Azərbaycanın dəmir yumruğu işğala son qoydu                       

33 il əvvəl, 1988-ci il fevralın 22-də bütün dünyanın gözü qarşısında cəlb edildiyimiz ədalətsiz bir savaş başlamışdı. Amma indi biz münaqişənin başlanması barədə tamamilə başqa ovqatda söz açırıq. Çünki Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Cənab Prezident İlham Əliyev üzləşdiyimiz ədalətsizliyə özünün düşünülmüş siyasəti və sərkərdə qətiyyəti ilə son qoyub.

Ali Baş Komandan İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi bir tərəfdən ordumuzu bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, digər tərəfdən ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu.

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, cənab Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının hüquqi baxımdan təsdiqidir. Eyni zamanda bu sənəd Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edən hüquqi aktdır. Üstündən onillər keçsə belə, bu bəyanat Azərbaycanın milli haqqının bərpası istiqamətində əsas tarixi hüquqi sənədlərdən biri kimi çıxış edəcək.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin başlandığı bir tarixdə biz artıq dünya ictimaiyyətinin ədalətsiz yanaşmasından, beynəlxalq təşkilatların ikili standartlar siyasətindən deyil, Azərbaycanın dəmir yumruğu ilə Ermənistanı cəzalandırmasından, güc yolu ilə torpaqlarını işğaldan azad etməsindən qürur hissi ilə bəhs edirik.

Ermənistanın işğal etdiyi torpaqlarımızda şəhər və kəndlərimizi xarabazarlığa çevirməsi, sərvətlərimizi talan etməsi, meşələrimizi qırması öncədən də məlum idi. Ərazilərimizin azad edilməsindən sonra Azərbaycanın illərboyu bununla bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələlər faktlarla öz əksini tapdı. Bəli, Ermənistanın döyüş meydanında məğlub edilərək qovulmasından sonra dünya Azərbaycanın qələbəsi ilə yanaşı, işğalçının vandallığına, barbarlığına da şahidlik etdi.

Ermənistan öz xislətindən irəli gələrək milli-mədəni, tarixi və dini abidələrimizi də dağıdıb, onları erməniləşdirməyə cəhd edib, məscidlərimizi murdarlayıb. On minlərlə tarixi eksponat Ermənistana daşınıb, Azıx mağarasında qeyri-qanuni tədqiqatlar aparılıb. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib, oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi Orta əsrlərə qədər uzanan ağaclar məhv edilib. Qarabağ bölgəsinin hər qarışı qiymətli metallarla zəngindir. 30 ilə yaxın müddətdə Ermənistan onları talayaraq oğurlayıb, cinayətkarcasına mənimsəyib.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququn tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Bu qələbəni xalqımıza yaşadan, ərazi bütövlüyümüzü bərpa edən cənab Prezident İlham Əliyevin Qarabağın yenidən qurulması ilə bağlı planları böyükdür. Artıq Şuşa məsələsində xalqımız gördü ki, cənab Prezident azad olunmuş torpaqların yenidən qurulmasına necə dərin həssaslıqla yanaşır. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün ərazilərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaq.

İsmayıl Faxtiyev,

İsmayıllı RİH-nin baş məsləhətçisi

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz