Şəhidlər unudulmazdır
İsmayıllı rayonu Tircan kənd sakini, Vətən müharibəsi şəhidi Həsrətov Xəyal Əzim oğlunun doğum günü müqəddəs məzarı yanında qeyd olunub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin əməkdaşları, şəhid ailələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin məzarı ziyarət olunub. Şəhid Xəyal Həsrətovun şərəfinə inşa edilmiş bulaq-xatirə kompleksində kəndin digər şəhid yetirmələrinin də şəkillərinə yer verilib. Bu da xatirə kompleksinin möhtəşəmliyini təmin edir.
Mərasim iştirakçıları bulaq önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar. Çıxışlarda şəhid X.Həsrətovun igidliyi, Vətənə sədaqəti barədə danışılıb. Vətən uğrunda canını qurban verənlərin heç zaman unudulmayacaqları təkrar-təkrar dilə gətirilib. Məktəblilər vətənpərvərlik ruhlu şeirlər səsləndiriblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Həsrətov Xəyal 2005-ci il iyulun 7-də anadan olub, 2023-cü ilin iyulunda həqiqi hərbi xidmətə gedib, Dövlət Sərhəd Xidmətində xidmət edib və 19 dekabr 2023-cü ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“İsmayıllı xəbərləri”

