Füzuli rayonunda icra edilən layihələr Azərbaycanın həm niyyətindən, həm potensialından xəbər verir

“Biz azad edilmiş torpaqlarda bu gün Füzulinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edirik. Düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. Bu, tarixi hadisədir. Həmin an – 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik”.

Bi fikirləri Prezident İlham Əliyev 2021-ci il 17 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Füzulidə səfərdə olarkən Prezidentimiz Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub, Ölkə başçımız və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyulub.

Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olub, burada ağac əkiblər. Dövlətimizin başçısı ilk yaşayış binalarının təməli qoyulub.

Daha sonra dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.

Qürurvericidir,

icra olunan bütün bu layihələr doğma Azərbaycanımızın potensialını göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açılıb və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

“Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi salınacaq. Görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır.

Füzuliyə həyat qayıdır. Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır.

Görüş zamanı vurğulanıb ki, Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Bütün bu bərpa işləri böyük vəsait tələb edir. Ölkə rəhbərimiz qeyd rdib ki, Azərbaycan heç kimdən heç bir yardım almayıb və almayacaq. Bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.

Bəli, düz bir il əvvəl Azərbaycanın Zəfər missiyası məhz Füzulidən başladı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi və ərazilərimizdə quruculuq işləri vüsət aldı. Əminik ki, doğma Qarabağ torpaqları çox qısa zamanda cənnətə çevriləcək. Yaşasın Qəhrəman xalq, Qəhrəman Ordu və onun Ali Baş Komandanı!

Hikmət Haqverdili,

Əməkdar müəllim, Lahıc qəsəbə tam orta məktəbinin direktoru

 

Şərh Yaz