Şərəfli həyat və döyüş yolu keçən şəhidimiz                            

Yolum ilk dəfədir ki, Səbail rayonunda Bayılın Buxta küçəsinə düşür. YAP Səbail rayon təşkilatının gəncləri olaraq 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Şükürlü Nicat Ayaz oğlunun ailəsini ziyarət edəcəyik.

Buxta küçəsinin girişində bizi şanlı ay-ulduzlu bayraqlarımız – Azərbaycan-Türkiyə bayraqlarının qürurla dalğalandığı və şəhid Şükürlü Nicat Ayaz oğlunun və Şəhid Məmmədli Cəmil Habil oğlunun şəkilləri olan böyük şəhid lövhəsi qarşılayır. Bir neçə uzun dəqiqə məğrur baxışlı igilərimizin şəklindən gözümü ayıra bilmirəm. Vətən müharibəsi bizə o qədər çox şey öyrətdi ki…

Harada bir şəhid şəkili görsəm 5 dəqiqə, bəlkə 10 dəqiqə, bəlkə dəqiqələrcə şəkildən mənə baxan qəhrəmanımızla göz-gözə gəlirəm. Sağlığında şəxsən tanımadığım Vətən oğlunun indi şəkilinə baxaraq qəlbindəki Vətən sevgisini, mərdliyini, fədakarlığını, yarım qalan arzularını, xəyallarını o şəkilindən oxumağa, duymağa, hiss etməyə çalışıram. Adını eşitdiyim, oxuduğum, şəhidlik xəbərlərində şəkilini gördüyüm Nicatı da ilk dəfə bu lövhənin qarşısında xəyalımda canlandırıram.

Vətən müharibəsinin Səbail rayonundan olan şəhidlərinin əlimdə tutduğum və əzbər bildiyim siyahısına bir də baxıram. Cəmil… Siyahıda Cəmilin adı yoxdur.

Necə ola bilər? Axı 44 günlük şanlı, şərəf mübarizəsində Səbail rayonuna gələn hər şəhidimizi ürək ağrısı ilə, canımız yana-yana, eyni zamanda böyük qürurla qarşılamışıq. Hər bir qəhrəmanımızın dəfnində böyük izdiham, insan seli olub. Azərbaycan xalqı hər bir igid oğlunu son mənzilə layiqli şəkildə yola salıb. O oğullar müqəddəs şəhidlik siyahısına, qəlbimizə, ruhumuza həkk olunub: Səbail rayonunun İkinci Qarabağ müharibəsindəki qəhrəman şəhidləri – Cavidan Ağayev, Nicat Şükürlü, İsmayıl Hüseynov, İlkin Əhədzadə, Orxan İsmayılov, Əli Tağıyev, Murad Qurbanov, Əli Nağıyev, Cavidan İbrahimli, Yusif Budaqov, Bilal Qənbərov, Vüsal Teymurov, Fərid Əliyev və Vüsal Həsənov. Hər şəhidimiz üçün ürəyimiz parçalandı, hər qəhrəmanımız üçün yüksək fəxarət hiss etdik. Çünki bu şəhidlərimizin hər biri Qələbə şəhidləridir, bir şəhidimiz yüzlərlə Azərbaycan əsgərini xilas edib, Vətən torpağı üçün sinəsini sipər edib. Şəhidlərimiz işğaldan azad olunan hər bir kəndimiz, rayonumuz, yaşayış məntəqəsi üçün mənfur düşmənlə ağır döyüşdə qəhrəmanlıqla döyüşüblər, torpağı qanları ilə suvarıblar, o torpağa Vətən deyərək ailəsinə, xalqımıza qələbə qazandırıblar, qanı-canı bahasına qoruduğu, ata-baba yadigarı şanlı üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancıblar və Allah dərgahında ən yüksək məqama – şəhadət zirvəsinə ucalıblar. Allah bütün şəhidlərimizin ruhunu şad etsin!

Cəmil… Demək ki, Buxta küçəsində bir yox, iki şəhidimiz var. İkisinin də baxışlarında düşmənə aman verməyən cəsarət, yurdu yaşatmaq üçün canından keçəcək qədər mərdlik, şücaət və sonsuz Vətən sevgisi olan igid Vətən oğulları – Nicat və Cəmil…

Buxta küçəsi ilə ilərləyirik. Buradan Bayıl buxtasına, Bakı bulvarına heyrətamiz mənzərə açılsa da, küçənin özü dar, narahat və baxımsızdır. Maşın gələndə piyada divara, ya hansısa qapıya qısılmaq məcburiyyətindədir ki, maşın o dar yoldan keçə bilsin. Buxta küçəsi ilə irəlilədikcə düşünürəm ki, bu ilk baxışda dar, narahat küçədə iki qəhrəman böyüyüb, boya-başa çatıb, yəqinki iki zəhmətkeş ailə övladlarını, Nicatı, Cəmili bu küçə ilə bağçaya, məktəbə aparıb, Azərbaycan gəncliyinin fəxri olan bu gənclər bu yollarda səhər-axşam gedib-gəlib, ali təhsil alıb, işləyiblər. Yəqin ki, ikisinin də həyatla bağlı böyük ümidləri, arzuları olub, amma Vətənin onlara ehtiyacı olduğu anda, Vətən torpaqlarının azadlığı uğrunda müharibə başlayan məqamda Nicat da, Cəmil də əsl Azərbaycan – Türk oğullarına layiq şəkildə ön cəbhədə, düşmənlə üz-üzə öz yerlərini alıblar, Vətənə şərəflə xidmət göstəriblər, bu yolda can alıblar, qan töküblər, can veriblər və düşməni dədə-baba torpaqlarımızdan iti qovan kimi qovublar.

Bu düşüncələrlə getdiyim Buxta küçəsində bizi ilk olaraq Nicatın o günlərdə bir evin divarından asılmış böyük şəkili qarşılayır. Əlində silah, hərbi formada, məğrur görkəmli, baxdıqca insana güvən hissi yaşadan, cəsarətli baxışları ilə ürəyimi fəxarətlə dolduran qəhrəman şəhidimiz – Nicat.

O şəkil indi orda yoxdur, əvəzində evinin qarşısında başqa daha gözəl, daha rəngli, daha fərqli şəkilləri ucaldılıb.

Bəyim Nəbiyeva

Şərh Yaz