Müharibənin basqallı şəhidi                                               

11 avqust 2021-ci il tarixində Basqal qəsəbəsində Birinci Qarabağ müharibəsinin basqallı şəhidi Rəmzi Novruzovun anadan olmasının 50 illiyi münasibətilə tədbir keçirilib.

Rəmzi Siyavuş oğlu Novruzov 11 avqust 1971-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. Orta təhsilini İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbində alıb. 1989-cu ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini 1991-ci ildə Türkmənistanın Kuşka şəhərində başa vurub. Hərbi xidməti başa vurduğu il Qarabağ müharibəsi başladığına görə həmin müharibədə iştirak etməyə başlayıb.

O, 1992-ci ilin may ayında Laçın batalyonunda hərbi xidmətini davam etdirib. Döyüşçü taqımın kiçik komandiri olaraq Laçın istiqamətində Pircahan, Hoçaz, Bozgüney, Sonasar, Soyuqbulaq və digər kəndlərin müdafiəsində iştirak edib. Son döyüşü Ağdərə istiqamətində olan R.Novruzov 2 sentyabr 1992-ci ildə Vəngli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub…

Basqal qəsəbə icra nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunan tədbir şəhidin adını daşıdığı Basqal qəsəbə tam orta məktəbinin önündə yerləşdirilmiş büstünün qarşısında keçirilib. Qeyd edək ki, şəhidin büstü bir qrup xeyirxah Basqallı tərəfdən bərpa olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin, Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin nümayəndələri, qəsəbədəki idarə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və cəbhə yoldaşları iştirak ediblər.

Tədbirin əvvəlində respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə İsmayıllı RİH başçısının Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov açıb.

Çıxış edənlər şəhid Rəmzi Novruzov haqqında xatirələrini bölüşüblər. Şəhidin adını daşıdığı Basqal qəsəbə tam orta məktəbinin şagirdləri şeirlər səsləndiriblər. Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.

Sonda tədbir iştirakçıları şəhidin Basqal qəsəbə qəbirisitanlığındakı məzarını ziyarət ediblər.

Fəyyaz Mustafayev,

Basqal qəsəbə icra nümayəndəsinin müavini

Şərh Yaz