Sadə, səmimi bir insanı, xalqa, vətənə layiq vətəndaşı itirdik

Dostsuz yaşayıb-yaratmaq, ömür sürmək çox çətindir. İnsan öz sevinc və kədərini, arzu və istəyini, ehtiyac və diləyini əziz bir dostla bölüşə bilməyəndə həyatın mənası olmur. İnsan dost qəlbinin qüdrətinə arxalanıb dağı dağ üstünə qoyanda qazanılan qələbənin də ləzzəti böyük olur.

İnsan insana dost, insan insana arxa-dayaq olmalıdır. Dünyada insana insan qədər heç bir şey gərək ola bilməz. İnsan insansız kədərin, qüssənin əlindən məhv olub gedər.

Həyatda insan kimi yaşamaq, yaratmaq hər adama nəsib olmur. Əsil insan kimi yaşamaq – yalnız özü üçün deyil,  başqaları üçün də yaşamaq deməkdir. Əslində, insan elə yaşamalıdır ki, onu insanlıq atəşi hamını qızdırsın. Özü üçün yananlar tez kül olub gedirlər.

Haqqında söhbət açacağım Tofiq müəllim hamı üçün yanmaq bacarığına malik insanlardan biri idi. O, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edərdi. Tofiq müəllim xalam oğlu olmaqla yanaşı, həm dostum, həm də sənət yoldaşım olub. İstər yaxşı, istərsə də çətin günümüzdə həmişə biri-birimizə arxa-dayaq olmuşuq.

Biliyə, yüksəlişə gedən yol məktəbdən, kitabdan başlayır. Bu yolda əzmlə çalışan, böyüməkdə olan nəsil üçün ömrünü, sağlamlığını xərcləyən müəllimlərdən biri məhz Tofiq müəllim olub. O, ömrünün 26 ilini müəllim işləmiş, yüzlərlə şagirdə öz ixtisasını sevdirmişdi.

Ağayev Tofiq Xasay oğlu 1952-ci ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olmuşdu. 1959-cu ildə kəndin 8-illik məktəbinə getmiş və bu məktəbi 1971-ci ildə bitirmişdi. Hərbi xidmətini 1974-cü ildə başa vurduqdan sonra Şəki şəhərindəki pedaqoji məktəbdə əmək-rəsmxət müəııimliyi üzrə kursa qəbul olunmuşdu. 1978-ci ildə bu kursu bitirən Tofiq ümumtəhsil məktəblərinin 4-8-ci siniflərində ixtisasası üzrə müəllim işləmək hüququ qazanmış, elə həmin ildən doğulduğu Zərnava kəndindəki orta məktəbdə müəllimlik fəaliyyətinə başlamışdı.

Tofiq müəllim 2005-ci ildə 25 illik əmək fəaliyyəti ilə əlaqədar təqaüdə çıxmışdı. 2006-cı ildə ürək çatışmazlığı ilə xəstəliyə tutulan Tofiq müəllim 19 il sonra dünyasını dəyişdi…

Onu tanıyanlar sadə, səmimi bir insanı, xalqa, vətənə layiq bir vətəndaşı, mən isə uşaqlıq, gənclik və sonrakı illərin dostunu, yaxın qohumumu, müəllim sirdaşımı itirdim.

Allah sənə rəhmət eləsin, unudulmaz insan…

Məhəmməd Aslanov,

Zərnava kəndi

 

 

Şərh Yaz