Şöbələr üzrə görüşlər keçirilir 

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi mütəmadi olaraq ayrı-ayrı şöbələr üzrə görüşlər keçirir.

Növbəti görüş Dəstək xidmətləri şöbəsinin əməkdaşları ilə keçirilib. Görüşün məqsədi şöbə müdirinin yaş həddinə görə əmək müqaviləsinə xitam verilməsi olub. Direktor Vidadi Rəhimov və baş həkim Nərgiz Rəhimova şöbə daxilində fəaliyyət göstərən Təsərrüfat, Texniki dəstək və Mühafizə bölmələrinin əməkdaşları ilə iclas keçirib.

İclas zamanı rəhbərlik kollektiv üzvləri ilə bir çox məsələlər ətrafında müzakirələr aparıb, xəstələrə keyfiyyətli tibbi xidmətin göstərilməsində Dəstək xidmətləri şöbəsi əməkdaşlarının fəaliyyətinin əhəmiyyətindən danışıb. Direktor vurğulayıb ki, Təsərrüfat, Texniki dəstək və Mühafizə bölmələrinin əməkdaşlarının əmək fəaliyyətinin hesabına həkimlər xəstələrə lazımi tibbi xidmət göstərir, xəstələrin və kollektivin mühafizəsi təmin olunur, o cümlədən xəstəxananın şöbələr üzrə daxili və həyatyanı sahəsinin təmizliyi təmin olunur. Daha sonra direktor Dəstək xidmətləri şöbəsinin müdirinin vəzifə səlahiyyətlərini müvəqqəti olaraq Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin sədri Elxan Qasımova həvalə edildiyini əməkdaşların nəzərinə çatdırıb, keyfiyyətli xidmətin aparılmasına dair lazımi göstəriş və tapşırıqlarını verib.

Görüşün ikinci hissəsində yalnız mühafizə bölməsinin əməkdaşları ilə iclas keçirilib və direktor Vidadi Rəhimov bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində təhlükəsizlik işinin təşkili üzrə Təlimat” təsdiq edilib. Baş həkim Nərgiz Rəhimova təlimatla iştirakçıları tanış edib, təhlükəsizlik bölməsinin, gözətçilərin hüquq və vəzifə öhdəlikləri barədə geniş məlumat verib.

Rəhbərlik Təhlükəsizlik bölməsinin əməkdaşları ilə təlimatda nəzərdə tutulan məsələləri geniş müzakirə edərək bildirib ki, bundan sonra təhlükəsizlik məsələləri təlimata uyğun aparılacaq. Müqavilə ilə xəstəxananın təhlükəsizliyini təmin edən Mühafizə polisi, Mülki Mühafizə xidməti və daxili mühafizə sisteminin əməkdaşları təlimatda göstərildiyi kimi fəaliyyət göstərəcək və görülən işlərlə bağlı jurnallarda öz qeydlərini aparacaq.

L.Əliyeva

 

Şərh Yaz