Vüqar əmin idi ki…                                         

                            Bu gün hamımız çox yaxşı tanıdığımız Vüqarın 50 yaşını onun vüqarlı adına inşa olunmuş xatirə-bulaq kompleksinin açılışı ilə qeyd edirik.

Əslində, Vüqar öz yubiley yaşına çox həvəslə hazırlıq görürdü. Evinin yarımçıq işlərini tamamlayır, yubiley planları qurur, ciddi hazırlıq işləri aparırdı. Həyatının müxtəlif mərhələlərində dost tapmaq, ünsiyyət qurmağı bacaran Vüqar əmin idi ki, qonaqları bol olacaq, yubileyi təntənəli keçəcək. O gün bu gün oldu. Ancaq Vüqarın arzuladığı kimi deyil, uca Tanrının dərgahına yüksələnlərin təntənəsinə bərabər tərzdə keçdi. Adı kimi vüqarlı olan bu İsmayıllı oğlu da Ali Baş Komandanımızın çağırışına hay verən minlərdən biri oldu. Qurduğu bütün planlara xitam verib cəbhəyə yollandı. 44 günlük müharibənin od-alovuna sinə gərib zəfər yolunda addım-addım irəliləyərək sona gəlib çatan baş leytenant qələbə sorağını alıb zəfər sevincini yaşasa da doğmalarının yanına üçrəngli, müqəddəs bayrağımıza bükülüb qayıtdı.

Vüqar hələ müharibədən qabaq elin oğlu idi, davranışı, mədəniyyəti, ləyaqəti ilə hamının rəğbətini qazanan Vüqar gözümün qarşısında böyüdü. Şagird kimi, tələbə kimi, əsgər kimi, oğul kimi, ata kimi. Sonra da özünü bir daha igid kimi təsdiqləyə bildi.

33 il əvvəl İsmayıllı şəhər 1 nömrəli məktəbi bitirən Vüqarın bu təhsil ocağında indi də yeri görünür. İndi onunla nəinki təhsil aldığı məktəb, həm də bütün rayonumuz fəxr edir. Əminəm ki, vətən yolunda canını qurban verən ərənlərin arasında 50 yaşlı bu baş leytenant Vüqar Xalid oğlunun adı fəxarətlə anılacaq. Cənnətdəki ilk, tarixdəki 50 yaşın mübarək olsun. Hər tərəfdə yeri görünən Vüqarın ruhu şad olsun deyə burdayıq.

Allah Vüqarsızlıq üçün ailəsinə, əzizlərinə səbr, yoxluğuna dözmək üçün təpər, şərəfli ölümünü qəbul etmək üçün ruh versin. Qardaşı Rəşadın 50 illik yubileyinə hədiyyəsi qəbula keçsin. Bütün olanları unutmağın bir təsəllisi var. Torpaqlarımız azad, sərhədlərimiz bütöv olsun. Vətən yaşasın!

Mirvari Musayeva                                                                                                               

Şərh Yaz