“Dağ çiçəkləri”

Bitirdim bu savaşı, zəfəri yaz adına.

Qələbəni elan et sənə təslim qadına.

Bax udduğum dərdlərin göz yaşardan dadına,

Boğazından bir tikə keçsə, bağışlayardım.

Bir ordu xəyal qırdın, hamısı bakirəydi.

Dönüb sənə gəlməyə düz nə varsa kürəydi.

İçimdə hər gün qırğın, hər gecə aşurəydi.

Bütün olub-bitənlər heçsə, bağışlayardım.

Mən yeri alt-üst edib, göy üzünü fəth etdim.

Sənə gəlib çatınca kainatı qət etdim.

Neçə günah işlədim, neçə cür qələt edim.

Səni sevmək ən böyük suçsa, bağışlayardım.

Otur gözlə özünü, gör itirmək nətərmiş?!

Yerlə göy arasında nəfəs almaq hədərmiş.

Könlümün qırğınlığı bir toxunuş qədərmiş,

Dara çəkib çarmıxı qucsa, bağışlayardım.

TuracHiall

Düşdün

Bizi ayrı saldı yollar,

Mən dağa, sən düzə düşdün.

Ötüşdükcə aylar, illər,

Mən qışa, sən yaza düşdün.

Mən bölündüm hecalara,

Sən hey qalxdın ucalara.

Mən qaranlıq gecələrə,

Sən günə, gündüzə düşdün.

Mən əridim dərd, sitəmlə,

Sən xoşbəxt oldun həmdəmlə.

Mən nisgillə, dərdlə, qəmlə,

Sən dəmlə üz-üzə düşdün.

Ömrüm boyu mən qəm yedim,

Qədərimə: “Şükür”, – dedim.

Dəyişmədim, köhnəlmədim,

Könlümə tər, təzə düşdün.

İndi tənha sonasan sən,

Bədbəxt, “xoşbəxt” anasan sən…

Aman, niyə yanasan sən?

Nədən oda, közə düşdün?

Nazir Ziya Talıstanlı

Ayaqdadır Azərbaycan

Salam, cənnət mələkləri,

Sayənizdə məğrur, varıq.

Yurdun şəhid çiçəkləri,

Ruhunuza minnətdarıq.

Bu torpağın hər qarışı,

Vətən olub qanınızla.

Yaz etmisiz qarlı qışı,

Qurban gedən canınızla.

Azad Şuşa, Qarabağdır,

Bizim şanlı Zəfərimiz.

Varlı, nurlu, üzüağdır,

Hər açılan səhərimiz.

Yurd vermərik can var ikən,

Şüarımız budur daha!

Adınızla gedir Vətən,

Yüksəlişə, intibaha!

Dəmir yumruq” gücə malik,

Ayaqdadır Azərbaycan!

Yanındayıq, Səninləyik,

Cənab, Ali Baş Komandan!!!

Şahməmməd Dağlaroğlu

Bu millət necə millətdir?

Baxırsan insan cildində,

Küfr, şərdir, xəyanətdir.

Allahı yox, tanrısı yox,

Bu millət necə millətdir?

Əqidəsi, məsləki qan,

Məxluq deyil, deyil insan,

Qəlbində gəzdirir şeytan,

Düşüncəsi cəhalətdir.

Gözü özgə torpağında,

Yatıb şeytan qucağında,

İşığı yox çırağında,

Zülmət gecə, zəlalətdir.

Bu “hay”ların, bu “yan”ların,

Uydurduğu yalanların,

Nifaq, qırğın salanların,

Məqsədi kin-küdurətdir,

Cismi xəstə, ruhu xəstə,

Qan axıdır, qanlar üstə,

Türkə nifrət var hər kəsdə,

Qonşu deyil, fəlakətdir.

Nə yurdu, nə vətəni var,

Qıfılına düşməz açar,

Dara düşsə qoyub qaçar,

Məsləksizdə bu adətdir.

Daşnaklardan alıb dərsi,

Sülək itdir, doymaz nəfsi,

Dəmir ymruq”da kəlləsi,

Əməlləri cinayətdir.

Fikri, sözü deyil rəvan,

Gözündən gəlsin İrəvan,

Qarabağdır Azərbaycan!”

Bu, danılmaz həqiqətdir.

Murad Məhərrəmov

Avtoportret

Çoxdan bələd olmuşam,

Yolların yoxuşuna.

Göylərin buluduna,

Qarına, yağışına.

Hara ki, tərim axıb,

Çörəyim ordan çıxıb.

Araz da, Kür də sığıb,

Alnımın qırışına.

Bu torpaq, varım, yoxum,

Bəsimdir, azım-çoxum,

Vurğunam toxum-toxum,

Günəşin doğuşuna.

Haram su da içmərəm,

Rahat mənəm, dinc mənəm,

Bilirəm ki, keçmərəm,

Bir kəsin qarğışına.

Dünya tutub əldə cam,

Kim mey içib aldı kam?

Nə meyinə qalmışam,

Nə qəpik-quruşuna.

Bir oğulam, bir ərəm,

Bir igidəm, bir nərəm,

Şəhidliyə gedərəm,

Vətənin çağrışına.

Mən kiməmsə, o varam,

Zülmətdə də bir nuram,

Ölsəm də qoşulmaram,

Yaltaqlıq yarışına!..

Yaltaqlıq yarışına!..

Cəbrayıl Hüseyn

Get, ayrı yaşa

Getmək istəyirsən, get, ayrı yaşa,

Arzumdur ümidin dəyməsin daşa.

Mən də taleyimlə qalıb baş-başa,

Səni gözləyəcəm, bir gün dönərsən.

Təki, ayağına bir daş dəyməsin,

Həyat sındırmasın, səni əyməsin.

Kimsə bu dünyada özün öyməsin,

Bir gün həsrətini gəlib bölərsən.

Sən xoşbəxt yaşasan, mənim bəsimdir,

Taleyin gərdişi mənim nəsimdir.

Ürəyim səninçün əsim-əsimdir,

Mənsiz necə keçir, halın, görərsən.

Sevmək bu qədər də sanma asanmış,

Sevənlər atəşə, oda qalanmış.

Ürəyim köz oldu, qayıt, a “yanmış”,

Bir özündən, beş də, məndən deyərsən.

Sən sevə bilmədin, mən sevim, barı,

Qoruyum səninlə olan bağları,

Açım sən dönəcək bəndi, yolları,

Özündən çox məni, gəlib, sevərsən!!!

Rüstəm Məbudoğlu

Düşüncələr

Gəldi-gedər imiş insan taleyi,

Yaşayıb, şam kimi yanasan gərək.

Zamanın əlində dövran ələyi,

Ələyir dünyanı, yüklənir ürək.

Kəpənək uçuşu deyil ki, zaman,

Tutasan ovcunda əzib, sıxasan.

Min yerə yozular fikirdə güman,

Hansında dayanıb, yola çıxasan?

Böyükdü dərdlərin qaynar çeşməsi,

Ürəyin içində qaynayıb, daşar.

İlhamla yaşayıb, ruhdan düşənin,

Sağında, solunda mələklər çaşar.

Gözləmə zamanı, gözləmə vaxtı,

Ey insan, ömrünü insan tək yaşa.

Axtarma dünyada əbədi taxtı,

Qoyma fikirlərin yolunu çaşa.

Mehriban İbrahimova

Hara gedirsən?

Atamın vəfatına

Ata deyib hey döyürəm dizimə,

Leysan kimi yaş süzülür üzümə.

Sən gedirsən, inanmıram gözümə,

Bizi qoyub, ata, hara gedirsən?

Kaş biləydin kədərim nə boydadı,

Yazıq canım dərdə düşüb, dardadı,

Gözüm gəzir, görüm atam hardadı,

Bizi qoyub, ata, hara gedirsən?

Sağalmazdı ürəyimin yarası,

Gözüm nuru, gözlərimin qarası,

Ümid yerim, dərdlərimin çarəsi,

Bizi qoyub, ata, hara gedirsən?

Nə qədər ki, sən sağ idin, ay ata,

Dirək idin, dayaq idin, ay ata,

Arxamızda bir dağ idin, ay ata,

Bizi qoyub, ata, hara gedirsən?

Əcəl gəlib səni bizdən alıbdı,

Ürəyimiz qəm-qüssəylə dolubdu,

Balaların gözü yolda qalıbdı,

Bizi qoyub, ata, hara gedirsən?

Üz tutmusan gedər-gəlməz qürbətə,

Bu xəbərdən hamı gəlib heyrətə.

Zülfüqarın dözə bilmir həsrətə

Bizi qoyub, ata, hara gedirsən?

Xuraman Baxış

Çatsa

Bişirəcəm bişməyəni,

Od bəs edib, kömür çatsa.

Umac ovdum, kəsəcəyəm,

Əriştəyə xəmir çatsa.

Adamına, insanına,

Düşə vaxta, zamanına.

Nolar axı ünvanına,

Gedib qiymət, qədir çatsa.

Hədər getdi günü-gündən,

Xoş keçmədi niyə, nədən?

Söz deyəcəm ömürdən mən.

Tükənməyib ömür çatsa.

Olub sözlə bir yerdə cəm,

Vuracağam şeirdən dəm.

Yazmaq üçün dəftər, qələm,

Mənə misra, sətir çatsa.

Dərdim sığmayan dünyanı,

Dağı, çıxdığım qayanı,

Ölçəcəyəm nərdivanı

Ölçüyə ip, kəndir çatsa.

Tamam Nur Tağlabiyanlı

Bayrağım

10 noyabr 2020-ci il erməni faşizmi üzərindəki möhtəşəm Qələbə münasibətilə

Təmizləndi yağılardan o müqəddəs torpağım!

Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!

Xarı-bülbül, qəribsəyib, bükmə daha boynunu,

Cıdır düzü, qayıtmışıq, bizlərə aç qoynunu.

Uca səslə şaqqıldayıb kükrə, Xaçın, qoy bunu

Yağı düşmən anlasın ki, tətikdədir barmağım!

Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!

Bahar çağı örüşlərdə qoyun-quzu otlayır,

Qız-gəlinlər ocaq üstə sacəppəyi qatlayır.

İgidlərin nərəsindən düşmən bağrı çatlayır

Kəklik uçan, maral qaçan dağlar olub oylağım.

Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!

Nəğmə deyir həzin-həzin sərin sulu bulaqlar,

Çəmənlikdə topaldıqaç oynayırlar uşaqlar,

Şər qarışır, axşam olur şölə saçır çıraqlar.

Çiçəklənir boz yamaclar, həm düzüm, həm yaylağım,

Zirvələrdə dalğalanır ay-ulduzlu bəyrağım!

Türklüyümü təsdiq edən mavi rəngin – asiman!

Qırmızı rəng – şəhidlərin damarından axan qan!

Yaşıl rəngin İslam rəngi – odur iman, din, Quran!

Qeyrətini tutdu uca həm aranım, həm dağım!

Zirvələrdə dalğalanır ay-ulduzlu bayrağım!

Roman Seferov

Bu payız bənzəmir başqa payıza

Bu payız bənzəmir başqa payıza,

Ömrümə, günümə qonur deyəsən.

Yazır hər yarpağa vida nəğməsi,

Bağımda gülümü yonur deyəsən.

Bu payız bənzəmir başqa payıza,

Qəlbimin başında qırov görünür.

Əsiri olmuşam deyəsən onun,

Ürəyim payıza girov görünür.

Bu payız bənzəmir başqa payıza.

Bir rüzgar küləyi əsir ömrümə.

Payıza bürünmək istəmirdim heç,

Təzə libas ölçüb, kəsir ömrümə.

Bu payız bənzəmir başqa payıza,

Ağlasam, sısqasam yaş gətirəcək.

Qırılır ümidim gündə yüz kərə,

Deyəsən ömrümə qış gətirəcək.

Nazilə Səfərova

Həqiqət

Bu dünyada çox hikmətlər duymuşam,

Məni məftun elədikcə həqiqət.

Varlığında min-bir məna saymışam,

Silahdaşım olub təkcə həqiqət.

Sevməz onu haqqa qənim olanlar.

Nakam gedir ona möhtac qalanlar.

Zirvələri qəsb eləyir yalanlar

Hüququnu diləndikcə həqiqət.

Üsyan edir, tez puçunu bururlar,

Şahə qalxır, minib, çapıb, yorurlar.

Məramından yüz haq-hesab sorurlar,

Məqamında dilləndikcə həqiqət.

Haqq aşiqi şax tutanda duruşun,

Boğazına töküblər tez qurğuşun.

Nəfsi, gözü sərvaxt olub qurd-quşun

Uyuq kimi yelləndikcə həqiqət.

Əydi onu din-imanı atanlar.

Oydü onu gündə feyzə çatanlar.

Girdabına çoxalıb tor atanlar,

Bulandıqca, lilləndikcə həqiqət.

Aşıqini yol-ərkanə gətirdi,

Ürəyində tər sevdalar bitirdi.

Çox Məcnunu səhralarda itirdi,

Toz dumanda küllənərkən həqiqət.

Zər qazandı, zor apardı hər şeyi,

Ağıl, hikmət dəyişdirdi bəs nəyi?

Girov qaldı milyonların taleyi,

Ayaqlanıb əlləndikcə həqiqət.

Ehkamlarda yazılanlar nə oldu,

Ümidlərdə yozulanlar nə oldu?

Kəsilənlər, asılanlar nə oldu,

Cəhalətə milləndikcə həqiqət?!

Soraq etdi bəşər onu min illər,

Var olmadı dəyişsə də nəsillər.

Ürəklərdə yeri qalıb təzə– tər,

Ümidlərə bələndikcə həqiqət.

Şahlar Hacıyev

Ölməzlər

Poemadan bir parça

…Payız küləkləri əsməkdə idi,

Yarpaqlar ağacdan düşürdü bir-bir.

Bu çaylar, bu dağlar tarix şahidi,

Onlar yaxşı bilir qada, qan nədir.

Çox olub bu yerdə ölüm-dirimlər,

Qana qan alınıb, çox canlar gedib.

Əzib, tapdaalayıb kimləri kimlər,

Zaman bizi məzlum, qəhrəman edib.

Yaşadıq şaxtalı, soyuq qışları,

Bahar ümidimiz heç qırılmadı.

Bitdi dilimizdə el alqışları,

Əldə bayraq oldu Vətənin adı.

İntiqam, Qəhrəman, Mübariz qoydu

Oğlunun adını valideynlər.

Vətən sevdasıyla böyüdü, doydu,

Ürəklər, könüllər ayıq beyinlər.

Bircə an, bircə an unudulmadı,

Nə Göyçə, nə Dərbənd, nə də ki, Təbriz.

Əsarətdə olan yurdların adı,

Son nəfəsə qədər müqəddəs, əziz.

Yurdumun sərvəti olundu qarət,

Qırıb kəsməliyik qara əlləri.

Qırılmaz Vətənə, elə məhəbbət,

Ümidlə yaşadıq ötən illəri.

Düşmənə nifrətlə sevdik torpağı,

Böyütdük qəhrəman, igid oğullar.

Öyrətdik, uca tut əldə bayrağı,

Yolundan etməsin səni nağıllar.

Qəhrəman böyütdü hər evdə ana,

Damarda qan etdi Vətən eşqini.

Sevməyi öyrətdi qıza, oğlana,

Dedi: Düşməninə azaltma kini.

Beləcə çox illər qaldı arxada,

Gəzdi torpağımda şəst ilə yağı.

Vətən güvənirdi, yetərik dada,

Kəsilər bu yerdən düşmən ayağı.

Silaha sarılıb girdik döyüşə,

Düşmən pərən-pərən, əyilib qaçır.

Azad olan torpaq bizim gəlişə,

Sevinir, anatək qolların açır…

Şərqiyyə Balacanlı

Şərh Yaz