İsmayıllıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib

Oktyabrın 17-də İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, İsmayıllı RİH başçısının birinci müavini Mahmud Süleymanov, DQİDK-nın Şamaxı və Şəki bölgələri üzrə şöbə müdirləri Elnur Mehdiyev, Taleh Abdullayev, RİH-in əməkdaşları, QMİ-nin Qəbələ və İsmayıllı rayonları üzrə səlahiyyətli nümayəndələri, həmçinin İsmayıllı və Qəbələ rayonlarında fəaliyyət göstərən rəsmi din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH başçısının birinci müavini Mahmud Süleymanov rayondakı dini durum barədə məlumat verərək burada mövcud olan tolerant və multikultural mühitdən danışıb.

Çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə mənfi təsirlərindən bəhs edib. O, din sahəsində ölkəmizə olan təhdid cəhdlərinin qarşısının alınmasında vətənpərvər din xadimlərinin müstəsna rolu olduğunu vurğulayıb. Sədr müavini bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri sahəsində həyata keçirilən siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz dünyada tolerant və multikultural dəyərlərin mövcud olduğu məkan kimi tanınır. O, həmçinin milli-mənəvi dəyərlərin qorunması və düzgün təbliği istiqamətində birgə fəaliyyətin inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Səyavuş Heydərov qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərə uyğun olaraq, din xadimlərinin təyinatı məsələsinə də toxunub. O, dini kadrların yetirişdirilməsinin vacibliyindən danışaraq bildirib ki, radikal dini qruplarla mübarizə, xaricdən yönəlmiş təhdidlər, cəmiyyətin yad ideologiyaların təsirlərindən qorunması istiqamətində dini təhsilli və savadlı kadrlara ehtiyac duyulur.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Şərh Yaz