Zorakılıq xoşbəxt həyat, gözəl gələcək vəd etmir

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığına, erkən nikaha və qan qohumluğuna yox deyək” və “Savadlı qız – bilikli ana” adlı tədbir keçirilib.

28 noyabr 2022-ci il tarixdə baş tutan bu tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Öncə “Qadınlara qarşı zorakılıq – Beynəlxalq mübarizə günü” barədə ətraflı məlumat verilib, zorakılıq qurbanlarının – ən böyük zorakılıq olan müharibə qurbanları da daxil olmaqla xatirələri bir dəqiqəlik sükutla yad edilib, zorakılıq qurbanlarına ehtiram əlaməti olaraq, iştirakçılar yaxalarına zorakılıq əleyhinə mübarizənin rəmzi olan ağ lent taxıblar.

Tədbirin aparıcı mövzusu olan məişət zorakılığı və erkən evliliyin insan həyatı üçün yaratdığı psixoloji və fiziki fəsadları, uşaq hüquqlarının pozulması, insan həyatının və sağlamlığının təhlükəyə atılması, təhsildən yayınması, gələcəkdə iş imkanlarından məhrum edilməsi, ailədaxili zorakılığa zəmin yaratması, xoşbəxt həyat və gözəl gələcək vəd etməməsi, habelə qızlar üçün təhsilin önəmli olması barədə geniş məlumat verilib.

Erkən nikahla bağlı Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi və Cinayət Məcəlləsində əks olunan maddələr tədbir iştirakçılarına izah olunub.

Tədbirdə “Qadınlara qarşı zorakılığa yox deyək”, “Erkən nikah”, “Gender əsaslı cins seçiminə yox deyək”, “Məişət zorakılığının qarşısını alaq” adlı bukletlər paylanılıb.

Tədbir “Erkən nikah – uşaqlığımızı əlimizdən almayın” adlı videoçarxın nümayişindən sonra xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.

Şərh Yaz