Başçı qurulan ailəyə xoş arzularını çatdırıb                

 

Oğul, qız toyu görmək bütün valideynlərin ən başlıca arzusudur. Habil ata, Aygün ana da bu arzularla oğul böyütmüşdü… 44 günlük Vətən müharibəsində evin həmin oğulu – Cəmil Məmmədli torpaqlarımızın işğaldan edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və elin oğlu adını qazandı…

Şanlı Zəfərimizin 3-cü ilidir. Bu müddət ərzində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rəhbərliyi ilə rayondakı əksər idarələrin məsul şəxsləri, rayon ictimaiyyəti, hər an şəhid ailələrinin yanında oldular, onları diqqətdə saxladılar və hazırda da bu vacib hal davam etdirilir…

Həyat təzadlar toplusudur, ağın qarası, gecənin gündüzü, acının şirini, kədərin sevinci var…

Valideyn üçün övlad itkisi unudulmayacaq əzabdır. Amma övladının qəhrəmancasına şəhid olmasından aldığı fəxr hissi ata-ananı, əzizləri, bütöv bir xalqı ayaqda saxlayır, insana güc, qüvvə, dözüm verir…

Şəhid bacısının toy xəbəri ismayıllıları ev-ev sevindirdi. Toya getməyənlər də bəylə gəlinə xoşbəxtlik arzuladı.

Bakı şəhərində keçən toy şənliyinə İsmayıllıdan da xeyli üzü gülüşlü, ürəyi fərəhli Cəmilsevər təşrif buyurmuşdu. Şəhid analarının sarsılmaz birliyi burada da özünü göstərdi.

Toyda bəylə gəlinə, qurulan ailəyə xeyir-dua verənlərin sırasında sözsüz ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun da adı olub. O, çıxışında: – “Qəhrəman şəhid qardaşımız Cəmil Məmmədlinin bacısının toyunda şəhidimizin gözəl anası Aygün ananın və Habil atanın sevincini şəhid analarımız, çox sayda insanlarımızla birlikdə bölüşürük, Gənclərə xoşbəxtlik diləyirik. Allah bir ömür boyu onları xoşbəxt etsin.

Belə xoş günləri bütün şəhid ailələrinə, qazilərimizə arzu edirik. Bir daha uca Allahdan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləyirik! Yeni qurulan ailə möhkəm və xoşbəxt olsun! – deyib.

 “İsmayıllı xəbərləri”

Şərh Yaz