Ağasən Bədəlzadə yaradıcılığından

VƏTƏN

 

Elsiz məkan mənə çöldür havasız,

Vətən! – deyib sizi necə mən yorum?

Yad eldə yaşasam elsiz-obasız,

Sağkən bağrım çatlar, ölsəm də gorum.

 

Hansı torpaq üstə dayanmısan, bax,

Hər yerdə bu qara torpaq var demə.

Min-min babaların cismidi torpaq,

Torpaq hər diyarda bir olar demə.

 

Dünya özü verir bizə öyüdü,

Demə ölüm kəsir bir gün qabağın.

Sağ ikən insanı torpaq böyüdür,

Öləndən sonrasa insan torpağı.

 

İnsan ölməz bilib torpağı çoxdan,

Ömrün də qalanın ona yazıblar.

Ölməz bilməsəydi torpağı insan,

Öləni torpağa tapşırmazdılar.

 

Demə ömrü-günü veririk yelə,

Ölümlə torpağı ayıldırıq biz.

Torpağın özü də Allahdır elə,

Ölüb, yenə ona qayıdırıq biz.

                                              02.12.2017

 

ŞƏRƏFLİ ORDUM

 

Şərəfli bir xalqın haqq niyyətindən,

Torpaq namusundan, el qeyrətindən,

Müqəddəs bir eşqin ülviyyətindən,

Yarandı bu şanlı ordum, ey Vətən.

 

Vətən arzumuzdur, diləyimizdir,

Torpağı ruzimiz, çörəyimizdir,

Vətən torpaq olan ürəyimizdir,

Nələr, nələr çəkdi yurdum, ey Vətən?!

 

Qeyrət ən kəsərli silahımızdır,

Əvvəldə, axırda pənahımızdır,

Vətən dinimizdir, Allahımızdır,

Bu sözə möhrümü vurdum, ey Vətən!

 

Üstündə Babəkin ayaq izləri,

İgid Koroğlunun qartal gözləri,

Torpaq yenə doğar Mübarizləri?

Bunu haqq evindən sordum, ey Vətən.

 

Uçur göylərində tərlan xəyalım,

Torpaq bərəkətim, torpaq halalım,

Vətən yollarında min bir sualım,

Bəlkə yollarını yordum, ey Vətən…

 

Varam Vətənimlə, könül yarımla,

Bağda çiçəyimlə, dağda qarımla,

Səninçün min odlu misralarımla,

Qəlbimdə bir səngər qurdum, ey Vətən!

 

Mən öz taleyimlə barışmamışam,

Şəhid torpağına qarışmamışam,

Yolunda can qoyub, vuruşmamışam,

Bəlkə günahımı yudum, ey Vətən!

 

Sənin məhəbbətin könül odumsa,

Sözümü eşqində süzüb yudumsa,

Dilimin şəhdıni mən qorudumsa,

Mən də keşiyində durdum, ey Vətən!

     16.02.2016

 

SEVGİNİN

 

Daşda da ağlayar, telli sazda da,

Ağrısı, kədəri haqdı sevginin.

Payızda da tutar, səni yazda da,

Yoxdu bir vədəsi, vaxtı sevginin.

 

Çiçəyi çırtdayar dağda qar ikən,

Gülünə xal düşər ilk bahar ikən,

O boyda yanğısı, odu var ikən,

Gözündən leysanı axdı sevginin.

 

Çarəsi göz yaşı, gücü göz yaşı,

Yandırdı ömrünü acı göz yaşı,

Libası qəm oldu, tacı göz yaşı,

Od üstə quruldu taxtı sevginın.

 

Bir əli alovdan, bir əli buzdan,

Bahanı ayıra bilməz ucuzdan,

Aranı, səhrası yandı susuzdan,

Leysanı bağına yağdı sevginin.

 

Məhəbbət ölümsə, niyə ölmürəm?

Məhəbbət həyatsa, niyə gülmürəm?

Yazan necə yazıb baxtı bilmirəm,

Tərsinə yazılıb baxtı sevginin…

                                     22.09.1999

 

GÖRMÜŞÜK

 

Yayı əldə tutub, oxu atıblar,

Nə güc görmüşüksə, oxdan görmüşük.

Haqq sözə şər qatıb, çox fırladıblar,

Nahaqdan bu haqqa böhtan görmüşük.

 

Dünya fırlanırsa, oxu laxlayıb,

Dünyanın bu dərdin bəs kim yoxlayıb?

Toxları tər töküb aclar saxlayıb,

Nə şər görmüşüksə toxdan görmüşük.

 

Yalan yüyrək olur – ayağı yoxdur,

Dünya göydə durur – dayağı yoxdur,

Həqiqət görünmür – boyağı yoxdur,

Biz bu həqiqəti çoxdan görmüşük.

 

Tikanlar içindən keçibdi yollar,

Aşınan daş altda yatır qızıllar…

Çox şux ağac var ki, üstə tikan var,

Demə hər görkəmi şuxdan görmüşük.

 

Tək qalmaq həmişə tək əldən deyil,

Ərk ürəkdən gəlir, ərk əldən deyil,

Biz bərk daş-divarı bərk əldən deyil,

Bəzən bərk çəkicdən, mıxdan görmüşük.

 

Tanrı bu dünyanı yoxdan etdi var,

Hər yox dediyindən birdən səs qopar,

Çox var yoxa çıxır, çox yoxda var var,

Biz nə görmüşüksə, yoxdan görmüşük.

                                                24.01.2018

 

MƏNİM EŞQİM

 

Eşqin nə axşamı, nə səhəri var,

Axşam dərdi qoymaz səhərdən deyim.

Eşqin bir sevinci, min kədəri var,

Sevinci saxlayım, kədərdən deyim.

 

Qəlbimin odundan düşən kül yanar,

Belə nə gül yanar, nə bülbül yanar,

Qəlbin xəbərindən desəm dil yanar,

Qoy dilin dediyi xəbərdən deyim.

 

Sevgidə baxtından kimlər küsmədi?

Sevən əldən düşdü, əlin üzmədi,

Kimlər qınamadı qədər-qisməti,

Mən hansı qismətdən, qədərdən deyim?

 

Hər eşqin özünün xeyri-şəri var,

Dərdin də köhnəsi, təzə-təri var,

Bağrımın başında dərd dəftəri var,

Yaddaşım lal olsa, dəftərdən deyim.

 

Dərd ilə bərkitdi ömür-gün məni,

Qorxutmaz nə qəzəb, nə də kin məni,

Ölsəm, qırx il sonra dirildin məni,

Qalxım, nə çəkmişəm, əzbərdən deyim.

                  24.02.2017

 

İLDIRIM NUR OLUB ƏVVƏL DÜNYADA

 

(Məktəb yoldaşım, sədaqətli dostum,

istedadlı jurnalist İldırım Dəmirliyə)

 

Gəl sayaq adları dünyada bir-bir,

Gözəl ad insana şöhrət gətirmir.

Adın gözü yoxdur, heç nəyi görmür,

Yapışdır adına lap bir mum kimi.

 

Yaxşı ad özü də ilahi paydı,

Doğrultsa özünü, qızıla taydı,

Əgər daşın adı daş olmasaydı,

O işıq verərdi göz nurum kimi.

 

Çaşdıq ömür adlı bir tapmacada,

Bilmədik çal düşər qara saça da,

Oddan tüstü qopar, o da bacada,

Pas atıb qaralar his, qurum kimi.

 

Tələsib düşmüşük gənclikdən uzaq,

Demə qocalıq var gənclikdən qoçaq,

Zirvəyə can atdıq, bilmədik ancaq,

Arxada qorxu var, sıldırım kimi.

 

Ömrü bəzəsən də lap dürr içində,

Gizli qəm gizlənir bir-bir içində,

Bilmədik ən gözəl ömür içində,

Bir qaranlıq qalır bir şırım kimi.

 

Ölüm arxamızca casustək gəzər,

O gözəgörünməz, ondan əlhəzər,

Ömrümüz aşınan qayaya bənzər,

Yolların bir ucu uçurum kimi.

 

Gecəm var, nurludur ağ gündüzümdən,

Qəlbimin telləri bir sarı simdən,

Dost var, göz yaşıtək düşər gözümdən,

Dost var ki, gözümdə göz nurum kimi.

 

Taleyin qəmləri mənə ərk edib,

Sevincə uymuşam, məni tərk edib,

Məni bu dünyada qəmim bərkidib,

Qəmimi sanıram qürurum kimi.

 

Bağrıma basıram mən səni bərk-bərk,

Əlin şəfalıdır, sinəmə əl çək.

Yoluma nur saçdın, bil İldırımım,

Yandırıb-yaxmadın ildırım kimi.

                                            2021

Şərh Yaz