Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu öndərin və layiqli davamçılarının rolu    

Heydər Əliyevin sayəsində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi.

 

Mənfur düşmənin iblisanə əməlləri üzündən yurdumuzun  qədim guşələrindən biri olan Xocalının təkcə adının belə çəkilməsi hər bir azərbaycanlının qəlbini parçalayır. “Xocalı” sözünün özü, sanki,  fəryad  edir, nalə çəkir, bütün insanlığı, yer üzünü qınayır, o qətliamı törədənlərə lənət oxuyur. 1992-ci il fevral  ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər insanlıq tarixində heç zaman silinməyəcək qara ləkədir. Erməni xislətinin mahiyyətidir, erməni faşizminin insanlıq üçün nə qədər təhlükəli olmasının sübutudur. Xocalı qətliamı tariximizin ən qanlı, ən faciəli səhifələrindən biri olmaqla yanaşı, eyni zamanda, müasir sivilizasiyanın hansı bir vəziyyətdə olmasını əks etdirən olduqca ciddi, məşum  göstəricilərdən biridir. İndi  yer üzünün  inkişafına nizam verən nəhəng güc mərkəzlərinin hamısı çox  gözəl bilir ki, Qarabağ Azərbaycan torpağıdır. Amma o güc mərkəzləri öz məkrli maraqlarını həyata  keçirmək məqsədilə bütün yer üzündə insanlığa layiq olmayan oyunlar oynayırlar. Bu oyunlar həqiqəti,  ədaləti ayaq altına alır, işıqlı zəkaların insanlıq adına yaratdıqlarını darmadağın edir. Min illər boyu bütün müdrik insanların, dinlərin, mütərəqqi nəzəriyyələrin çağırışları qulaq ardına vurulur, unutdurulur. Hüquq elminin də əsrlər boyu əldə etdiyi nailiyyətlərə məhəl qoyulmur. Paradoksal bir vəziyyət yaranır. Bir tərəfdən, heyvanların belə müdafiəsinə qalxanlar insanları zəlil edirlər, insanların  zəlil edilməsinə göz yumurlar. İnsan hüquqlarının aliliyindən ağızdolusu danışanlar, xalqların  hüquqlarını tanımaq  istəmirlər. Ulu öndərin siyasi kursunun davamçısı cənab Prezidentimiz İlham  Əliyevin dəfələrlə dediyi  kimi, ikili, çoxüzlü  siyasət yürüdürlər.

Torpaqlarımıza göz dikən güc mərkəzləri erməniləri əllərində ov tulasına çevirib üstümüzə  qısqırdırlar.  Yeni oyunlar qururlar. Xocalı qətliamı torpaqlarımızın ələ keçirilməsi yolunda başımıza gələn bir bəla, düşmənin ən iyrənc sifətini üzə çıxaran tarixi bir gerçəklikdir. Xocalı qətliamı Vətənimizə qarşı həyata keçirilən çirkin siyasətin mahiyyətini açan  ibrətamiz bir göz dağıdır.

Xocalı hadisəsinin necə baş verməsi, yaşı 40-50-dən yuxarı olanların yaxşı yadındadır. Vətənimizin   başına min bir oyunlar açılırdı, ölkə daxilində milli zəmində  münaqişələr törədilir, qarşıdurmalar  yaradılırdı. Ölkədə  xaos hökm sürürdü. Güc mərkəzləri bir tərəfdən ölkə rəhbərliyini, əhalini arxayın salmaqla yanaşı, altdan-altdan öz məkrli niyyətlərini həyata keçirmək üçün mexanizmlər, texnologiyalar  həyata keçirir, digər tərəfdən, erməniləri qızışdırıb üstümüzə yeridirdilər.

Ermənistanın silahlı qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Rusiya Federasiyasının  366-cı motoatıcı alayının iştirakı və yaxından köməyi, daşnakların fitvası, xarici ölkələrdən gələn  erməni yaraqlılarının iştirakı, sonradan Ermənistanın prezidenti olacaq bir cəlladın – Serj Sarkisyanın təşkilatçılığı ilə köməksiz insanların üzərinə yeridilər. Xəstə insanları çarpayıda vurdular, uşaqları  süngüyə keçirdilər, hamilə qadınların qarınlarını yardılar, pərən-pərən düşmüş insanları gülləbaran  etdilər. Azərbaycan əhalisinə qarşı heç yerdə görünməmiş bir vəhşi qətliam həyata keçirildi. Hətta ölmüş  insanların belə kəlləsini əzir, sifətlərinin dərisini  soyurdular. Həmin mənfur Serj Sarkisyanın sonralar  fəxrlə dediyi  kimi, bununla Azərbaycan əhalisinin gözünü qorxutmaq, ətraf kəndlərin də boşalmasına nail olmaq istəyirdilər. Həmin vaxt onlar öz məqsədlərinə çatdılar. Amma öz sifətlərini də xeyli  dərəcədə  açdılar. Çünki, normal insan psixologiyasına malik insanlar belə vəhşilik törədə bilməzdilər.

Rəsmi statistikaya görə, həmin gecə Xocalıda 613 nəfər qətlə yetirilmiş, onlardan 63-ü uşaq, 106-sı  qadın, 70-i qoca insanlar olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini  itirmişdir. 130 uşaq isə valideynlərindən birini itirmişdir. Yaralanmış 487 nəfərin 76-sı uşaqlardır. 1275 nəfər əsir götürülmüşdür. Onlardan 150-sinin taleyi hələ də məlum  deyil. Onlar itkin  düşmüş sayılır.  Azərbaycanın Milli  Qəhrəmanları Allahverdi Bağırovun və Asif Məhərrəmovun (Fred Asif) gərgin  əməyi, şücaətləri hesabına 1003 nəfər əsirlikdən xilas edilə bilmişdir.

Hər dəfə Xocalı hadisəsi yadıma düşəndə məni qəhər boğur. Utandırıcı haldır ki, hadisə baş verən vədə  ölkənin ovaxtkı rəhbərliyi bu faktı həm əhalidən, həm də dünya ictimaiyyətindən gizlətməyə çalışdı! Ölkə televiziyası, mətbuat susur, hadisənin miqyasını xeyli kiçildirdi. Yalnız o zaman 215 KL  studiyasının təsisçisi və jurnalisti olan Şəhid Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı dəhşətli  görüntülər Xocalı  faciəsinin miqyasını və erməni cəlladlarının vəhşiliyini bütün dünyaya nümayiş  etdirirdi. Elə ermənilərin özləri də öz mənfur əməllərini etiraf etməkdən çəkinmir, yazdıqları ilə özlərini ifşa edirlər.

Özlərini siyasətçi hesab edənlərin əksəriyyətini Xocalıda baş vermiş hadisələrdən siyasi məqsədlər üçün istifadə etmək daha çox maraqlandırırdı. Amma bu acizlik, mövqesizlik o zaman həmin insanları xalqın gözündən daha çox saldı. Xocalı hadisəsi barədə dünya ictimaiyyətini lazımi qədər məlumatlandırmaq yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə gəldikdən sonra mümkün oldu. Məhz onun fəaliyyəti nəticəsində Xocalı məsələsinə həm ölkənin siyasətində, parlamentdə, xarici siyasətdə ciddi əhəmiyyət verilməyə başlandı. Xocalı soyqırımının bütün dünyada  tanınması istiqamətində əməli addımlar atıldı. Amma nəzərə almaq lazımdır ki, Heydər Əliyevə qədər Azərbaycan “dırnaqarası siyasilərinin” başı daxili münasibətlərə qarışdığı bir müddətdə ermənilər  dünya ictimaiyyəti arasında Xocalıdakı hadisələr barədə təhrif olunmuş, özləri üçün faydalı məlumatlar formalaşdırmağa müəyyən qədər nail olmuşdular. Ona görə də əsl həqiqətləri anlatmaq üçün çox   gərgin əmək sərf etmək lazım gəlirdi. Dahi, müdrik liderimiz Heydər Əliyev elə ilk imkan düşən kimi bu  sahədə ciddi  fəaliyyətə başladı. O, hələ prezident səlahiyyətlərini həyata keçirdiyi vaxtda, Milli Məclisin  sədri kimi, təcili  tədbirlər  görülməsi üçün 26  iyul 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasına  müraciət etdi. 1994-cü il fevral ayının 24-də Milli Məclis hər il fevralın 26-sının “Xocalı  Soyqırımı  Günü” kimi yad olunması barədə qərar qəbul etdi. 1995-ci il fevral ayının 24-də isə, Milli Məclis dünya  parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımının tanınması ilə bağlı müraciət etdi.

Azərbaycanın həm daxili, həm  də xarici siyasətində, diplomatick münasibətlərin qurulmasında Xocalı soyqırımına münasibət mühüm bir yer tutdu. Ulu öndərin müəyyən etdiyi bu xətt  artıq  beynəlxalq  aləmdə nüfuzlu bir siyasətçi kimi tanınan, Ulu öndərin layiqli davamçısı  cənab Prezidentimiz İlham  Əliyevin fəaliyyətində də diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri – xüsusən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının  uğurları barədə   də  danışmamaq mümkün deyil.

2008-ci il may ayının 8-də Şuşanın işğalının ildönümü günü Heydər Əliyev Fondunun vitse-prezidenti   Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyası hazırda 80-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 57 ölkə, o cümlədən, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovin, Peru, Handuras, Sudan, Rumıniya dövlət və parlamentləri səviyyəsində Xocalı soyqırımını rəsmi olaraq tanıyan ölkələrdir. Görülən məqsədyönlü tədbirlər nəticəsində dünyanın 10-dan çöx ölkəsinin  parlamenti, eləcə də ABŞ ştatlarının bir çoxu bu qətliamı “Xocalı soyqırımı” kimi qəbul etmişdir.

Bu günlərdə dünyanın bir çox  ölkəsində  Xocalı  qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər  keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər yayımlanır.

Onu da qeyd etmək lazımdır ki, 28 il gözlənilən Günəş, nəhayət, Xocalı üçün də doğdu. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində başlayan cavab savaşı düşməni nəinki susdurdu, həm də qol-qanadını qırdı. Ani bir əmrlə əks-hücum əməliyyatı başlandı. Müzəffər Azərbaycan Ordusu özünün qan haqqı olan torpaqlarını işğalçı düşməndən birdəfəlik təmizləmək, respublikamızın ərazi bütövlüyünü bərpa etmək üçün geriyə dönüşü olmayan şanlı  və o cümlədən, haqlı zəfər yürüşünə başladı. Azərbaycan Respublikasının Prezidenti, Şanlı  Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Dəmir yumruq”  adlandırılan bu hərəkat,

sözün həqiqi mənasında, düşmənin başını əzməyə müvəffəq oldu.

Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərinə dəqiqliklə əməl edərək, işğalçılar tərəfindən ələ keçirilən torpaqlarımızı bir-bir qaytarır, cəbhə bölgəsindən gələn fərəhverici xəbərlər xalqın da “dəmir yumruq” kimi birləşməsinə vəsilə olurdu. 10  noyabr 2020-ci ildə  rəsmi  İrəvanın hərbi kapitulyasiyaya razılıq verməsi ilə savaş Azərbaycanın möhtəşəm zəfəri ilə yekunlaşdı.  Qalan torpaqlar da həqiqi sahibinə qaytarıldı. Qazanılan tarixi zəfər Xocalıda baş verənləri Azərbaycan xalqına unutdurmasa da, yaramıza məlhəm oldu. 2021-ci ildə ilk dəfə Xocalı soyqırımının anım günü matəmlə qarışıq fərəh, qürur göz yaşları ilə yad edildi.

Müstəqillik tariximizin ən qürurlu günlərini yaşayırıq. Qarabağ işğaldan azad edilib, bərpa və quruculuq işləri tam sürətlə həyata keçirilir, öz torpaqlarında məcburi köçkün həyatı yaşamağa məcbur olan  insanlarımız artıq geri qayıdır. Uzun illər boyu düşmən işğalı altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənmə dövrünü yaşayır.

Azərbaycan üçün çox əlamətdar sayılan 28 may tarixi xocalıların yaddaşından heç vaxt silinməyəcək. Çünki 32 illik ayrılıqdan sonra ilk dəfə öz doğma ocaqlarına geri dönən Xocalı sakinləri cənab Prezident İlham Əliyev və onun ailə üzvlərinin 28 May – Müstəqillik  günündə Xocalı şəhərinə səfəri yerli sakinlər tərəfindən mühüm addım kimi qəbul edilmiş, ölkə başçısının xeyir-duası ilə öz evlərinə qayıtmışlar.

Damarlarında Azərbaycan, türk qanı daşıyan, illərlə Xocalını xatırlayarkən gizlində və aşkarda göz yaşı axıdan hər kəs, bu gün Xocalıda və başqa rayonlarda şəhid olmuş qardaş və  bacılarını yad edərkən iftixarla bu  müjdəni verə bilir: Qisasınızı aldıq, Xocalı  şəhidləri!

Samir Zülfiyev,

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası  üzrə Dövlət Xidmətinin Qəbələ  Regional İdarəsinin əməkdaşı

 

Şərh Yaz