Vaqif Məmmədov – 80   Həyatın hər üzünü görmüş insan                                

 

“Ey insan, sən başqa yerdə bir dünya axtarırsan, özün bir dünyasan, bundan xəbərin yox!”

Hz. Əli Əleyhissəlam

 

Qısa arayış: Vaqif Əhməd oğlu Məmmədov 1941-ci ildə İsmayıllı rayonunun Tircan kəndində doğulmuşdur. Müharibənin ikinci ilində atası Əhməd Məmmədov alman faşistləri ilə müharibəyə yola düşmüş və bir daha geri qayıtmamışdır.

1948-ci ildə Vaqif Tircan kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1958-ci ildə kənd məktəbini müvəffəqiyyətlə bitirmişdir. Orta təhsil müddətindən sonra o, Bakıya yollanmış və o vaxtkı adətə görə “Stalinneft” neft mədənində işlədikdən sonra iki il staj toplayaraq S.M.Kirov adına ADU-nun iqtisadiyyat fakültəsinə daxil olmuşdur.

1962-65-ci illərdə Ordu sıralarında xidmət etmiş, “Hərbi müxbirlər” kursunu bitirmiş, Türkmənistan Hərbi Dairəsinin orqanı olan gündəlik “Frunzevets” və “Sokol Rodinı” qəzetlərində müxbirlik etmişdir. Ordudan ehtiyatda olan siyasi işlər üzrə zabit kimi tərxis olunmuşdur.

Universiteti bitirdikdən sonra (1968-ci il) müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Bakı şəhərində 11 rayonun ticarət obyektlərini mal-əmtəə ilə təchiz edən Mərkəzi Bazanın müdiri olmuşdur.

1972-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdindəki Ali Partiya Məktəbini bitirmişdir.

Sonrakı illərdə iqtisadçı kimi müxtəlif yerlərdə müxtəlif vəzifələr daşımaqla yanaşı, o, mərkəzi “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Bakı axşamı” və digər qəzetlərdə də müntəzəm olaraq yaradıcılıq fəaliyyətini davam etdirmişdir. İşlə və yaradıcılıqla əlaqədar bir sıra xarici ölkələrdə olmuşdur.

60 ilə yaxındır ki, ədəbi fəaliyyətini davam etdirir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir. Altı övladı və xeyli nəvə-nəticəsi var.

 

Epizodik səhnələr

 

Həmyaşıd və yaxın  qohum olduğumuza görə onunla lap yeniyetmə yaşlarından həmfikir və həmsöhbət olmuş, bir sıra arzulara yetməkdə qoşa addımlamışıq. Eyni ali məktəbi müxtəlif ixtisaslarla bitirsək də, məqsəd və məramımız bir olduğuna görə axırda yaradıcılıq yolumuz da bir qovşaqda birləşmişdir…

Deyirlər, inam olan yerdə mübarizə də var, müvəffəqiyyət də. Vaqifi lap yeniyetmə çağlarından mübariz, prinsipial və uzaqgörən bir gənc kimi tanıyıram. O, orta məktəb illərindən tutmuş bu günə kimi öz işi, əməyi, arzusu və qayəsi ilə yaxınları da özünə cəlb etmişdir, yadları da. Həyatı boyu ən birinci bir anasını düşünmüş, bir də iki bacısını. Doğrudur, böyük bacısı Emka xanım ailə həyatı qurduqdan sonra yeznəsi Əbdülkərim Piriyev ona həm böyük qardaşlıq, həm də yolgöstərənlik edib onu təhsilə, işə, çörəyə çatdırmışdır. Lakin Vaqifin özü də bilikdə, bacarıqda, qurub-yaratmaqda, hər zaman irəliyə doğru addımlamaqda heç də başqalarından geridə qalmamışdır. Belə olmasaydı, o, nə anasının – qəlbiqırıq dul qadının, iki bacısının, nə də bir neçə yaxın qohum-əqrəbasının bir çox arzularını yerinə yetirə bilməzdi. Nə özü, nə də onlar belə geniş, müasir tipli, yarlı-yaraşıqlı ev-eşik, ailə həyatı qura bilməzdi. Özü də Bakının ən füsunkar, ən dəbdəbəli yerində. Xalq şairi Bəxtiyar Vahabzadə necə də gözəl demişdir:

Səadət hər kəsin öz əlindədir,

İşində, gücündə, əməlindədir….

 

***

Böyüyüb, boya-başa çatdığı yurd, torpaq, göy meşələr, sərin sular, bəzən yaz vaxtı coşub-daşan nəhəng Girdimançay, yayda da başı ağ çalmalı Baba dağı, qoynundan heç vaxt qonaq-qara əskik olmayan Bədo bulağı və s. onun ilham mənbəyi, dayağı, dəstəyi, istinad etdiyi, səcdə qıldığı, arzu və həsrətlə baxdığı yerlər daim doğma anasından sonra ona ikinci ana olmuşdur.

O, bu yerləri necə də şairanə təsvir etmişdir:

Əgər bu torpaqda izin yoxdursa,

Elinə deməyə sözün yoxdursa,

Dərdinə dözməyə gözün yoxdursa,

Nə haqla Tircana “Vətən” deyirsən,

El-obam var, – deyib “qürrələnirsən”?!

(“Tircan” kitabından)

***

Deyirlər, bir gün Musa peyğəmbər yol səfərində olarkən bir varlı ona yaxınlaşıb deyir:

– Ya Musa, mənim dövlətim ildən-ilə artır. Ona de (Yaradana) bunu necə azalda bilərəm?

Bir müddət keçir. Yenə bir gün Musa peyğəmbərlə görüşəndə həmin adam soruşur:

– Ya Musa, mənim fikrimi Ona çatdırdın?

– Bəli.

– Bəs nə dedi?

– Dedi ki, yolda da çörəyini yeyə-yeyə getsin.

Varlı adam bu cür edir. Amma sinəsinə döşlük taxır.

Aylar ötdükcə görür ki, dövləti bir az da artır.

Bir gün yenə Həzrəti Musa həmin adamla yolda rastlaşır. Yenə həmin şəxs Hz. Musaya nəql edir:

– Dövlətim daha da artır.

Hz. Musa deyir:

– Ona görə ki, sən təkcə parça çörəyinin deyil, onun qırıntılarının da qədrini bilirsən, döşlük bağlayırsan. Səni kimilərin dövləti hər zaman başından aşacaqdır.

Bax, Vaqif Məmmədov da həyatda belə bir adamdır. Dövləti həmişə başından aşır. O, olduğu kimi görünən adamdır: sadə, mehriban, xeyirxah, qayğıkeş, vətənpərvər, öz xalqı üçün yanıb-yaxılan. O, həyatda dərd də görüb, sevinc də. Lakin həyatın heç bir çətinliyi, əzabı, zindanı heç zaman onu əyməyibdir, sındırmayıbdır. O, məhbus həyatını yaşasa da, haqsızlığa, ədalətsizliyə, biganəliyə, bədxahlara, ikiüzlülərə rast gəlsə də heç zaman onlara boyun əyməmiş, zülmət gecələrdən işıqlı səhərlərə öz iradəsi, öz əzmi, öz qüvvəsi, öz ağlı və zəkası ilə gəlib çıxmışdır.

Hər onu düşünəndə yadıma bir zamanlar uzaq ölkələrdə hərbi xidmətdə olarkən yazdığım bu misralar düşür:

Çox düşdüm həyatda borana, qara,

Həsrət qaldım bəzən yoldaşa, yara.

Sonralar bildim ki, dəmirdən möhkəm,

İradə lazımdır düşəndə dara.

 

***

Mən dostum, sirdaşım, məsləkdaşım Vaqif Məmmədovun 80 illiyi münasibətilə onun cild-cild həyat əsərlərini vərəqlədikcə elə bil dünyaya təzə gəlir, onunla təzədən addımlayıram. Onun kəndini öz kəndim, ailəsini də öz ailəm kimi sevirəm. Bu kənddə kimləri görməmişəm, kimlərlə oturub-durmamışam, kimlərdən yazmamışam, kimlərlə həmsöhbət olmamışam: 25 il Nəcəfdə ruhani təhsili alan Lətif Əfəndi, Dəniz Neft-Tikinti İdarəsinin rəisi Mübarək Məmmədov, ali dərəcəli filosof-tarixçi Səmid Əliyev, Sumqayıtın ilk qurucularından mühəndislər – idarə rəhbərləri Eldar İbrahimov, Bəhram Hüseynov, Niftalı Bədəlov, milis sahəsində böyük rütbə sahibləri Paşa Paşayev, Maarif Əliyev, adlı-sanlı neftçi Əbdülkərim Piriyev, məktəb direktoru Ayaz Əliyev, Əməkdar mədəniyyət işçisi aşıq Yanvar Bədəlov, ustad Əlibaba Nemətov, ustad Alxan Yolçuyev, ustad Bəybala, ustad-nağaraçı Hümbət İsaqulu oğlu, hüquqşünas alim Rahim Məmmədov, el təbibi Tofiq Talıbov, həmişə ictimai-siyasi hadisələrin önündə gedən Ağasəməd Bədəlov, sovxoz direktoru Tarxan Mirzəyev, el ağsaqqalı Cəbrayıl baba, ilk kənd inzibati ərazi dairəsi nümayəndəsi Zərbalı Əliyev, Aprel hadisələrinin böyük qəhrəmanı Mikayıl Vahabzadə və başqaları həmişə bu kəndin tarixini yaradan, şan-şöhrətini, ad-sanını özünə qaytaran, xeyirxahlıqları ilə hamının qəlbində kök salan adamlar olmuşlar.

Burada söhbətimi yazar Vaqif Məmmədovun 2019-cu ildə çapdan çıxmış “Tircan” adlı monumental əsərində söylədiyi bu fikrə yönəldirəm: “…Kəndimizin müxtəlif məhəllərindən gələn yollar “Cəbrayılın palıdı” deyilən yerdə birləşirdi. Bura kənd ağsaqqallarının gimgə yeri idi. Hər zaman adamla dolu olardı. Oradan keçib getmək bizim üçün müşgül sayılardı, içimizə qısılardıq. Qızlar, gəlinlər həya edərdilər, yaşmaqlanardılar, yollarını dəyişərdilər. Onlardan biri bizə iş buyurduqda ondan qürur duyardıq.

Tircanda başqa yerdən köçüb gələnlərə həmişə xüsusi rəğbət bəslənilərdi. Kəndin daimi iş yeri sayılan hamamında, dəlləkxanasında, tibb məntəqəsində, poçt şöbəsində əhaliyə elə xidmət göstərilərdi ki, hamı bu sahədə çalışanlara həmişə “Sağ ol!” deyərdi. Onda həyat nə qədər şirin idi…”

 

***

Bu günlər həmkarım Vaqif Əhməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi qeyd edildiyi bir vaxtda o, həm düşüncələrə qərq olmuş, həm də ötüb-keçənləri xatırladıqca yenə özündə bir qürur, bir iftixar duymuşdur. Düşüncələri budur ki, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla 30 illik həsrətdən, nisgildən, dərd-sərdən sonra xalqımız – əsgər və zabitlərimiz, gənc qəhrəman balalarımız öz qanları, canları bahasına 44 gün ərzində torpaqlarımızı azad etmişlər. Vaqif müəllimin dayısı nəvəsi Səmid Əliyev də böyük şücaət göstərərək II Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuşdur. Onun bu böyük qəhrəmanlığından vəcdə gələn Vaqif Məmmədov tez bir zamanda “Babalarının yolunu keçən şəhid” adlı mənzum poemasını yazmışdır. Bu poema bütün şəhidlərimizə ehtiram, bütün şəhid valideynlərinə bir hörmət, bir təsəlli, bir bayraq, bir şüar nümunəsidir: Şəhidlər ölməz, Vətən bölünməz!

…Onun qüruru və iftixarı – dönüb arxaya baxdıqca ötən günlər üçün heç vaxt heyfslənməməsi, hər ayı, hər ili və hər qərinəni məğrurcasına, müdrikcəsinə, təəssübkeşliklə başa vurmasıdır.

Keşməkeşli, təlatümlü, məğrur və məharətli ömür sürən Vaqif Əhməd oğlu Məmmədov! Ömrünüzün 80-ci ilinin sonuna qədəm basmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, qalan həyatınızın da elə bu cür qətiyyətli və məharətli keçməsini arzudayıram.

Son olaraq, Sizə sonsuz istək və məhəbbətimi gənclik dostumuz, şair, filoloq-alim Ağasən Bədəlzadənin bu misraları ilə çatdırıram:

Xəzana dönürəm, xəzan görəndə,

Leysana dönürəm, leysan görəndə,

Min adam içində insan görəndə,

Onda bilirəm ki, mən də insanam.

İldırım Gülalı oğlu,

Respublikanın Əməkdar jurnalisti

 

 

 

 

 

 

 

Şərh Yaz