Ailə böhranlarında dialoq və anlayış əsasdır

Ailə – yalnız qan bağı ilə birləşən insanlar deyil, eyni zamanda birgə yaşanmış həyatın, ortaq məsuliyyətlərin və paylaşılmış duyğuların cəmidir. Cəmiyyətin ən kiçik vahidi olan ailə, əslində, bütöv bir xalqın mənəvi güzgüsüdür. Məhz bu səbəbdən ailənin sağlam olması, onun daxili münasibətlərinin dayanıqlı və anlaşma üzərində qurulması dövlətin və toplumun davamlı inkişafı üçün həlledici amildir.

Hər bir ailə zaman-zaman müxtəlif sınaqlarla qarşılaşa bilər: maliyyə çətinlikləri, işsizlik, sağlamlıq problemləri, sosial təzyiqlər, tərbiyə məsələləri və ya gündəlik həyatın gərginliyi. Bu çətinliklərin düzgün idarə olunması ailənin gələcəyini müəyyənləşdirir. Məhz bu nöqtədə ailədaxili dialoq və anlayış ən vacib açar rolunu oynayır.

Azərbaycan ədəbiyyatında və folklor irsimizdə ailə dəyərlərinə, qarşılıqlı anlaşmanın və dialoqun əhəmiyyətinə xüsusi yer ayrılmışdır. Müdrik xalqımız yüzillər boyu formalaşdırdığı atalar sözləri ilə ailə münasibətlərində anlayışın və səbrin əsas olduğunu vurğulayıb. Bu baxımdan “Ər-arvadın davası, duz-çörək arasındadır” atalar sözü diqqətəlayiq nümunələrdəndir. Sözügedən ifadə ailədaxili münaqişələrin əslində ötəri və keçici xarakter daşıdığını, bir qədər anlayış və qarşılıqlı hörmətlə hər bir problemin həll edilə biləcəyini simvolik şəkildə izah edir. Bu cür deyimlər xalq müdrikliyinin ailə institutuna verdiyi yüksək dəyərin təcəssümüdür.

 

Münaqişə qaçılmazdır – amma onun nəticəsi seçimdir

 

İki fərqli mühitdə böyümüş şəxslərin eyni evdə uzunmüddətli və harmoniya içində yaşaması təbii ki, daim eyni fikirdə olmaqla mümkün deyil. Münaqişələr və fikir ayrılıqları normaldır. Lakin bu ayrılıqların necə idarə olunması ailənin sağlamlığı baxımından əsas meyardır.

Sosioloqların fikrincə, xoşbəxt ailələrlə problemli ailələr arasındakı əsas fərq konfliktin varlığı deyil, onun həll üsuludur. Bu gün çox ailələrdə problemi “susmaqla” və ya “üstündən keçməklə” həll etməyə çalışmaq halları müşahidə olunur. Halbuki bu yanaşma problemin daha da dərinləşməsinə səbəb olur.

 

Yerli statistika nə deyir?

 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il hesabatına görə, boşanmaların əsas səbəbləri sırasında ailədaxili ünsiyyətin pozulması, qarşılıqlı anlaşmanın olmaması və emosional məsafənin artması ön sıralardadır2024-cü ilin rəsmi statistikalarına əsasən, 49,508 mindən çox nikah bağlanıbsa, 21.384 mindən artıq boşanma qeydə alınıb. Boşanma səbəblərinin 32%-i birbaşa “xasiyyətlərin uyğun gəlməməsi” kimi qeyd olunub ki, bu da əslində, ünsiyyət və anlayış çatışmazlığının nəticəsidir.

Uşaq psixologiyası sahəsində aparılan yerli tədqiqatlara əsasən, valideynləri arasında tez-tez münaqişə və kobud davranışlara şahid olan uşaqlarda aqressivlik, özgüvən çatışmazlığı və sosial adaptasiya problemi müşahidə olunur. Beləliklə, bir ailədə dialoqun olmaması, təkcə valideynləri deyil, gələcək nəsilləri də birbaşa təsir altına alır.

 

 Ailə terapiyasının gücü

 

Skandinaviya ölkələri, xüsusilə İsveç və Norveç ailədaxili münaqişələrin qarşısını almaq üçün dövlət tərəfindən dəstəklənən ailə terapiyası proqramları həyata keçirir. Bu proqramlar çərçivəsində cütlüklər psixoloqlar və sosioloqlarla birgə ailə münasibətlərini analiz edir, ünsiyyət bacarıqları üzərində işləyir və sağlam emosional bağların qurulmasına fokuslanırlar.

ABŞ-da aparılan bir araşdırmaya görə, ailə daxilində həftədə ən azı bir dəfə “emosional dialoq” aparan cütlüklərin boşanma ehtimalı 42% daha aşağı olur. Bu da göstərir ki, sadəcə dinləmək və anlaşmaq istəyi belə ailəni saxlamaq üçün güclü faktordur.

 

Böhran içində körpü qurmaq

 

Röya və Kamran adlı (adlar şərtidir) bir ailə 10 illik evliliklərindən sonra ciddi münasibət böhranı ilə üzləşmişdi. Kamranın uzun iş saatları, Röyanın ev işləri və övlad qayğısı arasında tək qalması onların münasibətində soyumağa səbəb olmuşdu. Aralarındakı ünsiyyət demək olar ki, yox idi. Lakin boşanma qərarı verməmişdən əvvəl bir sosial xidmət mərkəzinə müraciət etdilər. 6 aylıq ailə terapiyasından sonra öyrəndilər ki, onların əsas problemi “danışmamaq”dır. Bu müddət ərzində yenidən bir-birini dinləməyi, empati qurmağı və ehtiyaclarını aydın ifadə etməyi öyrəndilər. Nəticədə, bu gün onlar daha güclü bir ailədir.

Qeyd etmək lazımdır ki, ailə institutunun möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən də mühüm addımlar atılır. Bu sahədə xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti diqqətəlayiqdir. Hazırda ölkə üzrə fəaliyyət göstərən 12 regional Uşaq və Ailələrə Dəstək Mərkəzi ailələrə psixoloji və hüquqi məsləhət xidmətləri göstərir. Bu mərkəzlər ailədaxili münasibətlərdə baş verən gərginliklərin aradan qaldırılmasına, uşaqların müdafiəsinə və ailə üzvləri arasında sağlam ünsiyyətin qurulmasına dəstək məqsədi daşıyır. Belə təşəbbüslər ailələrə yalnız çətinlik anlarında deyil, həm də qabaqlayıcı mərhələdə yardım edərək cəmiyyətin sosial rifahına töhfə verir.

 

Medianın rolu və ictimai məsuliyyət

 

Media ailə dəyərlərinin gücləndirilməsi prosesində mühüm rola malikdir. Televiziya proqramlarında, seriallarda və sosial platformalarda ailə modellərinin təqdimatı birbaşa cəmiyyətin düşüncəsinə təsir göstərir. Təəssüf ki, bəzi hallarda reytinq məqsədilə mənfi və aqressiv ailə münasibətlərini romantikləşdirmək tendensiyası müşahidə olunur. Halbuki medianın missiyası ailədə anlayışın, birliyin, sevginin və qarşılıqlı dəstəyin vacibliyini təbliğ etmək olmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər müvafiq qurumlar medianın bu istiqamətdə maarifləndirici layihələr həyata keçirməsini daha da gücləndirməlidirlər. Çünki maarifləndirmə təkcə məktəbdə yox, ekran arxasında da baş verir.

Müasir dövrdə ailə dəyərlərinin təbliğində sosial medianın rolu da getdikcə artmaqdadır. Son illərdə bu platformalarda ailədaxili münasibətlərin psixoloji aspektlərinə toxunan maarifləndirici kontentə olan maraq nəzərəçarpacaq dərəcədə yüksəlib. Müxtəlif səhifələr və fərdi istifadəçilər ailə münasibətlərində qarşılıqlı anlayış, empatiya və ünsiyyətin əhəmiyyəti barədə izləyicilərinə faydalı məlumatlar təqdim edir, sağlam ailə modelini təşviq edirlər. Bu cür rəqəmsal təşəbbüslər geniş auditoriyaya təsir etməklə yanaşı, cəmiyyətin ailə institutuna baxışını da müsbət yöndə formalaşdırır.

 

Dialoq – ailənin ürəyi

 

Mütəxəssislər də təsdiq edirlər ki, ailə mühitindəki münasibətlər uşaqların psixososial inkişafına birbaşa təsir göstərir. Məktəb psixoloqlarının müşahidələrinə əsasən, şagirdlərdə rast gəlinən davranış pozuntularının əhəmiyyətli bir hissəsi ailədə davamlı gərginlik və konflikt mühitinin nəticəsidir. Ailədaxili anlaşmazlıqlar uşaqlarda aqressivlik, özünəqapanma, sosial adaptasiya çətinlikləri və təhsil göstəricilərində zəifləmə kimi fəsadlara yol aça bilər. Bu isə bir daha sübut edir ki, ailədə sağlam dialoq təkcə valideynlər arasında deyil, həm də uşaqların gələcək həyat keyfiyyəti baxımından həlledici əhəmiyyət daşıyır.

Ailədə dialoq sadəcə söz mübadiləsi deyil, qarşı tərəfi dinləmə, anlama və birlikdə həll yolları axtarma prosesidir. Anlayış isə bir-birinin duyğularını qəbul etməyi tələb edir. Ailə böhranları qaçılmaz ola bilər, amma bu böhranların ailəni dağıtmaq yox, onu möhkəmləndirmək imkanı olduğunu dərk etdikdə, ailə daha da güclənir.

Cəmiyyətin sağlam gələcəyi üçün ilk addım – ailə daxilində düzgün ünsiyyətdir. Unutmayaq: Bir ailəni qorumaq üçün milyonlarla söz lazım deyil, bəzən bir anlayış dolu baxış və sadəcə “məni başa düşürsənmi?” sualı kifayətdir.

 

Elnarə Qasımova

 

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur

 

 

 

Şərh Yaz