Qızıl nişanlı məzunlarımızı başçı qəbul edib
2023-2024-cü tədris ili üzrə İsmayıllı rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilini xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 5 nəfəri qızıl nişanla təltif olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov qızıl nişan qazanmış məzunları qəbul edib. İsmayıllı təhsilinin ulduzları ilə söhbətdən tərəflər məmnun qalıb. Başçı yüksək uğur əldə etmiş gənclərimizin gələcək arzuları ilə maraqlanıb, onları, valideynləri və müəllimlərini təbrik edib. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Vətənə, xalqa xidmətdə yüksək savadın mühüm əhəmiyyət kəsb etməsini xatırladıb.
Qızıl nişanlı məzunlarımızın qəbulu tədbirində Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon sektorunun müdiri Rəşid Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov da iştirak edib. Qeyd olunan təşkilat rəsmiləri də İsmayıllı təhsilinə ucalıq gətirənlərə xoş arzularını çatdırıblar.
“İsmayıllı xəbərləri”