100 yaşlı veteranın yubileyi qeyd edilib
Bu gün İsmayıllı rayonuna 32 il əvvəl Ağdam rayonundan məcburi köçkün kimi gəlmiş Şura Namazovun 100 yaşı qeyd edilir. İsmayıllıda keçirilən elə bir möhtəşəm tədbir olmayıb ki, müharibənin odundan – alovundan keçmiş ağsaqqal Şura babanı ora dəvət etməsinlər. Şura babanın ən böyük arzusu o olub ki, torpaqlarmız düşmən tapdağından azad olunsun, bundan sonra yaşadığı ömrü dədə-baba yurdunda yaşasın. Bəli, Şura baba özünü çox xoşbəxt sayır. Çünki arzusu gerçək olub. İşğalda olan torpaqlarmız azad olunub. Düşməndən təmizlənmiş torpaqlara qayıdış başlayıb. İnşallah, yaxın vaxtlarda Şura baba da yaşadığı elinə dönər, orda nəvə-nəticələri, hətta kötükcələri ilə birgə yaşayar.
İsmayıllıda müharibə veteranlarına xüsusi diqqət göstərilir.
Alman faşizmi üzərində qələbənin 80 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq İsmayıllıda da silsilə tədbirlər həyata keçirilib. İkinci Dünya müharibəsinin veteranı Şura baba 100 illik yubileyi yaşadığı evdə geniş tərkibdə qeyd edilib.
Həmin tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Nəsimi Teymurov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi, polkovnik Xaqani Fərzəliyev iştirak edib. Şura babaya Prezident İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıb, rayon İcra Hakimiyyətinin nümayəndəsi Şura babanı 100 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edərək, rayon rəhbərinin hədiyyəsini yubilyara təqdim edib.
Şura babanın çoxsaylı övladları – nəvələri, nəticələri və kötükcələri ilə birgə bugünkü xoşbəxt həyatına, gördüyü hörmət, qayğı və ehtirama görə Prezidentə minnətdarlıq etdi:
Bu böyük şəxsiyyət mənim illərlə həsrətində olduğum torpaqlarmızı azad etdi. Belə böyük insana, tayı-bərabəri olmayan sevimli rəhbərimizə deyirəm: – Allah Sizi həmişə sevindirsin! Sizin varlığınız bizim sevincimizdir”.
Ağsaqqal fikrini tam deyə bilmədi. Gözləri doldu. Kaş həmin anda Şura babanın necə kövrəldiyinin siz də şahidi olaydınız. Bu kövrək və xoşbəxt anı operator Elçin Məlikov dəqiq tuta bilib. Onuda qeyd edək ki, Şura babanın 100 yaşında nitqini tamamlaya bilmədiyi və gözlərinin dolduğu an yaddaşımızda həmişəlik qalacaq.
Rafiq Həsənov

