Azərbaycan ordusu

Sən xalqımın aldığı nəfəsdən yaranmısan,

Azadlığa sevgidən, həvəsdən yaranmısan,

Oddan, alovdan keçən bir səsdən yaranmısan!

Dilimizin nidası, sözümüzün vurğusu –

Azərbaycan ordusu!

 

Bir əsr bundan öncə qoyulsa da təməlin,

Tarixlərin ən dərin qatına çatır əlin,

Azərbaycan eşqinə bağlıdır hər əməlin!

Biləklərin qüvvəti, ürəklərin duyğusu –

Azərbaycan ordusu!

 

Cavanşir tarixlərə adını qanla yazıb,

Babək bayraq qaldırıb, zülmə üsyanla yazıb,

Koroğlu nərə çəkib, qılınc-qalxanla yazıb!

Vətənimin qeyrəti, torpağımın namusu –

Azərbaycan ordusu!

 

Keçdi neçə yüzillər, sən yenidən yarandın!

Torpağımın ruhuna sanki bədən yarandın!

Nə yaxşı sən doğuldun, nə yaxşı sən yarandın!

Cavanların təpəri, körpələrin yuxusu –

Azərbaycan ordusu!

 

Əliağa Şıxlinski sənə: Yaran, ol!  – dedi,

General Mehmandarov: “Marş! İrəli! Sol!”  – dedi.

Ana Vətən dil açdı, sənə: “Yaxşı yol!” – dedi!

Hər atanın övladı, hər ananın yavrusu –

Azərbaycan ordusu!

 

Sular axdı, bulandı, coşan ümmana döndü,

Nuhun zamanı kimi, sanki tufana döndü!

Heydər baba yenidən Azərbaycana döndü,

“Gəl!” – dedi, gözlərində qalmadı bir arzusu –

Azərbaycan ordusu!

 

Yurdun hər qarışını sən qorudun qanınla,

Torpaqlara can verdin, nəfəsinlə, canınla.

İftixar mənbəyimsən öz adınla, sanınla,

Susdura bilməz səni heç bir düşmən qurğusu –

Azərbaycan ordusu!

 

Ali Baş Komandanım durur sənin başında,

Xalqın ümid yerisən Qarabağ savaşında!

Təbrik edirik səni qocaman, yüz yaşında!

Nə qədər yazsam yenə qaldı sözün çoxusu,

Azərbaycan ordusu!

Azərbaycan ordusu!

Güləmayil Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir