Çoxnövçülüyün qalibləri müəyyənləşib               

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Zəfər” gününə həsr olunan “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının zona birinciliyi keçirilib.

Zona birinciliyində Ağsu,  Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Balakən, Göyçay  və İsmayıllı rayon təmsilçiləri iştirak ediblər.

Tədbirdə Gənclər və İdman Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin əməkdaşları və idman həvəskarı olan bir qrup gənc iştirak edib.  Çempionat Şəhidlər xiyabanına ziyarət ilə başlanıb.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra,  İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbiri açıq elan edib. Bildirib ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, vətənpərvərlik hisslərinin aşılanmasında və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad Rəsulov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışıb və komandalara uğurlar diləyib.

Sonra  poliatlon dördnövçülük proqramına uyğun olaraq, yarış 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross, qumbara atışı və turnikdə dartınma növləri üzrə keçirilib.

Gərgin və maraqlı keçən yarışda Oğuz rayonunun komandası birinci olub. Qəbələ rayon komandası ikinci yeri qazanıb. İsmayıllı və Ağsu rayon komandaları isə üçüncü yerlə kifayətlənməli olublar.

Məlumat üçün qeyd edək ki, birincilik qazanan komanda yarışların Xaçmaz şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Fərhad Qurbanov

Şərh Yaz