Şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub             

İsmayıllıda şəhər 3 nömrəli məktəb-liseyin həyətində məktəbin şəhid məzunlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul işçiləri, RTŞ-nin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon rəhbəri ötən il sentyabrın 27-də başlanan və “44 günlük müharibə” kimi tarixə düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazanılan şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.

Torpaqlarımızın azadlığı uğrunda bir məktəbdən 15 məzunun qəhrəmancasına şəhid olmasını xüsusilə vurğulayan RİH başçısı Nahid Bağırov bu qəhrəmanları yetişdirən valideyinlərə, müəllimlərə minnətdarlıq edib və məktəbin təhsildə göstərdiyi uğurlarla yanaşı, bu qəhrəmalığına görə də respublikada ön sıralarda olduğunu bildirib.

Şəhidlərin xatirəsinə inşa edilən kompleksdə Birinci və İkinci Qarabağ müharibəsində məktəbin məzunu olan 15 qəhrəman şəhidin rəsmi vurulub. Kompleksdə şəhidlər haqqında məlumatları əks etdirən monitor quraşdırılıb.

Tədbirdə çıxış edən şəhid anaları şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Həmçinin qeyd edilib ki, qəhrəmanlar Vətən yolunda şəhadətə yüksələrək gələcək nəsillər üçün örnəyə çevrilirlər.
Məktəblilər kompleks önündə hazırladıqları kompozisiyanı təqdim ediblər.

Abidənin önündə xatirə şəkilləri çəkilib.

Sonda tədbir iştirakçıları məktəbdə şəhid müəllim Famil Əhmədzadənin yaratdığı tarix muzeyinə baxış keçirib.
Rayon rəhbəri yeni dərs ilinə başlayan müəllim və şagirdlərlə görüşüb.

 

Şərh Yaz