki min doqquz yüz yeddi) manat, ticarət obyektlərindən torpaq icarə haqları 2 214 (iki min iki yüz on dörd)  manat 90 qəpik, əkin sahələrinə görə icarə haqqı 1 921 (bir min doqquz yüz iyirmi bir) manat 93 qəpik, bələdiyyə əmlakının icarəsindən 1 200 (bir min iki yüz) manat, avtomobil dayanacaqlarından gəlirlər isə 360 (üç yüz altmış) manat olub.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq Cülyan bələdiyyəsi İsmayıllı bələdiyyəsinə birləşdirilmişdir.

İsmayıllı bələdiyyəsinin və ona birləşmiş Cülyan bələdiyyəsinin əvvəlki dövürdən qalan əmək haqqı borcları olduqca diqqətçəkəndir. Maliyyə daxilolmalarının əvvəlki dövrlərlə müqayisədə az olmasına baxmayaraq, əvvəlcə yaranan maliyyə vəsaiti aztəminatlı bələdiyyə qulluqçularının əmək haqlarının ödənilməsinə yönləndirilmişdir. Maliyyə daxilolmalarının azalma səbəbləri çoxdur və müxtəlifdir.

Odur ki, ilk növbədə bələdiyyə üzvləri və qulluqçuları bələdiyyə ərazisində fəal iş apararaq, kommersiya obyektlərinin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesinə xüsusi önəm vermişdir. İsmayıllı şəhəri ərazisində bu iş yekunlaşdırılmışdır. Cülyan kəndi ərazisində isə həmin proses davam etdirilir. Belə ki, kənd ərazisində kommersiya obyektləri və fiziki şəxslərin uçot məlumatlarının dəqiqləşdirilməsi işi aparılır.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 30 950 (otuz min doqquz yüz əlli) manat 49 qəpik olub.

Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

2025-ci ilin yanvar–mart ayları üçün göstərilən rəqəmin 16 876 (on altı min səkkiz yüz yetmiş altı) manat 29 qəpiyi işçilərin əmək haqqına, 8 579 (səkkiz min beş yüz yetmiş doqquz) manat 29 qəpiyi DSMF-nin köçürmələrinə, 1 330 (bir min üç yüz otuz) manat 95 qəpiyi icbari tibbi sığortaya, 280 (iki yüz səksən) manat 87 qəpik Həmkarlar Təşkilatına üzvlük haqqına, 147 (bir yüz qırx yeddi) manat 76 qəpik YAP-na üzvlük haqqına, 984 (doqquz yüz səksən dörd) manat 58 qəpik BAMS-in onlayn xidmət haqqına, 168 (bir yüz altmış səkkiz) manat 50 qəpik bankın xidmət haqqına, 401(dörd yüz bir ) manat 04 qəpik DSMF sərəncamına əsasən peniyaya, 528 (beş yüz iyirmi səkkiz) manat 21 qəpik telefon və internetə abunə haqqına, 300 (üç yüz) manat istifadə olunmuş elektrik enerjisinə, 300 (üç yüz) manat işlədilmiş suya, 273 (iki yüz yetmiş üç) manat isə təbii qazdan istifadəyə görə ödənilmişdir.

Hesabat dövrü ərzində bələdiyyə büdcəsindən bir nəfər aztəminatlı şəhər sakininə 100 (bir yüz) manat həcmində maddi yardım edilmiş, Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı  olaraq 600 (altı yüz)  manat, mətbuata abunə haqqı kimi 80 (səksən) manat ayrılmışdır.

2025-ci ilin 6 ayı ərzində şəhər ərazisində mövcud 8129 vergi ödəyicisindən 2887 nəfərinə bələdiyyəyə olan borcları göstərilən tədiyyə bildirişləri paylanıb.

Azərbaycan Respublikası vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla 2408 vergi ödəyicisinə 71,2 min manatdan yuxarı güzəşt olunub.

Bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları tərəfindən daha çox borcu olan vergi ödəyiciləri ilə davamlı şəkildə fərdi görüşlər, telefon danışıqları aparılır.

Vergi ödəyicilərinə vergi borcları barədə mobil telefonlarına SMS mətni göndərilməsi məqsədilə mətnlərin göndərilməsinə hazırlıq işləri aparılır, qısa müddətə bütün vergi ödəyicilərinə SMS-lərin göndərilməsi planlaşdırılır.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 12 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 55 qərar qəbul edilmişdir.

Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə göndərilmiş və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Eyni zamanda bələdiyyənin elan və fəaliyyəti haqqında məlumatlar “Facebook” səhifəsi vasitəsilə yayımlanmışdır.

2025-ci ilin 6 ayı ərzində bələdiyyəyə 358 nəfər müraciət etmişdir ki, onların 96 nəfəri arayış və digər sənədlər almaq üçün, 59 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 203 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

*Hesabat dövründə görülmüş işlərə nəzər yetirdikdə bəlli olur ki, Yeni il ərəfəsində şəhərin bayramsayağı bəzədilməsi təmin olunmuş, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar rayonda yerləşən “Ana harayı” abidəsi ziyarət edilmiş, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bələdiyyə üzvü və qulluqçusu olan, iş yeri bələdiyyə binasında yerləşən qadınların iştirakı ilə tədbir keçirilmişdir.

*Tarixi günlərin, milli bayramların qeyd olunması da diqqət mərkəzində olub. Belə ki, Novruz bayramı ilə əlaqədar rayonun mərkəzi meydanında keçirilən tədbirdə bələdiyyə üzvləri və qulluqçuları yaxından iştirak etmiş, hazırlanmış “Bayram süfrəsi” nümayiş olunmuşdur.

*Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Cəlal Abdulhəkim oğlu Rüstəmovun adına inşa edilmiş bulaq kompleksində əsaslı təmir işləri aparılmış, işıqlanma sistemi yenilənmiş, 60 illik yubileyi doğmalarının və rayon ictimaiyyəti ilə birgə məzarı başında qeyd edilmişdir.

İsmayıllı bələdiyyəsində bir qrup şəhər ağsaqqallar ilə görüş keçirilmişdir.

*İsmayıllı şəhərində “Qarabağlılar” məhəlləsi kimi tanınan ərazisində yaşayan bir ailənin müraciəti əsasında intensiv yağan yağışlar səbəbindən evin zirzəmisinə su dolmasının, həmçinin içərisi məişət tullantıları ilə dolaraq tutulmuş su keçidləri xüsusi texnika vasitəsilə açılmış, yollarda,  küçələdə, evlərdə subasmaların qarşısı alınmışdır.

*Bələdiyyə ərazisində 15-dən çox qurumuş və yıxılma təhlükəli ağacın qanunvericilik qaydasında kəsilib götürülməsi və budanmasına ehtiyac olan ağacların aqrotexniki qaydada budanması təmin edilmişdir.

*Cülyan kəndindən olan şəhid Teymur Osmanlının doğum günü ilə əlaqədar dəfn olunduğu qəbiristanlığa gedən yola çınqıl-qum tökülərək xüsusi texnika vasitəsilə yayılmış, məzarı və ailəsi ziyarət olunmuşdur.

*İsmayıllı şəhərindən olan şəhid Ramil Musayevin doğum günündə məzarı və ailəsi ziyarət olunmuş, şəhid övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə  bayram şənliyi keçirilmiş, uşaqlara müxtəlif hədiyyələr paylanmışdır.

*Vətəndaşlara müalicə və digər ehtiyacları  səbəbindən müxtəlif məbləğdə maddi yardımlar edilmiş, əraziyə köçüb gəlmiş bir aztəminatlı ailədən olan  uşaq məktəbli ləvazimatları ilə təmin edilmişdir.

*Şəhərin Heydər Əliyev prospekti və Mübariz Orucov küçəsi boyunca yolkənarı divarların boyağı yenilənmiş, dörd həyətin darvazası yenidən boyanmışdır.

*İsmayıllı şəhəri, N.Nərimanov küçəsində yerləşən “Smart” tipli avtobus dayanacağının şüşələri və oturacaqları yenilənmişdir.

*İsmayıllı şəhəri və Cülyan kəndi ərazisində yerləşən qəbristanlıqlarında təmizlik-abadlıq işləri aparılmışdır.

2025-ci ilin 6 ayı ərzində bələdiyyənin gördüyü işlər haqqında məlumatlar “belediyye.info” saytı, İsmayıllı bələdiyyəsinin Facebook səhifəsi və “İsmayıllı xəbələri” qəzeti vasitəsilə ictimailəşdirilmişdir.

2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə bələdiyyə ərazisində vətəndaşların mülkiyyətində olan 7636 ev həyətyanı sahəsi ilə birlikdə, 2281 hektar əkin, 120 hektar bağ sahəsi, 493 kommersiya təyinatlı vergitutma obyekti qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmiş uçot məlumatları dəqiqləşdirilmişdir. Hazırda bu iş davam etdirilir. Ümumilikdə isə 8129 vergitutma subyekti sistemə daxil edilmişdir.

İsmayıllı bələdiyyəsinin 01 iyul 2025-ci il tarixə 75 657 (yetmiş beş min altı yüz əlli yeddi) manat 57 qəpik borcu vardır ki, bu da əsasən DSMF borcları, tibbi sığorta, sərf olunmuş yanacağa, qazdan istifadəyə, təmir-tikinti idarəsinə, həmkarlara üzvlük haqqı və s. ibarətdir.

Yaradılmış Məhəllə komitələri bələdiyyəyə yaxından köməklik göstərirlər. Belə ki, vergilərin ödənilməsi istiqamətində, ərazilərin təmiz saxlanılması, qanunsuz tikintilərin vaxtında qarşısının alınması və s. məsələlərdə əhalinin maarifləndirilməsini təmin edərək daima bələdiyyəni məlumatlandırırlar. Bundan başqa vətəndaş cəmiyyətinin inkişafında və bələdiyyə-vətəndaş vəhdətinin möhkəmlənməsində fəaliyyətləri qənaətbəxşdir.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər çərçivəsində qurulması məqsədilə islahatların davam etdirilməsi, bələdiyyələrin idarəetmədə rolunun gücləndirilməsi, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarının genişləndirilməsi, dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması məqsədilə bələdiyyə üzvləri və qulluqçuları xüsusi fəallıqla çalışırlar.

Qüdrət Kazımov,

İsmayıllı bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir