Azərbaycan təqvimində yeni bir gün – Zəfər Günü qeyd olunur                       

8 Noyabr 2020-ci il – Qarabağa qovuşduğumuz tarixi gün. Bu, Böyük Qələbə günüdür! Şanlı tariximizə daxil olan Zəfər Günüdür!

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu.

“Qarabağ Azərbaycandır!” reallığı 44 günə mümkünsüzü mümkün etdi.

Qətiyyətlə aparılan hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndini – ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Bu Qələbə ilə Azərbaycan yeni tarix yazdı. Bir il əvvəl, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terrorlar zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. İşğalçı Ermənistana layiq olduğu yer göstərildi.

Vətən müharibəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağrışına qoşularaq rəşadətli Azərbaycan Ordusuna həmrəyliklərini nümayiş etdirən İsmayıllılar həm ön, həm arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək sona kimi Ali Baş Komandana dayaq oldular. Xalqımızın şanlı qələbəsi ilə yekunlaşan müharibə dövründə ismayıllılar orduya dəstək aksiyaları keçirərək yardım karvanı yollayıblar. Məhz bu həmrəyliyin, milli birliyin nəticəsində Azərbaycan xalqı “dəmir yumruq” kimi birləşdi və düşmən üzərində qələbə qazandı. Böyük qürurla qeyd etmək lazımdır ki, bu qələbənin qazanılmasında 26 İsmayıllı şəhidinin və qazilərinin də payı vardır.

Tarixi Qələbənin, Zəfərin sevincini bizlərə yaşadan ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin Dəmir yumruğunun gücü, möhkəm siyasi iradəsi, güclü və qüdrətli ordumuz, rəşadətli, mübariz əsgər və zabitlərimiz oldu.

TARİXİ ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ HƏMVƏTƏNLƏR!

 

 

 

 

 

 

 

 

Şərh Yaz