1 OKTYABR PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR   Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi layiqincə yerinə yetirilir 

                  “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”.

Ümummilli lider Heydər Əliyev

Azərbaycan Respublikası Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Azərbaycan Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

Yarandığı gündən demokratik cəmiyyətdə özünəməxsus yer tutan, müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən, konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıyan milli prokurorluq orqanlarının əsası 1918-ci ildə qoyulmuşdur. Bir əsrlik şərəfli inkişaf yolu keçən Azərbaycan Prokurorluğunun tarixi məhz həmin dövrdən başlayır. 17 iyul 1998-ci il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır.

Peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına dövlət qayğısının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verilməsinin təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən belə bir özəl günün bəxş edilməsi öz işinə böyük məsuliyyətlə və sevgiylə yanaşan hər bir prokurorluq işçisi üçün əlamətdar hadisədir.

Əzəldən bəri öz vətənini və xalqını hər şeydən üstün tutan prokurorluq orqanları öz vəzifələrini layiqincə yerinə yetirmişdir. “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq Azərbaycan müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir” deyən ulu öndərimiz Heydər Əliyevin bu kəlamı onun prokurorluq orqanlarına olan etimadının bariz nümunəsidir.

Danılmaz həqiqətdir ki, prokurorluq orqanlarının güclənərək öz sahəsində ciddi uğurlar əldə etməsində Heydər Əliyevin uğurlu islahatları mühüm rol oynamışdır. Belə ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası prokurorluq orqanlarının yeniləşərək müasir dövrün tələblərinə cavab verən sivil bir orqana çevrilməsinə şərait yaratmışdır. Prokurorluğun təşkili və fəaliyyətinin əsas prinsipləri məhz Azərbaycan Respublikası Konstitusiyası ilə tənzimlənir. 2002-ci il sentyabr ayının 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi prokurorluq orqanlarının qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadığını göstərir.

7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunun qəbul olunması ilə prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyi daha da artırıldı. Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimləmə prosesi yeni bir mərhələyə qədəm qoymuşdur.

Ulu öndərimizin sosial-iqisadi inkişaf konsepsiyasını, siyasi kursunu, habelə həyata keçirdiyi mühüm islahatlarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyəti yüksək qiymətləndirilərək hər zaman xüsusi diqqət və qayğı göstərilmiş, bu gün də həmin diqqət və qayğı davam etdirilir. Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. “Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir” – deyən cənab İlham Əliyev bu sözləri ilə prokurorluq işçilərinə inamını göstərərək hər bir prokurorluq işçisində böyük məsuliyyət və iftixar hissi yaratmışdır.

Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair”  2009-2011-ci illər üçün Dövlət Proqramı prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığın artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə qəbul edilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş çoxsaylı işlər, həyata keçirilmiş tədbirlər cəmiyyətimizdə prokurorluğun rolunun artırılmasına, prokurorluğun təkmilləşərək müasir dövrün tələblərinə uyğun fəaliyyətinin zirvəsinə yüksəlməsinə şərait yaratmışdır.

Azərbaycan Prokurorluğunun ölkəmizdə baş verən qanunsuzluqlarla mübarizədə atdığı hər bir qətiyyətli addımı önəmli rol daşıyır. Azərbaycan Prokurorluğu mürəkkəb və şərəfli bir təkamül yolu keçərək daim inkişaf etmiş və təkmilləşmiş, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz xalqına və dövlətçiliyimizə sədaqətlə qulluq etmiş, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir incə detalda belə hər zaman üzərində ciddi çalışaraq insan hüquq və azadlıqlarının müdafiəsində, əmin-amanlığın və dövlətçiliyimizin qorunmasında yeni-yeni nailiyyətlər əldə etməyə nail olmuşdur.

Prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli Kollegiya iclasında “İşin Təşkili Qaydaları” təsdiq olunmuş və bu qaydalar Baş Prokurorluqda idarəçilik, icra və əmək intizamı, kadrlarla iş, sənəd dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili məsələlərini, həmçinin Baş Prokurorluğun struktur qurumları və prokurorluq sisteminə daxil olan digər qurumları arasında, o cümlədən tabe prokurorluqlarla münasibətlərini tənzimləməklə, tabe prokurorluqlarda işin təşkili və bölgüsünün əsaslarını təsbit edir. Hər bir prokurorluq işçisi öz fəaliyyətində bu qaydaları rəhbər tutur və prokurorluğun digər hüquqi sənədləri ilə ziddiyyət təşkil etdikdə bu qaydalar tətbiq edilir.

Bildiyimiz kimi, 2020-ci il Azərbaycan xalqının həyatında silinməz iz qoymuşdur. Belə ki, böyük zəfərlə başa çatan, 44 gün sürən “2-ci Qarabağ müharibəsi” Azərbaycan tarixinə öz şanlı adını qızıl hərflərlə yazdırmışdır. Həmçinin, Vətən müharibəsi bizə hər bir Azərbaycan övladının öz torpağına olan sevgisini və bağlılığını nümayiş etdirmişdir. Prokurorluq işçiləri də bu şərəfli yolda Azərbaycan xalqı ilə bərabər öz xidməti sahələrində olan peşəkar biliklərindən istifadə edərək üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirmişlər. Düşmən birləşmələrinin törətdikləri cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutaraq döyüş əməliyyatlarının aparıldığı şəraitdə zəruri istintaq hərəkətlərini həyata keçirmiş, həmçinin namərd düşmənin törətdiyi cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu çətin, amma şərəfli yolda göstərdiyi qətiyyəti, həyata keçirdiyi uğurlu siyasət, həmçinin rəşadətli Azərbaycan ordusunun qüdrəti sayəsində hər birimiz üçün unudulmaz olan yeni bir mərhələyə qədəm qoyulmuşdur. Düşmən ordusu üzərində qazanılan qələbə əbədiləşdirilərək Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncama əsasən hər il noyabr ayının 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Şübhəsiz ki, Azərbaycan Prokurorluğu 103 illik inkişaf tarixi ərzində öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə təkmilləşməklə sivil və dünyəvi bir quruma çevrilən mühüm bir təsisat kimi bundan sonra da ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində öz üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcəkdir.

Raya Qəfərova,

İsmayıllı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor                                                       

 

Şərh Yaz