Zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunub

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etdilər.

Sağlam həyat tərzi, sağlam vətəndaş, sağlam dövlət”, “Narkomaniya və siqaret sağlamlığa düşməndir, yoxsa dost”, “İdman sağlamlıqdır”, “Erkən nikah və qan qohumluğu” mövzuları ətrafında diskussiya aparılıb.

Şagirdlərə zərərli vərdişlərin sağlam həyat tərzinə vurduğu ziyanlardan, siqaretin insanlara və dünyaya zərərlərindən geniş söz açılıb. Şagirdlərə idmanın faydalarından danışılıb, asudə vaxtlarında idmanla məşğul olmaq tövsiyyə olunub.

Zərərli vərdişlərin, erkən evliliyin uşaq hüquqlarını pozmasından, həyat və sağlamlığını təhlükəyə atmasından, təhsildən yayınmasına şərait yaratmasından, gələcəkdə təhsil, iş imkanlarından məhrum etməsindən, ailədaxili zorakılığa zəmin yaratmasından, xoşbəxt həyat, gözəl gələcək vəd etməməsindən real nümunələr əsasında geniş danışılıb.

Məktəbin kitabxanasına və şagirdlərə mövzu ilə əlaqədar “Qan qohumları arasında nikah və onun fəsadları”, ”Narkotiklər, yoxsa həyat?” adlı bukletlər paylanılıb.

Şərh Yaz