Tibb müəssisələri, məktəblər və ictimaiyyət üzərinə düşən məsuliyyət 

 

14 yanvar 2025-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun bir sıra idarə və müəssisə məsulları, eləcə də RİH-nin inzibati ərazi dairələri nümayəndələrinin iştirakı ilə Rayon İcra Hakimiyyətində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun iclası keçirilib.

İclasda “Erkən nikaha yox deyək”, “Qohum evliliyinin fəsadları”, “Zərərli vərdişlərdən uzaq durmağın yolları”, “İnternet resurslarından düzgün istifadə qaydaları” və “İntihar hallarının qarşısının alınması yolları”  müzakirə edilib.

Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. O, günün aktual məsələləri barədə statistik məlumatları diqqətə çatdırmaqla bu sahələrdə olan neqativ hallarla ciddi mübarizə aparmağın zəruriliyini bildirib.

Müzakirəyə çıxarılmış məsələlərlə bağlı son ildə görülmüş işlər barədə geniş məlumat RİH-nin əməkdaşı Bəhruz Xələfovdan gəlib. Tədbir iştirakçılarına yerlərdə sözügedən məsələlərlə bağlı maarifləndirmə işi aparılması tövsiyə olunub.  Maarifləndirmə işinin aparılmasında tibb müəssisələri və məktəblər üzərinə düşən məsuliyyətə xüsusi önəm verilib.

Narahatlıq doğuran bu məsələlərin köklü həlli üçün ictimaiyyətin üzərinə düşən məsuliyyətin də böyük rol oynadığı qeyd olunub.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının pisixoloq həkimi Mahir Azayev baş verən bu və ya digər bəyənilməyən psixoloji halların başvermə səbəblərindən və  bu kimi halların qarşısının alınması yollarından danışıb.

Dağlıq Şirvan Regional Təhsil idarəsinin İsmayıllı Təhsil Sektorunun müdiri Rəşid Məmmədli məktəb psixoloqlarının məsələ ilə bağlı gördüyü işləri diqqətə çatdırıb.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin  rəisi Taleh Salehov iclasın gündəliyində duran  məsələlər ətrafında çıxışlara qoşularaq, yeniyetmələr və gənclər arasında aparılan çoxsaylı tədbirlərdən, bu tədbirlər vasitəsi ilə yetişən nəslin tərbiyələndirilməsindən söz açıb.

Digər çıxış edənlər də insanların, xüsusilə də  gənc nəslin həyatına təhlükə törədə biləcək xoşagəlməzliklərin aradan qaldırılmasında onların asudə vaxtlarının düzgün təşkil olunması məsələsi yollarının vaxtında tapılmasının vacibliyini vurğulayıblar. Müzakirəyə çıxarılan və diqqətə çatdırılan məsələlərdən daha geniş müzakirə olunanı gənclərin sosial şəbəkələrdən arzuolunmaz şəkildə istifadəyə daha çox vaxt ayırmaları olub.

Ş.Soltanov

Şərh Yaz