Milli mətbuatımızın formalaşmış tələb və ənənələri çərçivəsində çıxan qəzet 

 

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Sevindirici haldır ki, fəaliyyətinin 18-ci ilini yaşayan “İsmayıllı xəbərləri” qəzeti yuxarıda qeyd olunan bütün istiqamətlərdə oxucularını məlumatlandırmaq, milli-mənəvi dəyərləri qorumaq, dövlət-xalq birliyini təbliğ etmək  baxımından reallaşdıra bildiyi məsələlər, gördüyü işlər bilavasitə milli mətbuatımızın formalaşmış tələb və ənənələri çərçivəsində olub. Fəaliyyətimizin ilk ilində Azərbaycan Respublikası Mətbuat Şurası üzvlüyünə qəbul olunmağımız deyilənləri təsdiqləyən faktdır.

Fəaliyyət dövrümüzdə rayon rəhbərliyi tərəfindən gördüyümüz müntəzəm diqqət və qayğı bu mətbu orqanının  oxucu kütləsinə vaxtında və yüksək keyfiyyətdə çatdırılmasına təminat yaradıb.

Milli mətbuatımızın 150 illiyi münasibəti ilə İsmayıllını sevənlərin qəzeti olan “İsmayıllı xəbərləri” qəzetinin yaradıcı heyəti adından bizə dəstək duranları və sevimli oxucularımızı ürəkdən təbrik edirik!

Qəzet təmsilçisi olduğu ərazinin aynasıdır. Bu səbəbdən ən böyük arzumuz İsmayıllımızın tərəqqi etməsi, bu aynada parlaq, abad – müasir görünməsidir. İsmayıllımızın bu keyfiyyətləri qazanması üçün çalışan hər kəsə minnətdarıq!

Əlamətdar yubiley münasibəti ilə Azərbaycan mətbuatına təməl qoyanlara Allahdan rəhmət diləyir, bugününü, sabahını şərəflə işıqlandıran hər kəsi təbrik edir, işlərinə uğur arzulayırıq.

Şahməmməd Soltanov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir