İnam və etimadı layiqincə doğrultmağa söz veriblər 

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İsmayıllı rayonu, Qalınçaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov xalqın etimadını layiqincə doğruldan partiyanın növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda qatıldığını bildirib. Qeyd edib ki, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə xidmət edən məqsədyönlü və uzaqgörən siyasətinin təməlində çoxşaxəli islahatların həyata keçirilməsi dayanır. Yeni Azərbaycan Partiyasının bundan sonra da öz imkanlarını və demokratik mühitin üstünlüklərindən istifadə edərək məqsədyönlü fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən namizədlər yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən danışmaqla yanaşı, partiyanın seçki platformasından da ətraflı söz açıblar. Seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb, bələdiyyə üzvləri seçiləcəkləri təqdirdə onlara göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacaqlarına söz veriblər.

Çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini bildirərək yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bəyan ediblər.

 

Şərh Yaz