Heydər Əliyev irsinin öyrənilməsi vətəndaşlıq borcumuzdur             

Düşünürəm ki, yolçusuna, eləcə də onun təmsilçisi olduğu xalqa, ümumilikdə bəşəriyyətə xeyir gətirən bir yolu keçmək olduqca arzuolunan və  qürurvericidir. Belə bir yol ümummilli liderimiz Heydər Əliyevin ömür yoludur. Bu yolun yolçusu olmaq, bu yolda uğurlu gələcəyə atılan addımlar üzvü olduğun cəmiyyətə verə biləcəyin vətəndaşlıq borcunun ödənilməsidir.

Ulu öndər müstəqil, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili bu il tamam olur. Bu əlamətdar tarixlə əlaqədar, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmışdır. Buna görə də təkcə bu ili deyil, bütün gələcəyimizi onun ideyalarına, bizlərə miras qoyduğu irsə həsr etməli və birmənalı şəkildə dərk etməliyik ki, güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.

Əbədiyaşar liderin ölçüyəgəlməz vətən, xalq sevgisi, müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan ötən əsrin 90-cı illərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Vətəninə və xalqına, milli-mənəvi dəyərlərə, cilalanmış ənənələrə qəlbən bağlı olan dahi şəxsiyyət dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşmış və milli mənafeləri, azərbaycançılıq məfkurəsini hər şeydən üstün tutmuşdur. Üzləşdiyi ciddi həyati təhlükələrə və təhdidlərə baxmayaraq, Ulu öndər ən ağır və çətin günlərdə daim xalqın yanında olmuş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda böyük cəsarət və fədakarlıq nümayiş etdirmişdir.

Təkcə ölkəmizdə deyil, dünyanın hər yerində müstəqil, qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğu öz təsdiqini tapıb. Bu, bir həyat həqiqətidir. Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq güclənmişdir. Hazırda əldə edilən uğur və nailiyyətlər də Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının nəticələridir. Dövlətçiliyimizi sarsılmaz təməllər üzərində quran, ictimai həyatın bütün sahələrinin, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən ulu öndər Azərbaycanın quruculuq tarixində silinməz izlər qoymuşdur.

Hazırda qoyulan bünövrənin parlaq izlərini Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə aydın görür, bununla fəxr edirik. Eyni zamanda, bu nailiyyətlər dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yeni geosiyasi reallıqlar yaradan Azərbaycanın yazmaqda davam etdiyi şanlı tarixinin yeni səhifələrində də öz təsdiqini tapır. Azərbaycan xalqı əmindir ki, Heydər Əliyevin ideyaları və çoxşaxəli irsi bundan sonra da yeni zirvələr fəth etməsi və əzəmətli qələbələr qazanması yoluna gur işıq saçacaq və bu yolu getmək hər bir vətəndaşı qürurlandıracaqdır. Həm də bu müqəddəs irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının şərəfli vəzifəsi olacaqdır.

Ulu öndərin zəngin və çoxşaxəli irsi xalqımızın tükənməz milli sərvətidir. Bu zəngin xəzinənin qorunması, öyrənilməsi və gənc nəsil arasında təbliği əsas missiyalarından biridir və bu istiqamətdə görüləcək işlər böyük ustalıqla aparılmalı, xüsusilə təhsil müəssisələrinin gündəlik işini təşkil etməlidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mövzular əsasında keçirilən elmi-nəzəri konfranslar, inşa-yazı, rəsm müsabiqələri, idman yarışları  bu sahələr üzrə istedadlıları araşdırmaqla yanaşı, dahi şəxsiyyətə olan sevgi və ehtiramı da gücləndirir.

Keçirilən hər bir tədbirdən öncə Ulu öndərin abidəsinin ziyarət olunması, ruhunun bir dəqiqəlik sükutla, ehtiramla yad edilməsi yaddaşlarda əbədi kök salır və vətəndaşlıq hissimizi oyaq saxlayır.

Keçirilən bütün tədbirlərdə iştirakçıların öncə ulu öndər Heydər Əliyevin parlaq ömür yolu ilə tanış edilməsinin ənənə halının alması onu göstərir ki, zaman dəyişsə də, Heydər Əliyev irsinə sədaqət zəifləmədən nəsildən-nəsilə ötürüləcəkdir.

Heydər Əliyev ömrü boyu əməli işi, Vətən sevgisi ilə azərbaycançılıq məfkurəsinə, vətəndaşlıq nümunəsinə görə öndə, örnək olan bir şəxsiyyət olub. Bu böyük tarixi şəxsiyyət sovet dönəmində də, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra da azərbaycançılıq ideologiyasının cəfakeşi kimi tanınıb.
Xüsusi xidmət orqanlarında çalışan əməkdaşın geniş dünyagörüşünə, kifayət qədər yüksək təfəkkürə, analitik təhlil qabiliyyətinə, möhkəm iradəyə, qətiyyətə, digər üstün fərdi bacarıq və xüsusiyyətlərə malik olması ilkin şərtlərdən olub. Heydər Əliyev 1941-ci ildə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində işləyib, 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına göndərilib. 1969-cu ilə kimi Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində işləyib, həmçinin Komitənin sədri olub. 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyət göstərib.
Dahi şəxsiyyətin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını “Mən azərbaycanlıyam” deyənlərin hamısı yaşam fəlsəfəsinin mahiyyəti kimi yaşadıb, yaşadır və yaşadacaq.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrü azərbaycançılıq ideologiyasının yaşadılmasında mühüm bir mərhələ adlandırmaq olar: azərbaycanlı gənclərin İttifaqın nüfuzlu universitetlərində təhsil alması təmin olundu. Bu, Azərbaycan üçün yüksək elmi qabiliyyətə malik milli kadrların hazırlığına göstərilən yüksək qayğı kimi dəyərləndirilməlidir. O illərdə tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda ibtidai hərbi məktəbin yaradılmasına nail oldu. SSRİ hökuməti əyalətdə (müttəfiq respublikalar imperiya üçün əyalət idi) belə bir məktəbin yaradılmasının qarşısını ala bilmədi.

Bu məktəbin Azərbaycanın sonrakı taleyində – müstəqilliyi bərpa olunduqdan sonra istər hərbçi kadrların hazırlanması baxımından, istərsə də Qarabağda gedən döyüşlərdə nə kimi əhəmiyyətə malik olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bu məktəb həm də yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna əhəmiyyətə malik olub, indi də belədir. Təkcə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı Zəfər göstərir ki, Ulu öndər o gündən bugünümüzü görə bilmək qabiliyyətinə malik olub. Müzəffər Ali Baş Komandanımızın: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”, – deməsi bir daha sübut edir ki, hazırda həyata keçirilən ən mühüm işlər uzaqgörən siyasət sahibi Ümummilli liderin tövsiyyə və tapşırıqlarıdır.

Əvvəlki illəri nəzərdən keçirdikdə görürük ki, o illərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin istər ittifaq, istərsə də dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə inteqrasiyası yüksək səviyyədə təmin edilib. Böyük ədiblərin, mədəniyyət, incəsənət xadimlərinin adının əbədiləşdirilməsi də azərbaycançılıq ideologiyasının davamlılığının təntənəsi olub və bu təntənə azərbaycanlıların bəşəri xalq, Azərbaycan adlı bir məmləkətin bəşəri dövlət olduğunu təsdiqləyib. Bu təsdiq Heydər Əliyevin xalqın ciddi tələbiylə hakimiyyətə gəlişindən sonra daha şaxəli, daha miqyaslı xarakter alıb.

Elə o vaxtdan Azərbaycan dünya birliyinə daxil oldu, dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr saxlamağa başladı, neçə-neçə beynəlxalq müqavilə, o cümlədən “Əsrin müqaviləsi” imzalandı. Bunlar Məhəmməd Hadinin “Yox millətimin imzası imzalar içində…” təəssüfünə tarixi təsəlli, bəşəri inam oldu…
Müstəqil Azərbaycanda həmin illərdə hüquq-mühafizə, ədliyyə, ordu quruculuğu işləri dövrün tələbi, beynəlxalq nəzəriyyələr əsasında qurulmamışdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün istiqamətlər üzrə baxışlar, yeni baxışlar əsasında isə fəaliyyət tam müasir forma aldı. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Respublikamızın Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Bu uğurlu, qətiyyətli siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən nüfuzlu, inkişaf etməkdə olan dövlətləri sırasındadır.
Tarixə nəzər saldıqda 1993-cü ilin 15 iyun gününü xatırlamamaq olmur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu əlamətdar gün xalqımız üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan Xalq Qəhrəmanı isə Azərbaycanın inkişafında, müstəqilliyinin qazanılmasında, xoş, firavan gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan bir insan – ümummilli liderimiz Heydər Əliyevdir.

Ulu öndərin müstəqil, balanslı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının ümidlərini artırırdı. Dahi rəhbər  Heydər Əliyevin siyasi təcrübəsi, dövləti idarəetmə bacarığı, iradəsi ölkəni və xalqı xaosdan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edə bildi.

Ulu öndərin siyasi təcrübəsi suverenliyimizin qorunub saxlanılmasında, müstəqil dövlət təsisatlarının yaranmasında və dövlət quruculuğu prosesində böyük rol oynadı. Müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ilk Konstitusiyası referendum, yəni, ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bir sözlə, yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı  dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Müstəqil dövlətimizin qısa zaman kəsiyində keçdiyi inkişaf yolu göstərir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu əldə rəhbər tutaraq çalışmaq bu xalqa, bu ölkəyə daim uğurlar qazadıracaq. Odur ki, dərin iftixar hissi ilə dövlətçiliyimizi sevib qorumalı, ölməz ideyalarla ölkəni, xalqı işıqlı gələcəyə aparan Prezidentimizin ətrafında daha sıx birləşməyə çalışmalıyıq. Əlbəttə, Ulu öndərin siyasi kursuna, bəşəriyyəti heyrətə gətirən siyasi baxışlarına sədaqətli olmağımız sayəsində Azərbaycan xalqı gələcəkdə də yeni-yeni inkişaf mərhələlərinə yüksələcəkdir.

Ümummilli liderimiz öz dühası ilə dünyaya sübut etməyi bacardı ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi olub. Həmin ənənəni bu gün uğurla davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevdir. Aparılan siyasi kursun doğruluğunu sübut etmək üçün son vaxtlar görülən quruculuq işlərinə, əldə olunan nailiyyətlərə diqqət yetirsək, özülü Ümummilli  lider tərəfindən qoyulan inkişafın miqyasını daha aydın şəkildə təsəvvür edərik.
Bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası birmənalı şəkildə özünün parlaq bəhrəsini verməkdədir və bu irsin əbədiyaşar müəllifi ulu öndər Heydər Əliyevdir.
Sərdar Nəsibov,

İsmayıllı Rayon Dövlət Notariat Ofisinin notariusu

Şərh Yaz