“DAŞ SANDIQ” ƏHVALATI           “İsmayıllı lövhələri” silsiləsindən. Altıncı yazı

 

Qələmə aldığım bu əhvalatı eşidəndə, üçİllik həqiqi hərbi xidmətdən qayıdıb, yarımçıq qalmış ali təhsilimi davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinə yenicə bərpa olunmuşdum. 1967-ci il idi. İstehsalat təcrübəsi keçmək üçün, məktəb tərəfindən Bakı şəhərindəki müəssisələrdən birinə  göndərilmişdim. Təsadüfdən müdirim əslən Mücü kəndindən olan 65-70 yaşlar arasında olan bir həmyerlim çıxdı. Tanış olduq. İlk baxışdan sadəliyi və səmimiliyi ilə qəlbimə yatan bu xoşqılıq insanın adı Mehdi, soyadı Ələsgərov idi. 1930-cu illərdə fəhlə-kəndli gənclər məktəbi kimi tanınan “Savad” və “Rabfak” (fəhlə fakültəsi)  kurslarını bitirmiş, daha sonra isə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ilk məzunlarından biri olmuşdur. Bu vəzifəyə kimi Respublikanın bir çox yüksək və məsul vəzifələrində çalışmışdır. Söhbət əsnasında öyrəndim ki, Mehdi dayı mənim sinif rəhbərim, ciddi, olduqca tələbkar, dərin biliyə malik riyaziyyat müəllimim, sonralar isə uzun müddət Tircan kənd orta məktəbinin direktoru işləmiş Hidayətov Hacı müəllimin xalası oğludur. Biz daha da səmimiləşdik. Bu, elə bir dövr idi ki, Respublikada, cəmiyyətdə adamlar arasında yenicə, xısın-xısın milli dirçəliş, milli duyğu hissləri baş qaldırırdı. Xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının cığara kağızlarında (siqaret kağızlarına bənzər) məxfi çap edilən nüsxələri gizlincə olaraq əldən-ələ gəzirdi. Hamı Az. KP MK Katibi Şıxəli Qurbanovun rəhbərliyi altında keçiriləcək, başlanğıcını “Qız qalası”ndan götürəcək ilk “Bahar bayramına” hazırlaşırdı. Təhkim olunduğum müəssisənin işçilərinin 70-80 faizi erməni və qeyri millətlərin nümayəndələrindən ibarət idi. Mənim kimi istehsalat təcrübəsinə və yaxud təyinatla bura, işə göndərilən milli kadrlara münasibət olduqca pis idi, bizi daralardılar, sıxışdırardılar, sevməzdilər, az qala bizimlə küsü saxlayardılar. Lakin çətin də olsa mən bu təşkilatda işə düzələ bildim. Fürsətdən istifadə edib, mənə qahmar çıxan, yetim, atasız bir gəncə ətək atıb sahib çıxan, təşkilatın tələbnaməsi ilə mənim və mənimlə birlikdə istehsalat təcrübəsinə gəlmiş kürdmaşılı Raya xanım Kərimovanın da işə düzəlməyimizdə misilsiz xidmətləri olmuş, artıq çoxdan haqq dünyalarına qovuşmuş Nəsir Cabbar oğlu Allahverdiyev və Mehdi Ələsgərov kimi əsl, nəcib, BÖYÜK İNSANLARA son nəfəsimə kimi borclu olduğumu hesab edirəm, Ruhlarına Fatihə və İxlas olsun deyirəm.

Günlərin birində iş yerimizə Ağalar adlı orta yaşlarında bir kişi gəldi. Mehdi dayı ilə qucaqlaşıb görüşdülər. Onu mənə göstərib: “Tanıdın?” – dedi. Doğrusu, Sərdahar kəndindən olan bu adamın dillər əzbəri “Ağalar Dadaşov” adını eşidib, Bakıda yaxşı yüksək səlahiyyət, vəzifə, hörmət-izzət sahibi və alicənablığı ilə seçilən bir insan olduğu barədə eşitsəm də, həyatda onunla şəxsi tanışlığım olmamışdı. O, həm də, dayım qızı Zəminənin həyat yoldaşı Eldarın qardaşı, sinif yoldaşım Dadaşov Mayıl Mirzəmməd oğlunun isə əmisi oğlu idi. Mehdi dayı Ağaları bir daha mənə tanıtmaq üçün: “Bu sizin yerliniz el qəhrəmanı Molla Kamilin dəstəsinin ən cəsur igidlərindən biri olan sərdaharlı Doşunun oğludur” – dedi. Onları ikilikdə buraxıb uzaqlaşdım… Aradan bir neçə gün keçmiş, küləkli, soyuq bir havada, Mehdi dayı ədası adam yıxan, yerli-yataqlı katibəsi erməni qızı Knarikə xoruzquyruğu çay dəmlətdirib məni daxili telefonla otağına dəvət etdi. Doğrusu, yaşca, vəzifəcə böyük olan bu adamın yanında nədənsə özümü həmişə sıxıntı içərisində hiss edirdim. İndi isə Mehdi dayı özü dəvət edirdi məni yanına. Bir az söhbət etdikdən sonra Mehdi dayıdan Ağaların atasının kimliyi haqda soruşmaq istəyirdim ki, o, özü başladı söhbətə:

“15-16 yaşlarında olardım. Dünya çalxalanırdı. Kəndimizin kişiləri hər gün yaxınlıqdakı Basqala gedib gələrdilər. Basqal həm də bir müddət rayon mərkəzi hesab olunduğundan,  kəndə qayıdanlar özləri ilə dünyada baş vermiş hadisələr barəsində də çoxlu xəbərlər gətirərdilər. Nə bilim, deyərdilər ki, Qarabağda, Qalada (Şuşada) ermənilərlə yenə qarşıdurma olubdur… Petrovskdə, Vladiqafqazda, Temirxanda ara qarışıb, məssəb itibdir… ruslar sakit durmurlar… Elə bizim özümüzdə də vəziyyət yaxşı deyildi. Gündə eşidirdik ki, ermənilər ora hücum etdilər, bura hücum etdilər. O kəndi aldılar, bu kəndi taladılar, nə bilim, hər kənddən nə qədər adam öldürdülər… Nəhayət, 1918-ci ilin martında ermənilər geniş miqyaslı hücuma keçərək, Şamaxı əhalisini qılıncdan keçirdikdən sonra, Dilmandan, Hacmandan, Kalvadan keçib Suluta, Mücüyə basqın etdilər. Əhalinin bir qismi Fit dağındakı Məzdəki kahalarına, bir qismi meşələrə, bir qismi də qayalıqlar arasına sığındılar.  Sulutda 43, Mücüdə 225 nəfərdən çox dinc əhalini qətlə yetirdilər. Zülm ərşə dirənmişdi. Bu vəhşətdən xəbər tutan türk qardaşlarımızın köməyimizə gələcəkləri sorağından çox sevinmişdik. Lakin, bu soraq heç də hamı tərəfindən eyni coşqu ilə qarşılanmadı. Nuru Paşanın Gəncəyə gəldiyini eşidən birisi, bu xəbəri eşidəndə qara geyib qan ağlamışdı, başına quyruqlu daş düşmüşdü. Nuru Paşanın ünvanına təhqiramiz sözlər danışmışdı, onu xalq arasında nüfuzdan salmaq üçün lağa qoymuşdu, aşağılamışdı. Hətta, Nuru Paşanı: “Yoooxxx.. bir…Şalvar Paşa”-adlandırıb, ironiya ilə qəhqəhə çəkib el-camaat arasında bərkdən gülmüşdü də. Xəbər, 1905-ci ildə ermənilərn azərbaycanlılara qarşı törətdikləri hadisələrdən sonra, başına dəstə toplayıb özünümüdafiə dəstəsi yaratmış xalq qəhrəmanı, xalq təəssübkeşi tircanlı Molla Kamilə çatır. O, vaxt itirmədən dəstənin üzvlərindən biri olan sərdaharlı Doşunu (Orucu) yanına çağırtdırır. Məsələni təfsilatı ilə ona danışır. Doşu gecə ikən tək-tənha meşə yolu ilə Mücüyə yollanır. Növbəti gecənin səhərisi, sübh çağı açılar-açılmaz, Mücü kəndinin camaatı bir-birinə dəyir, eşitdikləri xəbərdən dəhşətə gəlirlər. Hər il İstanbuldan dəm-dəstgahı, dəvə karvanı ilə Mücüyə istirahətə gələn, danışığını bilməyən, çox göydən gedən, harınlamış o adamın cəsədi, başı kəsilmiş halda tövlədən tapılmışdı. Elə həmin gün bu hadisəni araşdırmaq üçün Basqaldan gəlmiş hökumət adamları tövlədə axtarış apararkən, qana bulaşmış bir tənbəki kisəsi tapırlar. İstintaq qrupu uzun müddət bu kisənin kimə məxsusluğunu öyrənmək üçün çox baş sındırmalı olurlar, çox adamı çək-çevirə salırlar, çoxlarını günlərlə KPZ-də saxlayıb döyürlər, incidirlər. Axırda  birisi, kisədən sallanan rəhgbərəng dekorativ qotazlardan onu tanıyıb, sərdaharlı Doşuya məxsus olduğunu deyir.  Bu adamın kimliyi xeyli müddət gizlin saxlanılsa da, sonradan məlum olur ki, o adam Tağlabiyan kəndində yaşayan  Doşunun dost-doğma xalası oğlu olubdur.

Tapılan maddi-dəlilin izi ilə, növbəti gecənin səhərə yaxın çağlarında, Doşunun Sərdahardakı evi rayon milis işçiləri tərəfindən mühasirəyə alınır. Gələnlər arasında Doşunun milisdə işləyən qardaşı Mirzəmməd də olur. O, qardaşına yan alıb hər şeyin bitdiyini, çıxılmaz vəziyyətə düşdüyünü və bunun üçün yeganə çıxış yolunu yalnız könüllü surətdə təslim olmağında görür. Başqa birisi isə, Doşuya əyninə qadın paltarı geyib aradan çıxmasını təklif edir. Doşu hər iki məsləhətə qulaq asıb zahirən onlarla razılaşsa da, öz düşünüb cızdığı qərarın üstündə qalır. O, mənzilinin birinci mərtəbəsinə enib qapıları taybatay açır, əllərini göyə qaldırıb təslim olduğunu bildirir. Milis nəfərləri arxayınçılıqla içəri doluşanda, Doşu cəld geri dönüb silahını götürür və açıq qoyduğu arxa pəncərədən özünü yemişan ağacının tikanlı budaqları  üstünə atır və oradan da yerə tullanıb aradan çıxır. Çox keçmir ki, Girdiman çayı tərəfdən havaya beşatılan silahdan açılan beş atəş səsi eşidilir. Bu, Doşunun: yəni, mən sağ-salamatam və buradayam – işarəsi idi”.

Mehdi dayının hekayəsi burada bitsə də, onun ardını Doşunun öz oğlu Eldardan, bacısı Rufadan və əmisi oğlu Mayıldan eşitmişdim. Mərhum Eldar (anası Zəhra xanıma istinadən) danışardı ki, atam milislərin əlindən çıxdıqdan sonra nəinki bizim ev, hətta bütün ətraf kəndlərdəki  qohumlarımızın evləri də uzun müddət nəzarət altına alınır. Atam xalqın, haqqın, ədalətin tərəfində olduğu üçün, yerli əhali onu ələ veməzmişlər, əksinə, xəfiyyənin onun barəsində görmək istədiyi tədbirləri eşidib bilənlər, onu dərhal müxtəlif yollarla atama çatdırarmışlar. Bir gün atama xəbər çatır ki, milislər Kəlfərəc kəndinin bütün evlərində axtarış apamağa hazırlaşırlar. Atam vaxt itirmədən Sərdaharla Kəlfərəc kəndləri arasındakı əfsanəvi “Daş sandıq” adlanan ərazinin  kol-koslu qıjılıqları arasında  silahına sarılaraq özünə mövqe tutur, gecələri də burada qalarmış. Ətraflardan uzanıb gələn bir çox cığırların bu nəhəng sandığa bənzər daş ətrafında kəsişməsindən yaranan dar keçid, Sərdaharı Kəlfərəc, Tağlabiyan, Basqal, Sulut, Mücü və digər kəndlərlə bağlayan yeganə yol olubdur. Beləliklə, vədə çatır. Kəlfərəcdəki axtarışdan bir nəticə əldə etməyən milislər meşə yolu ilə Sərdahara üz tuturlar. Atam uzaqdan gələn at ayaqlarının səsini eşidib, tez “Daş sandığ”ın iri gövdəsi arxasında əli tətikdə hazır vəziyyətdə dayanır. Elə ki, gələnlər əlləri ilə kol-kosları aralayıb keçmək istədikdə, atam qəflətən daşın arxasından cığıra çıxıb, göyə bir neçə atəş açır, gələn iki milis nəfərinin təslim olmalarını, silahı yerə atmalarını tələb edir. Qəfil açılan atəşdən özlərini itirmiş milislər, Doşunu qarşılarında görəndə sarılıqlarını udurlar. Hər ikisi tüfənglərini yerə tullayıb təslim olurlar. Çox yalvar-yaxardan sonra canlarını sağ-salamat qurtaran paqonlular, kor-peşiman halda tərkisilah olunaraq gəldikləri yolla da geri qayıdırlar. Arxalarınca: “Siz namərdlik edib evimdən hər şeyi apara bilərsiniz, məni isə heç vaxt tuta bilməzsiniz”-deyir.

Molla Kamilin, İbrahim Əkbəroğlunun, Doşunun, Pirəqanımlı Cümşüdün və başqalarının Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında göstərdikləri şücaətlər bununla bitmir. Cəmi 23 ay yaşamış, 27 aprel 1920-ci il tarixində devrilmiş Milli Hökumətimiz süquta yetdikdən sonra da, bu cəsur insanlar heç vaxt öz məramlarından dönməmişlər. Satqın adamların əli ilə devrilmiş Milli hökumətin başçısı Məmməd Əmin Rəsulzadə erməni və bolşevik təqiblərindən uzaqlaşıb Çuxuryurda sığınanda, ondan ilk xəbər tutan da elə bu insanlar olmuşlar. Özünümüdafiə dəstəsinin başçısı Molla Kamil, gecəykən Tircan kənd yüzbaşısının oğlu Misiri götürüb Çuxuryurda getmiş, Rəsulzadəni Tircana gətirmiş, üç gün yüzbaşı İbrahim Əkbəroğlunun evində gecələdikdən sonra Doşunun, Pirəqanımlı Cümşüdün və dəstənin digər üzvlərinin müşaiyyəti ilə Lahıca – əvvəlcədən razılaşdırılmış müsavatçı Ağabala Qasımovun (Ərəb əminin) evində yerləşdirilmişdir. Narahatçılıqlarla, izlənmələrlə, təqiblərlə dolu üç ay səksəkəli Lahıc həyatı yaşamış M.Ə.Rəsulzadənin qaldığı ev hər dəfə kənd satqını tərəfindən qaralandığı gündən tutmuş, ta Aşıqbayramlı kəndi ətrafında yenə eyni satqının əli ilə hökumət qüvvələri tərəfindən tutulduğu ana kimi, M.Ə.Rəsulzadənin həyatı yuxarıda adı çəkilən vətənpərvərlər tərəfindən mühafizə olunmuşdur.

“Doşu” deyib bütün yazı boyu bəhs etdiyimiz adamın əsl adı Orucdur. Nəşi yeri bilinməyən Sibir tayqalarına nəsib olsa da, bədəninin bütün əriş və arğacı ilə anadangəlmə sərdaharlıdır. Yeniyetmə çağlarından qeyri-adi çevikliyə, qeyri adi cəldliyə, qeyri-adi gəzişə malik olan Oruc, olduqca ədalətli, dostluğa, haqqa sədaqətli, elini, millətini, obasını sevən vətənpərvər bir insan olubdur. Yaranışından alt dodağında balaca  qüsur olduğundan onu “Doşu” (dovşandodaq) deyə çağırıblar. Başqa birisi isə deyir ki, balaca Oruc çöldən nə vaxtsa bir dovşan balası tapıbmış, həmişə onun başına sığal çəkib  “doşu, doşu” deyə əzizləyərmiş. Hər halda igidliyinə xələl gətirməyən bu ləqəb, əksinə, əzəmət verən nadir ləqəbdir. Mərhum qardaşları Ağalar və Eldardan sonra yeganə sağ qalmış, Tircanda övladları, nəvə və nəticələri əhatəsində ömrünün 87-ci ilini yaşayan Doşunun qızı Rufa xanım danışır ki, atam represiya olunanda mənim iki yaşım olubdur. Anam deyərdi ki,o, cox cəld və çevik adam idi. İzləndiyi üçün bir müddət qaçaq həyatı yaşayıbdır. Heç vaxt haramçılıq etməyib. Sərrast ovçu olduğundan ailəsini onunla dolandırıbdır. Bir gün meşədən ovladığı 5 ədəd qabanı satdırmaq üçün yaxın bir dostu ilə erməni kəndi Gürcüvana göndərir. Əti almağa gələn ermənilər baxıb görürlər ki, donuzların hamısı eyni sərrast atəşlə, eyni sol gözlərindən vurulublar. O saat başa düşüblər ki, bu ancaq Doşunun işi ola bilər… Başqa bir dəfə isə anam danışardı ki, bir gün Basqalda olarkən yerdən sıçrayıb atın belindəki yəhərə tullananda atamın papağı yerə düşür. Ətrafdakı adamlar qəhqəhə çəkib ona gülüşürlər. Bu dəfə yenə atam eyni çevikliklə atdan yerə tullanır və gülənlərin qabağına gəlir: “yenə də gülüşün də” – deyib qəzəbli-qəzəbli onları süzür. İçinə qısılmış bu insanlar birinci dəfə idi ki, adını eşidib özünü görmədikləri Doşunu real həyatda belə görürdülər.

Adı Azərbayan Sovet Ensiklopediyası kitabına salınmayan qədim Sərdahar kəndi nadir, ecazkar təbiətə malikdir. Səhərlər doğan Günəşin şəfəqləri digər yerlərdən fərqli olaraq bura xeyli gec düşür. Bu müddət ərzində göydə uçan hər kiçik quş da, hər kiçik böcək də Cumalı təpəsinin, Soltanlı meşəsinin və Şiş dağın kölgələri fonundakı səmada, nəhəng radar ekranında görünən parlaq nöqtəyə bənzəyir. Girdimançayın sağ sahilindəki yalçın qayalıqlar arasında yerləşən Qara qaya, Qaranohur (maraqlıdır, məhz niyə qara?) kəndlərində həyat qaynasa da, Sərdaharda tam sakitlikdir. “Kəllahı” bağından əsən səhərin soyuq havası birbaşa adamın ciyərlərinə işləyir. Soyuqlamaqdan ehtiyat edirsən, ağzını qapayırsan, burun dəliklərini işə salırsan. Sərdaharın havası kimi insanları da pak və təmizdir. Burada meyvələrin, tərəvəzlərin dadı da, tamı da tamam bambaşqadır. Sərdahar lobyası, sərdahar xiyarı, sərdahar kartofu dillər əzbəridir. İnanmayırsınızsa, gəlin, görün. Vallah, axırda siz də mən deyən qənaətə gələcəksiniz.

Vaqif Məmmədov,                                                                                                                                                   jurnalist-publisist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir