Yeni nəşrlər:   O, poetik düşüncələrinə sadiqdir                

Mehriban Mahmud qızı İbrahimova İsmayıllı rayonunun Mican kəndində Abadan olub. 1976-cı ildə orta məktəbi bitirdikdən sonra sənədlərini 138 nömrəli texniki peşə məktəbinə verib. Əl ilə xalça toxuma qrupunu Fərqlənmə attestatı ilə bitirib.

Bir müddət rayondakı xalça sexində toxucu işlədikdən sonra Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. Ticarətdə sənayenin müxtəlif sahələri üzrə işləyib. Kəndin uşaq bağçasında müdir, təsərrüfat müdiri, təkmilləşdirmə kursu keçdikdən sonra tərbiyəçi işləyib.

Bədii yaradıcılığa peşə təhsili aldığı illərdən başlayıb. İlk şeiri rayonda çıxan “Zəhmətkeş” qəzetində dərc olunub. Şair Musa Yaqubun rəhbərliyi ilə qəzetin nəzdində yaradılmış “Dağ çiçəkləri” ədəbi məclisin üzvü olub. Məclisdəki müzakirələrdə bəyənilən yazıları dəfələrlə çap olunub. Qəzetin ştatdankənar müxbiri kimi uzun müddət fəaliyyət göstərib. Ailə vəziyyətinin ağırlığı, müxtəlif çətinliklər üzündən bir müddət yaradıcılığında fasilə yaranıb. Sonralar yenidən düşüncələrini qələmə almağa nail olub.

Müəllifin ilk şeirlər kitabı “Sözlü dünyam” adlanır. Dövri mətbuatda, o cümlədən “Müasir Təhsil”, “inHaqqın sədası”,  “İsmayıllı xəbərləri” qəzetlərində, “Azad qələm” və “Xəzan” jurnallarında şeirləri müntəzəm çap olunur.

“Sevmişəm, sevirəm, sevəcəyəm də”,  “Poeziya antologiyası”, “Xarı bülbül”, “Atasız, anasız dünyam”, “İlham çeşməsi” toplularında yaradıcılığına geniş yer verilmişdir.

“Ürəyim danışır kitabı “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvü Mehriban İbrahimovanın oxucularla ikinci görüşüdür. Onun poetik düşüncələrinə sadiqliyi bu kitabda da özünü büruzə vermişdir.

Bir sıra bəyənilən insani keyfiyyətlərlə yanaşı, saf məhəbbət, Vətənə sevgi, halallıq bu kitabda yer almış qələm nümunələrinin də əsas qayəsini təşkil edir.

 Ş.Dağlaroğlu,

kitabın redaktoru

 

Şərh Yaz