Vətən sevgisi ilə böyüyənlər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaqda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti olduqca diqqətçəkəndir .
Mərkəzin növbəti qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan Pənahovlar ailəsidir…
“İsmayıllı xəbərləri”
***
Pənahov Əsədulla İbadulla oğlu 1937-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Diyallı kəndində yeddiillik, İsmayıllı şəhərində orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin – indiki Bakı Dövlət Universitetinin coğrafiya-biologiya fakültəsində ali təhsil alıb. Doğulub böyüdüyü, ilk təhsilini aldığı Diyallı kənd məktəbində müəllim kimi işə başlayıb. Təqaüdə çıxana kimi – düz 44 il bu məktəbdə müəllim və direktor müavini işləyib. Təkcə işlədiyi məktəbdə, rayonda deyil, Respublikada da işini kamil bilən, daim öz üzərində çalışan və nümunə göstəriləcək öyrədən kimi tanınıb. Elə buna görə də “metodist müəllim” adına, “maarif əlaçısı” döş nişanına layiq görülüb. Əsədulla müəllim 60 il əvvəl -1965-ci il 1 avqustda müəllim yoldaşının qızı Zenfira xanımla ailə qurub. Pənahova Zenfira Əhməd qızı 1948-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində müəllim ailəsində anadan olub. Orta təhsillidir. 30 ildən çox yaşadığı kənddə olan S.Vurğun adına kolxozda işləyib. Hazırda həm Əsədulla müəllim, həm də Zenfira xanım təqaüddədirlər, balaları, nəvə-nəticələri ilə birlikdə xoşbəxt qocalıq ömrünü yaşayırlar.
Pənahovlar ailəsinin 5 övladı – 3 oğul, 2 qız övladı, 15 nəvəsi, 9 nəticəsi var. Ailənin böyük oğlu Adil Azərbaycan Politexnik İnstitutuna daxil olub. O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə ali məktəbə qəbulda yüksək bal toplayanlar ittifaqın ən yaxşı ali məktəblərinə oxumağa göndərilirdilər. Beləliklə, Adil də Minsk Politexnik İnstitutuna göndərilir və oranı müvəffəqiyyətlə bitirir, hazırda özəl sahədə işləyir. Digər oğlu Azər Azərbaycan Sənaye İnstitutunu bitirib, özəl şirkətdə çalışır. Altay Azərbaycan Politexnik İnstitutunu bitirib, şəhid Aqil Mirzəliyev adına Diyallı kənd tam orta məktəbində hərbi hazırlıq müəllimi işləyir – atası kimi pedaqoji fəaliyyətlə məşğuldur. Kapitandır. 44 günlük müharibənin iştirakçısıdır, bir sıra medallarla təltif edilib. Altay müəllimin rəhbərliyi ilə Diyallı məktəbinin şagirdləri “Şahin” hərbi idman oyunlarında dəfələrlə rayon, zona və Respublika yarışlarında birinci və ikinci yerləri tutublar. Bu uğurlarına görə Altay müəllim “Qabaqcıl maarif işçisi” döş nişanı ilə təltif edilib. Qızı Pənahova İlhamə Bakı 1 saylı Tibb Texnikumunu bitirib, uzun illər tibb bacısı kimi fəaliyyət göstərib, hazırda təqaüddədir. Digər qızı Mehriban Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirib, müxtəlif işlərdə çalışıb, hazırda təqaüddədir.
Ailənin böyük gəlini Vəfa Pənahova İsmayıllı təhsil tarixində öz yeri olan, Respublikanın Əməkdar müəllimi İzhar Kazımovun övladıdır və atasının yolunu davam etdirərək Gəncə Dövlət Universitetini bitirib, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimidir. Ailənin digər gəlini Ruhiyyə Pənahova Tibb Texnikumunu bitirib, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Nərgiz xanım evdar qadındır.
Pənahovların 15 nəvəsi var, onlardan 11-i ali təhsillidir, aralarında baba, ata, əmi yolunu davam etdirən 4 müəllim, 3 mühəndis, habelə, iqtisadçı, dənizçi, tərcüməçi də var.
Bu dəyərli məlumatları ailənin başçısı Əsədulla müəllimdən alandan sonra ilk sualı da elə ona ünvanlayırıq:
-Xoşbəxt evliliyin sirri nədədir?
-Xoşbəxt evliliyin sirri bir-birini başa düşməkdədir.
Zenfira xanımdan cavab gözləyirik:
-Müəllim – həyat yoldaşını nəzərdə tutur- dediyi kimi, gərək bir-birini başa düşəsən, danışmasa belə baxışından anlayasan.
-Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
-Səbrlə, təmkinlə. Mən həmişə güzəştə getməyi, bağışlamağı bacarmışam, Allah bağışlayandırsa biz niyə bağışlamayaq. Ailəmizdə heç vaxt münaqişə olmayıb, kiçik anlaşılmazlıqlar olub, onu da özümüz sakitcə, uşaqlara hiss etdirmədən öz aramızda söhbətlə, müzakirə ilə aradan qaldırmışıq. Uşaqlarımız ailəni belə görüb, bu ruhda böyüyüblər. Ona görə də bu gün övladlarımızın ailəsində də mehribançılıqdır.
Bu suala da evin xanımından cavab alırıq:
-Valideyn olandan sonra insanın məsuliyyəti qat-qat artır, ata, ana təkcə valideyn yox, həm də övladının örnək, nümunə götürəcəyi şəxsiyyət olur. Bu mənada təkcə yaxşı valideyn yox, nümunəvi şəxs də olmağa borclusan və deyəsən, biz bunu bacarmışıq.
-Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
-Özümüz nümunə olmaqla, – Əsədulla müəllim fəxrlə cavab verir. Əgər uşaq balaca vaxtından görsə, duysa ki, sən öz evini, kəndini sevirsən o zaman o da yurd, Vətən sevgisi ilə böyüyəcək. Mənim övladlarım ağılları söz kəsəndən görüblər ki, ataları layiqli vətəndaşlar yetişdirə bilmək üçün necə səbrlə, əzmlə çalışır, bu, ən böyük həyat, Vətən sevgisi dərsidir.
-Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
– Uşaqlarımızın körpə yaşlarından qəlbini ələ almışıq, aramızda heç zaman səhvə yol verilməsinə imkan olmayan qəlb bağlantısı olub. Və bunun sayəsində uşaqlara həm valideyn olmuşuq, həm də ən yaxın dost.
-Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.
– Allaha şükür, uşaqlarımızı necə görmək istəmişiksə, necə tərbiyə vermək istəmişiksə, ona da nail olmuşuq. Ailə kimi ailə olmuşuq, uşaqlarımız da başqa bir ailəni yox, məhz içində böyüdükləri ailəni özlərinə nümunə götürüblər.
-Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
-Ailə quranda tələsməsinlər – seçsinlər, bir-birlərini tanısınlar, sevsinlər. Yəni sevməyə də tələsməsinlər – sevginin gözü kor olur, deyərlər. Ən əsası öz taylarını tapsınlar, ataların bir gözəl sözü var, deyir, “taylı tayını tapmasa günü ah-vayla keçər”. Bacarıb öz taylarını tapsınlar – düşüncə, təhsil, yaşam tərzi və sair baxımından. Bu gün boşanmaların artmasının başlıca səbəbi bax elə düşüncə fərqliliyindədir. Düşüncələr ən azından oxşar olmalıdır ki, ailə də tam ola bilsin. Bizim kimi, nəvə – nəticələrin əhatəsində, ötənlərin xoş xatirələri ilə evliliklərinin hər ildönümünə, elə ömrün hər gününə ürəkdən “xoş gəldin” deyib, şükür edə bilsinlər.
– Bizi ailənizdə qəbul etdiyiniz üçün, dəyərli söhbət üçün çox sağ olun.
-Siz sağ olun, bizim ailəni seçdiyiniz üçün minnətdarıq.
Sevimli müəllimim, ömrünün doqquzuncu onilliyinə doğru sərrast addımlarla irəliləyən Əsədulla Pənahovun ailəsindən, ziyalı tərbiyəsi görmüş bu mehriban, həyat dolu ailədən ən xoş hisslərlə, yenidən görüşmək ümidi ilə “hələlik” deyib ayrılırıq. Bir də demək istəyirik ki, Sizin ailəni biz seçmədik, siz ailənizi “seçilmiş” etmisiz və o təşəkkür də sizin özünüzə düşür!
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü






