Qadınlar həmişə diqqətdədir
7 mart 2025-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) İsmayıllı Rayon Komitəsinin təşkilatçılığı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və Dağlıq Şirvan Regional Təhsil (DŞRTİ) İdarəsi İsmayıllı Rayon Təhsil Sektoru ilə birgə 8 Mart – Beynəlxalq Qadınlar Günü rayonun “Qala” şadlıq sarayında təntənəli şəkildə qeyd edilib.
Tədbirdə rayonun şəhid ailələrinin, təhsildə çalışan veteran, qazi, müharibə iştirakçılarının qadın ailə üzvləri, ucqar kənd məktəblərində çalışan qabaqcıl təhsil işçiləri, ictimaiyyət nümayəndələri, qadın məktəb direktorlar, bağça müdirləri, həmkarlar təşkilatı sədrləri iştirak edib.
İctimaiyyət adından RİH-in müavini Sevil Əhmədova və Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını və rayonun şəhid analarını, təhsildə çalışan qadın təhsil işçilərini təbrik ediblər.
DŞRTİ İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov çıxış edərək rayonun təhsil sahəsində qazanılan uğurlarda qadın təhsil işçilərinin rolundan, müstəsna xidmətindən danışıb.
ATİAHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış edərək ATİAHİ Respublika Komitəsinin çoxsaylı layihələrində İsmayıllı rayonu təhsil işçilərinin uğurla iştirak etdiyini vurğulayıb. Qadın təhsil işçilərinin asudə vaxtını səmərəli təşkil edilməsi və sağlamlığı qayğısına qalması üçün Həmkarlar təşkilatının gördüyü işlərdən danışıb və çoxsaylı qadın təhsil işçilərini bayram münasibətilə təbrik edib. İştirakçılara nahar verilməklə İsmayıllı rayon Mədəniyyət evinin və şəhər 3 saylı məktəb-liseyinin hazırladığı musiqi nümunələri təqdim edilib. Şəhid ailələri və qadın təhsil işçiləri rəqs edib, şənləniblər. Tədbir boyu şəhid anaları və qabaqcıl qadın təhsil işçiləri 125 nəfər İsmayıllı rayon Komitəsinin Təşəkkürnamə, Fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.