“Dağ çiçəkləri”                              

 

Yəqin

 

Gözəl, sənin gözəlliyin,

Gözlərimdən getməz, yəqin…

Sənin kimi gözəl çiçək

Hər çəməndə bitməz, yəqin…

 

Heyran oldum  göz-qaşına,

Ceyran kimi baxışına.

Sən saraysan, bir daşına

Əlim yetməz, yetməz, yəqin…

 

Yansın gündüz, gecə şair,

Ölsün, dözsün necə şair?

Mənim kimi qoca şair,

Ürəyinə yatmaz, yəqin…

 

O gur, qara, ipək tellər,

O mehriban, şirin dillər.

Ötüb keçər aylar, illər,

Mənə çatmaz, çatmaz, yəqin…

 

Təzə açılmış laləsən,

Ay dövrəsində haləsən.

Nə qədər tərif eləsəm,

Bu hekayə bitməz, yəqin…

Nazir Ziya Talıstanlı

Nə yaxşı ki, varmışam

 

Hansı dini öyrənim, hansı dildə söyləyim,

Bu dəli darıxmaqla bütün günü neyləyim?!

Hansı dənizi yarım, de hansı dağı əyim,

Harda çarə axtarım, neynim-necə eyləyim?-

Deyə-deyə qalmışam.

 

Nə getməyə bir yolum, nə də ki, sözüm qalıb,

Nə ölməyi bacardım, nə də ki, dözüm qalıb.

Neynim dünya malını, tək səndə gözüm qalıb,

Səni səndən qoparıb, səni hamıdan alıb

Ürəyimə salmışam.

 

Nə qəmə üsyan etdim, nə hicranı dərd bildim.

Ən kədərli hissləri ən gözələ çevirdim.

Vüsalına sarılıb həsrətini devirdim.

Mən dəli sənin üçün darxmağı sevirdim

Gör, nələr bacarmışam?!

 

Mahnılar pıçıldadım, şeir yazdım, olmadı,.

Sənli xəyallarımda hər gün azdım, olmadı.

Yerlə göy arasında məzar qazdım, olmadı.

Sən olsaydın yerimdə yaşamazdın, olmadın!

Nə yaxşı ki, varmışam!

Turac Hilal

Bilinmir

Sevincim üzümdən oxunmaqdadır,

Əfsus, kədərimin həddi bilinmir.

“Yox!” sözün xətrimə toxunmaqdadır,

Nazının sərhədi, səddi bilinmir.

 

Ayrılıq məngənə deyildir, sıxır,

Qəzəb yıxmayanı təbəssüm yıxır.

Yananda köz olur, gözdən yaş çıxır,

Ürəyin inkarı, rəddi bilinmir.

 

“Dünyam!”- deyib sevər eldə yarı yar,

Diləklər qocalar, əhdlər qarıyar.

Baharda əlində güllər quruyar,

Əyilsə aşiqin qəddi, bilinmir.

 

Baxış var, can alır, qana qan deyir,

Ürək bağlanıbsa, “Döz, dayan!” – deyir.

Allahı sevənlər yara “Can!” – deyir,

Qəlbsizin imanı, cəddi bilinmir.

Şahməmməd Dağlaroğlu

 

Batabat ünvanlı, ulu Naxçıvan

 

Cahanın nəqşidir, ərzin cövhəri,

Torpağın zəridir, göyün gövhəri.

Gecənin ulduzu, ayı, ülkəri,

Gündüzün çiçəyi, gülü Naxçıvan!

 

Çəməni xalıdır, yamacı Naxış,

Hüsnündən doymayır hər odlu baxış.

Qayası mütəkkə, zirvəsi balış,

Qoynunda dirilir ölü, Naxçıvan!

 

Açır çiçəkləri, baharı, yazı,

Məlhəmdir kəkotu, nanə, yarpızı.

Bu gün bəxtiyardı oğulu, qızı,
Bəxtiyar yaşadır eli Naxçıvan.

 

Gül açır istəyi, arzu, muradı,

Əlincə, Möminə qolu, qanadı.

Əcəmi şöhrəti, Bəhruzdur adı,

Qoynunda saxlayır ləli Naxçıvan.

 

Göyündə parlayan bir ülkər doğdu,

Parlayıb yayılan zülməti boğdu.

Əyilməz qaladı, əyilməz dağdı,

Batabat ünvanlı, ulu Naxçıvan!

 

Dünyaya bəxş etdin bir oğul, bir ər,

O, bizə rəhbərdir, sən ona öndər.

Haqqın var, deyəsən, balamdı Heydər,

Qoymaz daşsın düşmən seli, Naxçıvan!

Mövlud Teymur

 

Olsun

 

Ailə qurmağımızın 50 illiyinə

 

Əlli ildir yol gedirik, qol-qola,

Tale yolu adın verdik bu yola.

Yolumuzu bir edən eşq var ola,

Günlərimiz xoş, uğurlu, ağ olsun!

 

Tanrımızdan umduq ancaq ucalıq,

Qismətimiz öyüd vermək, xocalıq.

Qızıl toydur, əl uzadır qocalıq,

Oğul-uşaq, gül balalar sağ olsun!

 

Dərib daddıq halallığın barını,

Cehiz bildik nənə-baba arını.

Halal insan əsirgəməz varını,

Süfrəmizin bəzəyi bal, yağ olsun!

 

Yar çətində buraxmasın yar əlin,

Ucaltsınlar məhəbbətin heykəlin.

Elə sevsin bir-birini bəy, gəlin,

Hər ailə yüz yaşlı bir bağ olsun!

Şərqiyyə Balacanlı

 

Elədi

 

Ağarmazdı hələ saçım,

Onu nadan söz elədi.

Qılınc kəsməz, güllə batmaz,

Ürəyimdə iz elədi.

 

Atam, anam vaxtsız getdi,

Neçə-neçə arzum itdi.

Yollarında ümid itdi,

Qəmlər mənə üz elədi.

 

Aqil oldum, bilən oldum,

İşdə kara gələn oldum.

Kasıb oldum, gülən oldum,

Gizli yaram köz elədi.

 

Ehtiyaclar oydu məni,

Soyun-soyun soydu məni.

“Düzlük düzdə qoydu” məni,

Nə elədi, düz elədi.

 

Vaqifoğlu bilməz işin,

Nə də kredit gəlişin.

Banksa faiz yüksəlişin

Mənlə üzbəüz elədi.

Vüqar Vaqifoğlu (Hüseynov)

 

Qızılgül

 

Qönçə idin, təkcə səni sevmişəm,

Nə ayrıldım, nə özgə gül iylədim.

Ləçəkləndin, öz dərdimi söylədim.

Artdı dərdim, tüğyan oldu, qızılgül.

 

Güllər içrə, təkcə səni sevmişəm,

Yarpağına bəxtim, arzum demişəm.

Bu gün yenə görüşünə gəlmişəm,

Görünmədin, qəmdən soldun, qızılgül.

 

Bahar oldu, düymələndi qönçələr,

Könüllərdə bayram etdi nəğmələr.

Yar telinə gül hörəndə sevənlər,

Gəzib səni hey aradım, qızılgül.

Sayad Abulova

 

Qoşma

 

Mənim bu ürəklə ixtilafım var

Üstümə qaş-qabaq tökür nə vaxtdan.

Ömrümdən, günümdən məna arayır,

Tapmasa, kədərə bükür nə vaxtdan.

 

Uyub öz eşqinə hər qədəmbaşı;

Bəxtimdən bixəbər, halımdan naşı.

Köhnə dəyirmandır, fırlanır daşı,

Üyüdür yüz xəyal, fikir nə vaxtdan.

 

Alırmı hesaba nəhs həyatımı,

Yolu daşlı oldu, yordu atımı.

Küləklər uçurtdu hesabatımı,

İndi vərəq-vərəq sökür nə vaxtdan.

 

Sevda dənizində üzəndən bəri,

Silməz hesabımdan batan günləri.

Çölümə qar yağıb, yoxdur xəbəri,

İçimdə gül-çiçək əkir nə vaxtdan.

 

Çəkilməz qınına, düşməz həvəsdən,

Yorulub – usanmaz heç bəhsəbəhsdən.

Qoca Şahları da bu son nəfəsdə,

Həyata, ümidə çəkir nə vaxtdan.

Şahlar Hacıyev

 

Türkiyə

 

Sən qəm-yaş tökəsən, sən ağlayasan,

Gəlməzdi ağıla, başa, Türkiyə.

Sözü eşidənə eşitdirirdin,

İşin düşməmişdi daşa, Türkiyə.

 

Şadlanar, sevinər Azərbaycan da,

Görsə ki, qış gedib, yoxdu boran da.

Gələr ki, elə cür taqətdə, canda,

Yaz deyər sözünü qışa, Türkiyə.

 

Olmadı arzu-kam dilədiyi gün,

Oldu başlara daş ələdiyi gün.

Dünyanın hərəkət elədiyi gün,

Olmaya bir daha, haşa, Türkiyə.

 

Qayıdar yuvaya yuvasız gəlib,

Doğman yad ellərdə sayılmaz qərib.

Səmanda dövr edər yenə əndəlib,

Olar kəbutərlə qoşa, Türkiyə.

 

Dəf edər bəlanı Kahramanmaraş,

Qoyar Hatay, Kiliç… daş üstünə daş.

Peşəndi, işindi ucaldasan baş,

İnam var o ağla, başa, Türkiyə.

Tamam Nur Tağlabiyanlı

 

Mollaisaqlım

 

Bir kənd qucağında şirin bir dünyam,

Ata məhəbbətim, analı laylam.

Qoynunda dil açıb, olan əlifbam,

Gözümün ilki sən, Mollaisaqlım…

 

Baharın çələngi bir su sonası,

Cana bir dərmandır onun havası.

Təbiət füsunkar, gözəl yaylası,

Gözümün ilki sən, Mollaisaqlım…

 

Həzin bir nəğmədir gecəsi onun,

Laylası çalınır, dincəlir ruhun..

Açılan səhəri, bir sevgi onun,

Gözümün ilki sən, Mollaisaqlım..

 

Safdır insanları qonaq-qaralı,

Sarsılmaz, məğrurdur, dağ tək vüqarlı.

Zəhmətkeş bir əhli, halal o varlı,

Gözümün Ilki sən, Mollaisaqlım…

 

Şairlər yurdudu şöhrəti-şanı,

Baba Vəziroğlu sevgisi canı,

Lətifi, Dəbrişi dini ocağı,

Gözümün ilki sən, Mollaisaqlım…

 

Alimi, müəllimi o hikmət adlı,

Bəxş edib xalqına, fikri duhalı.

Ayrılmaz bu eşqi, ondan aralı,

Gözümün ilki sən, Mollaisaqlım…

 

Bir gəlin, a dostlar, mənim kəndimə,

İçin o suyundan, nə xoş kəndimə.

Qaymağı düşübdü yaman könlümə,

Gözümün ilki sən Mollaisaqlım…

 

Narlı dərə, Səsli qaya, Bədd dərə,

Qurd dərə, Şıx dərə, o Narlı dərə.

Keçmişdən bu izlər qalıb bizlərə,

Gözümün ilki sən Mollaisaqlım…

 

Məskəni salanı Molla İsası,

Qafqazın o kökü haput balası.

Qonşusu Hətəmdir bir dil parası,

Gözümün ilki sən Mollaisaqlım…

 

Sən İsmayıllının gözəl bir kəndi,

Yaraşır hüsnünə Qız bulaq bəndi.

Manafday körpüsü bir kişi səddi,

Gözümün ilki sən Mollaisaqlım…

 

Kükürdlü su, buz bulağı insana məlhəm,

Yayılar sinənə, olarsan xürrəm.

Yox olur üstündən sanki dərd, ələm,

Gözümün ilki sən Mollaisaqlım…

Xəzər Miraj Məsimov

 

Gəl, baharım

 

Geyin yaşıl donunu,

Qonaq gəl, bahar, bizə,

Səp ətirli gülləri,

Yamyaşıl çəmən, düzə.

 

Qoy gülsün ürəyimiz,

Qəlbimiz açsın çiçək,

Toy libası geyinsin

Bəy-gəlin, qoşa mələk.

 

Yaşamaq eşqi artsın,

Qəlbində hər insanın,

Kaş kədəri azalsın,

Bu qəm çəkən dünyanın.

 

Gözəllik üzə gülür,

Ey bahar, sən gələndə.

Mənim də qəlbim gülür,

Bütün dünya güləndə.

 

Sən gələndə bülbülün,

Gəlir şirin, xoş səsi,

Dodaqlarda oxunur,

Gözəl sevgi nəğməsi.

 

Sən gələndə açılır,

Çəməndə gözəl çiçək,

Boyanır nura hər yan,

Hər tərəf olur göyçək.

 

Üzlərdə gülüş artır,

Hərarət gəlir cana.

Dörd fəslin gözü bahar,

Gəl nur çilə cahana.

 

Yuxusundan oyansın,

Ətirli qara torpaq,

Gəl, şadlanıb sevinsin,

Qoca, cavan, həm uşaq.

 

Sən gələndə çoxalır,

Ürəkdə arzu, istək,

Gözəl bayramlarında,

Açılıb gülür ürək.

 

Nişan taxan qızlara,

Xonçalarda pay gedir,

Bu gözəllik hər kəsi,

Sevindirib şad edir.

 

Gəl baharım, gəl elə,

Qəlbimizi şad elə,

Qəmlər qalsın geridə,

Yaşayaq gülə-gülə.

Xuraman Baxış

 

 

 

 

 

Şərh Yaz