Həmişə arzulayırdıq müharibə olsun                

    Elimiz, obamız, ümumən Azərbaycanımız üçün son dərəcə dəyərli bir insanın Vətən müharibəsi qəhrəmanı,  polkovnik-leytenant Anar Mirzəyevin qonağı olduq.

Vaxtilə əsgərləri olmuş bizlər onu yad etdik. Mübaliğəsiz belə bir qəhrəman insanın əsgəri olduğumuzla bir daha fəxr etdik. Möhtəşəm qəhrəmanlıq dastanının müəyyən parçalarını xatırladan söhbətlərini sevə-sevə dinlədik komutanımızın.

Rəhbərlik etdiyi istiqamətdə əsgərləri ilə birlikdə ən öndə irəliləyən komandirimiz düşmənin belini qırıb, nəfəsini kəsib. Bu yolda dəyərli komandir yoldaşlarını, əsgərlərini itirsə də yolundan dönməyib. Gözəl bir ifadə işlətdi komandir:  Övladlarımı düşündüm, özümə dedim ki, o uşaqlar mənsiz də böyüyə bilər, amma bu müharibə başlayıb və biz başladığımız yolu tamamlamalıyıq.

Komandirimizdə müharibənin ağır əməliyyatlarının izi, çoxlu qəlpə yaraları var, amma deyir: o qədər çətin məqamlarla üz-üzə qalmışıq ki, bunlar mənə adi şey kimi gəlir.

Deyir: Həmişə arzulayırdıq müharibə olsun, gedək özümüzü düşmənə göstərək. O şərəfsizlər görsünlər ki, biz nəyə qadirik. Getdik – yaralansaq da, sağlamlığımızı itirsək də şikayətçi olmamalıyıq, özümüz bunu istəmişik.

Komandirimizin ayaqda olması bizim üçün bir nemətdir. Fəxr edirik ki, biz ən yüksək fəxri ad Vətən müharibəsi qəhrəmanı adını almış bir komandirin əsgərləri olmuşuq. Uca Allahdan komandirimizə, bu böyük qəhrəmana möhkəm can sağlığı və şəfalar diləyirəm. Nə yaxşı varsız, nə yaxşı ki, ayaqdasınız. Bilin ki, sizin ətrafınızda sizi çox sevən böyük bir batalyon var. Bir əmrinizlə yenə farağat durmağa, bir göstərişinizlə yenə ön cəbhədə, sizinlə birgə, çiyin-çiyinə döyüşməyə hazır vətənpərvərlər var.

Yaşayın, komandir! Var olun! Siz bizim fəxrimizsiz, cənab polkovnik-leytenant!

Sahil Əzimov

Şərh Yaz