Ədalət vahid standartın göstəricisi olmalıdır                                

Məlumdur ki, torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik. Qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti. Müharibə üçün düzgün zaman seçilməli idi. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı.

Bu fikirləri Prezident İlham Əliyev 2021-ci il 14 avqust tarixində “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində səsləndirib. Ölkə başçısı qazanılan böyük Qələbədə qardaş dəstəyini xüsusi vurğulayaraq bildirib ki, Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərilib. Ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Bizim ölkələrimiz arasında olan birlik böyük siyasi iradənin nəticəsidir. Yəni, bu, böyük bir siyasətin təzahürüdür. Ulu öndər Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamını indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur.

Təəssüf ki, beynəlxalq ədalətsizlik və “ikili standartlar” siyasəti 30 il ərzində torpaqlarımızı işğal altında saxladı. Bu, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı.

Bəllidir ki, ikili standartlar beynəlxalq ədalətsizlikdir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bir çox ölkələr görmək istəmədi. Doğrudur, biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmədilər. Onlar saxta tarixi qəbul etdilər.

Ölkə rəhbəri bildirib ki, bu gün Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir: İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın.

Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, müharibə başa çatıb. Yəni erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri də bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhəddini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, yenidən dərs verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur. Biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın.

Bəli, tarix də göstərir ki, əgər qərarlar qəbul edilib icra olunmursa, bu, həm də bütün dünya üçün təhlükədir. Bu, o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə bilər, nəticədə isə cəzasız qala bilər. Bunun qarşısını almaq məqsədilə beynəlxalq təşkilatlar ikili standartlar yürüdənlərə, təcavüzə, işğala və dinc insanlara qarşı törədilmiş hərbi cinayətlərə görə sanksiyalar tətbiq etməlidir. Məhz bu, ədalət və vahid standartın göstəricisi olacaq.

Ülviyyə Zeynalova,

İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz