KRVİ – (kəskin respirator virus infeksiyaları) – Qrip

KRVİçox sürətlə və geniş yayılmasına, müxtəlif növ mikroorqanizmlər tərəfindən törədilməsinə, kliniki əlamətlərin aşkarlığına, spesifik diaqnoz və müalicə vasitələrinin məhdudluğuna görə fərqlənirlər. Kəskin respirator virus infeksiyaları-kəskin yolxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir, infeksion toksikozun ümumi əlamətləri və əsasən tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur.

KRVİ-yer kürəsində ən çox yayılmış xəstəlikdir. Dünyada hər il 1 milyarddan çox xəstə qeydə alınır. Kütləvi xəstələnmə əmək qabiliyyətli əhalinin və məktəblilərin sağlamlığını müvəqqəti də olsa geniş şəkildə pozaraq istehsalat və təhsil proseslərinə ciddi təsir göstərir. Bu xəstəliyə bütün il boyu rast gəlinsə də, əsasən mövsümi dəyişikliklər dövrü, yəni payız-qış ayları və yazın əvvəlində xeyli çoxalır. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2022-2023-cü ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” 10 oktyabr 2022-ci il tarixli 368 saylı əmr imzalamışdır. Əmrə əsasən qrip və KRVİ– xəstəliklərinin əhali arasında yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülməyə başlanmışdır.

Qrip-qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Qrip haqqında ilk yazılı məlumatlar təxminən 2400-il əvvəl Qədim Yunan alimi Hipokratın yazılarında rast gəlinir. Hal-hazırda qrip virusunun 2000-dən artıq variantı elmə məlumdur. Təsnifatına görə qrip virusu 3 tipə ayrılır. Bunlardan 1-cisi 1933-cü ildən U.Smith tərəfindən kəşf edilmiş A virusudur. 1940-cı ilə B, 1947-ci ildə C virusu tapılmışdır. A tipli qrip virusları ən təhlükəli viruslar sayılır və böyük epidemiyalara səbəb olan əsas viruslardır. B tipli qrip virusuna isə yalnız insanlar yoluxur və A tipli virusa nisbətən daha az rast gəlinir. C tipli qrip virusu isə daha az yayılıb yalnız lokal səviyyədə epidemiyaya səbəb ola bilər.

Başqa viruslardan fərqli olaraq qripin törədiciləri öz antigen və bioloji xüsusiyyətlərini tez-tez dəyişir. Qrip virusları yuxarı tənəffüs yollarının selikli qişasının səthi epitel hüseyrələrində çoxalır. Nəticədə selikli qişanın səthi epiteli dağılır, selikli qat mühafizəsiz qalır. Tənəffüs yollarında toplanmış virus, toksin, başqa zəhərli maddələr, bakteriyalar asanlıqla qana keçir. Qripə məxsus əsas patoloji anatomik dəyişiklik ancaq burunun, udlağın, traxeya və bronxların selikli qişalarında tapılır.

Qrip virusları yüksək temperaturun, günəş şüasının və dezinfeksiyaedici maddələrin təsirinə davamsızdır. Əksinə olaraq mənfi temperatur nə qədər aşağı olarsa onlar daha çox inkişaf edirlər. Orqanizmdə virusların inkişafına 2 faktor mənfi təsir göstərir: – yüksək qızdırma və interferon .

Qrip tipik antroponoz xəstəlikdir. İnsanlar qripə hava-damcı yolu ilə yoluxur. Yuxarı tənəffüs yollarının seliyində olan çoxlu miqdarda virus asqırma, öskürmə və danışıq zamanı 1,5 – 2 metr məsafəyə yayılır. Bütün yaşlarda orqanizm qripə yüksək dərəcədə həssas olur. Qripin yolxuculuq dövrü 3-5 gündən çox çəkmir. İmmunitet güclü olanda az davam edir. Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilk simptomlar asqırma olur, lakin qızdırma da bura daxil edilir. Belə ki, yoluxmadan az sonra bədən temperaturu 38-39 C dərəcəyə kimi qalxır. Bəzi insanlar qripi çox ağır formada keçirir, günlərlə yataqda qalır, bütün bədəndə, xüsusilə ayaqlarda və beldə kəskin ağrılar keçirirlər. Qripin əsasən aşağıdakı simptomları olur:

-Qızdırma və titrətmə;

Öskürək;

-Bədəndə ağrılar (xüsusilə boğaz və baş ağrıları);

-Halsızlıq;

-Gözlərin yaşarması;

-Gözlərin, bazın, ağızın, sifət dərisinin, burunun qızarması.

Qripin təsiri zökəmə nisbətən daha ağır və daha uzun müddətli olur. İnsanların çoxusu qripə yoluxduqdan bir və ya iki həftə sonra sağalırlar. Lakin bəzilərində qrip həyat üçün təhlükəli olan başqa xəstəliklərə yol açır. (məs: sətəlcəm). Buna görə qrip azyaşlı, qoca, zəif və xroniki xəstəliklərə malik olan insanlar üçün ölümcül ola bilər. Siqaret çəkmə qripin ölüm riskini artıran amillərdən biridir.

Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il qış fəsilində dünyada on milyonlarla insan qripə yoluxur. Yoluxan insanların çoxu 1 həftə ərzində iş və təhsildən kənarda qalırlar, lakin yuxarı yaş qrupuna aid insanlar xəstəlik nəticəsindən ölüm riski altında qala bilirlər. Məlumdur ki, hər il dünyada yüz minlərlə insan bu xəstəlik nəticəsində dünyasını dəyişir.

Xəstəliyin profilaktikasında orqanizmin müqavimətinin artırılması əsas şərtlərdən biridir. Bunun üçün səhərlər idman etmək, tez-tez təmiz havada olmaq, bədəni yaş dəsmalla silmək lazımdır. Eyni zamanda profilaktika məqsədilə fitonsidlərlə zəngin olan soğan və sarımsaqdan istifadə edilməlidir. Qripli xəstə tez-tez əllərini yumalı, su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir.

Bir daha əhalinin nəzərinə çatdırırıq ki, qrip xəstəliyinin ilk əlamətlərini hiss edən kimi mütləq həkimə müraciət edin.

X.Qəmbərov,

İsmayıllı rayon GEM-nin direktoru

Şərh Yaz