“Dağ çiçəkləri”

Qızlarım

11 Oktyabr – Beynəlxalq Qızlar Günü münasibəti ilə

Gözümün işığı, başımın tacı,

Çiçəkli bahardı, yazdı qızlarım.

Bir dünya sevincdir, bir dünya fərəh,

Köksümdə sədəfli sazdı qızlarım.

Gülümsər pöhrədir, yamyaşıl çəmən,

Bənövşə, qızılgül, lalə, yasəmən,

Günəşdən hərarət, aydan nur əmən,

Ömür bağçasında bardı qızlarım.

Ulduzlu səmadır, zərli çilçıraq,

Sulardan billurdur, günəşdən parlaq,

Evimdən yeni bir ev doğulacaq,

Qaranquş misallı yazdı qızlarım.

Yalınqat kəlmələr bəzən qəlb deşər,

Kimə oğul düşər, kimə qız düşər,

Anayla, qadınla varlıdır bəşər,

Ümmandır, dənizdir, çaydır qızlarım.

Xudaya, şükr olsun gözəl payın var,

Qəlblimdən boylanan nəğmədir onlar,

Mənim balalarım qız qardaşdılar,

Ata taleyimi yazdı qızlarım!

Murad Məhərrəmov

Biləsən

Mən heç dəyişmədim, mən heç dönmədim,

Varam olduğumtək, sənəm, biləsən.

Əvvəlki atəşlə döyünür qəlbim,

Od alır içimdən sinəm, biləsən.

Yazıram, gələndə ilhamım, nəşəm,

Sazdan, sözdən ayrı yox işim, peşəm.

Mən əbədi yanan odam, atəşəm,

Mümkün deyil yanıb-sönəm, biləsən.

Adi adam sayma sıradan məni,

Seç, ayır, bacarsan, aradan məni.

Dəyişməz yaradıb Yaradan məni.

Mən elə əvvəlki mənəm, biləsən.

Nazir Ziya Talıstanlı

Nə yaxşı ki…

Hansı dini öyrənim, hansı dildə söyləyim,

Bu dəli darıxmaqla bütün günü neyləyim?!

Hansı dənizi yarım, de hansı dağı əyim,

Harda çarə axtarım, neynim-necə eyləyim?-

Deyə-deyə qalmışam.

Nə getməyə bir yolum, nə də ki, sözüm qalıb,

Nə ölməyi bacardım, nə də ki, dözüm qalıb.

Neynim dünya malını, tək səndə gözüm qalıb,

Səni səndən qoparıb, səni hamıdan alıb

Ürəyimə salmışam.

Nə qəmə üsyan etdim, nə hicranı dərd bildim.

Ən kədərli hissləri ən gözələ çevirdim.

Vüsalına sarılıb həsrətini devirdim.

Mən dəli sənin üçün darxmağı sevirdim

Gör, nələr bacarmışam?!

Mahnılar pıçıldadım, şeir yazdım, olmadı.

Sənli xəyallarımda hər gün azdım, olmadı.

Yerlə göy arasında məzar qazdım, olmadı.

Sən olsaydın yerimdə yaşamazdın, olmadın!

Nə yaxşı ki, varmışam!

Turac Hilal

Gəzmərəm

Çox gəzdirdim həsrətini sinəmdə,

Sənin üçün kəsb etmədi önəm də,

Bir yaxşı bax, tanımadın? – Mənəm də!

Bir də getsən, ayrılığa dözmərəm.

Qal yanımda, ömrümdə son anadək,

Qurbanınam, son nəfəslik canadək.

Bu yoxuşu çıxmaq üçün sonadək,

Əllərimi əllərindən üzmərəm.

Yola saldım yaz ətirli illəri,

Kəsir məni soyuq payız yelləri,

Əllərimdə bu saralmış gülləri,

Daha ipək tellərinə düzmərəm.

Gözlərimdə ocaq da sən, pir də sən,

Özün boyda işıq da sən, nur da sən,

Səmalardan “mənə ulduz dər, desən”,

Bu işvəndən, bu nazından bezmərəm.

Bu dözümdən, bu səbirdən o yana,

Sona çatan bu ömürdən o yana,

Mən vücudda bu qəbirdən o yana,

Bax, itirsəm, bir də səni gəzmərəm!

Bax, itirsəm, bir də səni gəzmərəm!

Cəbrayıl Hüseyn

Sözünə

Can üzdü “can” deyənlərim

Nagümanam “can” sözünə.

Tay tutmadı əməlini,

Gör neçə nadan sözünə.

Bəxtinə tac edən nəfsi,

Yığıb getdi, oldu bəsi.

Haqqa aşiq olan kəsin,

Mən özüm qurban sözünə.

Saf ərkanə olan mail,

Sevdasını etdi kamil.

Kim əməli-saleh deyil,

Kəc baxdı vicdan sözünə.

Vurğunuyam ozanların,

Haqqı halal yozanların.

İlqarını pozanların,

Vermərəm imkan sözünə.

Yüz haram ilə gör-götür;

Tək halala etdim şükür.

Alim var, kəhkəşan sökür,

Möhtacdır çoban sözünə.

Şəhidlər haqqa çatdılar,

Qəflət əhlin oyatdılar.

Bir peydestal ucaltdılar

A- ZƏR- BAY- CAN sözünə!

Şahlar Hacıyev

Özündən soruş

Məni məndən soruşma,

Məni özündən soruş.

Bu bir tale yoludu,

Barış, bu yolla barış.

Bir ikən ayrı gəzdik,

Bircə görüşə həsrət.

Ömrə naxışlar düzdük,

Payız qapıda möhnət.

Ayaq sürüyüb keçdik,

Üz-üzə gələndə də.

Gizlədib həsrət biçdik,

Gözümüz güləndə də.

Söz ürəkdə dilləndi,

Dilimiz ayrı sözlü.

Yaş gözlərdə gölləndi,

Yandırdı acı, duzlu.

Çətin deyil yaşamaq,

Açılmasa, sirr qalsa.

Tək ürəkdə daşımaq,

Yaxşıdı məndən olsa.

Məni məndən soruşma,

Məni özündən soruş.

Bu bir tale yoludu,

Barış, bu yolla barış.

Mehriban İbrahimova

Salam ata

Bir şəhidin dilindən

Salam, ata, çıx qarşıla oğlunu,

Oğlun gəlir, gözlərinin işığı.

Sizin üçün bu gün yaman darıxdım,

Enib gəldim qayalardan aşağı.

Qəfil güllə səsi gəldi atacım,

Başım üstən ötüb keçdi elə bil.

Siz necəsiz, anam necə dolanır,

Məni yıxdı düşmən atan bu “zibil”.

Amma bu gün başım daha ağrımır,

Toy görmüşdüm evimizdə yuxuda.

Gördüm anam qol qaldırıb oynayır,

Qəlbin deşir intizarın oxu da.

İndi bildim, ata, yuxum çin oldu,

Namərd atan güllə deşdi sinəmi.

Dəlib keçdi ürəyimi dalbadal,

Qardaşlarım bağladılar çənəmi.

Ata, məni bağışlasın anam da,

Sizi lap çox, Vallah, lap çox sevirdim.

Axı torpaq, Vətən mənim and yerim,

Ona görə torpağıma çevrildim.

Xahişim var, ata, səndən – ağlama,

Anamın da yapış bərk-bərk əlindən.

Mən şəhidəm, heç bir zaman, heç bir an,

Düşməyəcəm öz xalqımın dilindən.

Hamı gəlib sənə salam verəcək,

Göynəyəcək, sızlayacaq ürəklər.

Tabutum da “bəzənəcək! xonça tək,

Başın üstə fırlanacaq Mələklər.

Xahişim var, bir də məni bağışla,

Söz ver mənə, haqqını da halal et.

Qəm eyləmə, gecələri rahat yat,

Hərdənbir də qəbrim üstə gəlib, get!

Rüstəm Məbudoğlu

Baxır

Alacaq canımı, Allah, bu nə gözlərdi baxır,

Yaxacaq, yandıracaq könlümü, közlərdi, baxır.

Görcək ol gözləri, bimar olur aləm, sanki

Sehirli ayinədən hər kəsə öz dərdi baxır.

Nə Züleyxadı, nə Leyladı, nə Əsli, nə Şirin,

Cəm olub üzdə gözəllər, mələküzlərdi, baxır.

Vücudu külçə qızıldan, qara gözlər – almaz,

Baxam ömrüm boyu, hər kəs deyə: – zərgərdi, baxır.

Heyran olsan da, Saleha, sənətin qüdrətinə,

Bu ülvi baxış yüz “Cokonda”dan betərdi, baxır.

Tərlan Saleh

Olsaydı

Zamanı saxlamaq olsaydı əgər,

Qoruyub saxlardım gözəl günləri.

Keçərdim dövlətdən, keçərdim vardan,

Silməzdim ömürdən ən şən illəri.

Zamanı saxlamaq olsaydı əgər,

Saxlardım ömürdə çiçəkli yazı.

Zamanı saxlamaq olsaydı əgər,

Olmazdım həyatdan heç vaxt narazı.

Sevdiyim hər kəsi saxlardım cavan,

Qoymazdım telinə düşə bəyaz dən.

Günəşli ən gözəl günü saxlardım,

Qoymazdım dağları tuta boran, çən.

Zamanı saxlamaq olsaydı əgər,

Yalnız gəncliyimi tutub saxlardım,

Qoymazdım yaş üstə bir yaş da gələ,

Əbədi gənc olub, gənc də qalardım.

Oxu ətrafında fırlanır zaman

Nəsillər gəldikcə nəsillər gedir,

Ömürdən yel kimi ötən saat, gün,

Getdikcə insanı pərişan edir.

Xuraman Baxış

Dağlar

Olmayır bu qədər üzə dərd çökə,

Gəldim güldürəsiz çöhrəmi, dağlar.

Gəzdirəsiz əli batan ayıma,

Nura qərq edəsiz zöhrəmi, dağlar.

Gövhəri, ona tay tutsunlar dürü,

Gəzsin üstə pəri, yerisin hürü.

Xalçadan, yaxşı bir xalıdan ötrü,

Yun yox, işə salam cəhrəmi, dağlar.

Salıb ucuz ada-sana həvəsi,

Güclü bilən olur zəif nəfəsi.

Belənin üstünə qaldırım səsi,

İzn verin, çəkim nərəmi, dağlar.

Taleyin dərd-qəmi yaşında olan,

Olur məhəbbət, eşq yaşında olan.

Görünməyir ağlı başında olan,

Qalmısan dəliyə, kürəmi, dağlar?

Qan ağlayır əldə gəlin hənası,

Sağalmayır, üstələnir yarası.

Sovuşmaq bilməyir bulud qarası,

Duman gəzir qaya, dərəmi, dağlar?

Duman gəzir qaya, dərəmi, dağlar?

18 sentyabr 2022-ci il

Tamam Nur Tağlabiyanlı

Mən səninəm

Gülüm, mən səninəm, səninəm, sənin,

Titrək əllərinin qisməti mənəm.

Gözündə-könlündə yuva qurmuşam,

Sənsən ürəyimin taqəti, sənəm.

Sev məni saf, ülvi məhəbbət ilə,

Eşqin bu sevdama bir cavab olsun.

Yetməmiş ömrümün payızı hələ,

Hər kəlməm sinəndə bir kitab olsun.

Elə sev, unudum dərdi-sərimi,

Olasan həyatım, ömrün mənası.

Sənə həsr eləyim şeirlərimi,

Hər yana nur saçsın könül aynası.

Gözəl, sən ol mənim yazım, baharım,

Duymayım öndəki xəzanı, qışı.

Elə sev, göylərdə çaxsın ildırım,

Ruhumu islatsın sevgi yağışı!

Mikayıl Rəşid

O kənd bizim kəndimizdir

Xəyalımda qəmə batmış dağların,

Önündə mən, o üzündə Göyçədi.

Əlçatmazdır, həsrət düşüb araya,

Uzaqlığı sanki yerlə göycədi.

***

Orada bir kənd var, qoyub gəlmişik,

Oğlu da, qızı da perik düşübdü.

Elə bilməyin ki, doyub gəlmişik,

Düşmən bu cənnətə şərik düşübdü,

Orada bir kənd var, o, bizim kənddi.

Orda başqa cürdür dağ, dərə, çöllər,

İndi düşmənlə bir, itlər ulaşır.

Orda göz yaşıdır bulaq və göllər,

Orda sədaqətli ruhlar dolaşır.

Orada bir kənd var, o, bizim kənddi.

Sevməkdəyik biz o yeri, ana yurd kimi,

Səsləməkdə, gözləməkdə Göyçəmiz bizi.

Sərvətini yeməkdədir yağı qurd kimi,

Birləşdirək, yumruq edək var-qüvvəmizi

Orada bir kənd var, o, bizim kənddi.

Kifayət İsmayıl qızı

Söz

Şölələnsin, işıqlansın,

Hər bir tərəf söz xətrinə.

Söz bürüsün çəməni də,

Yamacı da öz ətrinə

Uşaq ikən düşünərdim,

Yorğun düşər söz karvanı,

Hər insanın yer üzündə

Öz yükü var, öz karvanı.

Heç bilməzdim vaxt gələcək,

Tükənəcək sözüm mənim.

Bir yeni söz tapan anda

Güləcəkdir üzüm mənim.

Bilməz idim ildırımtək,

Çaxa bilər, od saçar söz.

Gah xəyaltək sürət alar,

Gah insantək yorular söz.

Söz var ki, dağa qaldırar,

Söz də var ki, dağdan salar.

Söz var insana can verər,

Söz var insandan can alar.

Tərəf durmaz, yoldaş olmaz,

İstedadı olmayana.

Söz dayaqdır, güc, qüvvədir,

Dərk edənə, anlayana.

Haqq söz bizə yadigardır,

Nizamidən, Füzulidən.

Nəsimini, Məhsətini

Tanıyırıq bir sözündən.

Cəlil, Sabir sözü aləm,

Söz işığı – Tanrı nuru.

Səməd Vurğun, Məmməd Araz

Söz qorudu, sən də qoru.

Vətənlə söz dəlisiyəm,

Hərarət var hər sözümdə.

Dosta, yara bənzədirəm,

Təravət var hər sözümdə.

Ey insanlar, qulaq asın,

Söz eşqiylə coşar sinə.

Bütün sözlər təzim etsin

Dünyaya sülh!” kəlməsinə.

Nəzifə Təhməzqızı (Cabbarova)

Allah əmanəti

Ədalətə qələm çalan,

Əlim Allah əmanəti.

Təzə-təzə qönçələnən,

Gülüm Allah əmanəti.

Qılınc, qələm gərək mənə,

Tarix boyu dilək mənə,

Sədəfli saz – Ürək mənə!

Telim Allah əmanəti.

Eşq içimə salıb talan,

Eşqə salan, dərdə qalan!

Əsrlərdən bizə qalan-

Dilim Allah əmanəti.

Şimşəkləri odum, közüm,

Çiçəkləri düzüm-düzüm.

Şəhid verən dağım, düzüm-

Çölüm Allah əmanəti.

Yan”lar çəkdi bizə dağlar,

Dərdim çıxıb dizə, dağlar.

Tapşırıram sizə, dağlar –

Elim Allah əmanəti!

Vüqar Vaqifoğlu (Hüseynov)

Şərh Yaz