Qəhrəman şəhidin cənnətdəki ilk ad günü qeyd olunub              

????????????????????????????????????

????????????????????????????????????

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Vüsal Dəmirovun doğum günü İsmayıllı rayonundakı Şəhidlər xiyabanında, məzarı önündə, mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib.

Şəhidin ailəsi ilə bərabər İsmayıllı  Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin və RGİİ-nin əməkdaşları, döyüş yoldaşları, həmçinin şəhid ailələri tərəfindən onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Rayon rəhbəri 44 günlük Zəfər yürüşündə qazanılan qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını vurğulayıb. Bildirib ki, 30 illik Vətən həsrətinə son qoyan qəhrəmanlarımız gələcək nəsillərə örnək olacaq.

Çıxış edənlər Vüsal Dəmirovun keçdiyi qısa və mənalı həyat yolundan söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin dəfn olunduqları yerlərin and yerimizə, ziyarət məkanımıza çevrəcəklərini  bildiriblər.

Daha sonra tədbir İsmayıllı Olimpiya Kompleksində davam edib. Belə ki, şəhid Vüsal Dəmirovun xatirəsinə həsr olunmuş yeniyetmə və azyaşlılar arasında cüdo üzrə açıq rayon birinciliyində qalib gələn idmançıların təqdimat mərasimi keçirilib. Öncə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər V.Dəmirovun uzun illər cüdo idman növü üzrə məşğul olduğunu və onun uğurlarını qeyd ediblər. Sonda qaliblərə diplom və medallar təqdim edilib.

Mərasim şəhidin doğulduğu evdə davam edib. Rayonun rəhbəri şəhidin xatirəsinə həsr olunmuş guşə ilə yaxından tanış olub. Sonra İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər. Sonda şəhidin valideyni şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Vüsal döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

 

 

Şərh Yaz