Partiyanın cəmiyyətdəki mövqeyi daha da möhkəmlənir
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı üzrə İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ ərazi partiya təşkilatında yeni sədrin seçilməsi olub.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bildirib ki, Yeni Azərbaycan Partiyasının təsisçisi ulu öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün Ulu öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub.
İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Anar Alızadə çıxış edərək ərazi partiya təşkilatının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə və uşaqlara böyük diqqət və qayğısından danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.
İclasda təşkilati məsələyə baxılıb, Anar Alızadə ərazi partiya təşkilatının sədri, Telman Gərayev isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində yeni heyətə müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda tədbir iştirakçıları yeni seçilən sədr və sədr müavinini təbrik edib, işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıblar.
İlqar Əhmədli