Mühafizənin üsul və qaydalarının əhaliyə öyrədilməsi vacib şərtdir   

 

İsmayıllı Rayon Su-Melorasiya İdarəsində Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

İdarənin rəisi Anar Alızadə tədbir iştirakçılarına əlamətdar günün yaranma tarixi, günün  ayrı-ayrı qurumlarda mahiyyəti, insanlar üçün əhəmiyyəti ilə bağlı vacib məqamlara toxunub.

O bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir.

Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan hücum, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.

Şərh Yaz