Yaddas kitabcasi

Şəhidin xatirəsini əbədiləşdirən bulaq istifadəyə verilib                              

44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Tağıyev Ruslan Fuad oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Bulaq R.Tağıyevin böyüyüb boya-başa çatdığı evin qarşısında inşa edilib.

Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi Əfran Nəbiyev, şəhidin hərbiçi yoldaşları, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, gənclər, şəhidin yaxınları iştirak ediblər.

Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Ruslan Tağıyevin qısa, lakin şərəfli həyat yolundan bəhs ediblər. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Ruslan Tağıyev 12 iyun 1982-ci ildə İsmayıllı rayon Qubaxəlilli kəndində anadan olub. 1999-cu ildə İsmayıllı rayon 3 saylı tam orta məktəbi, 2003-cu ildə isə Ali Hərbi Məktəbi bitirib. Polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlib. Noyabrın 4-də Laçın döyüşləri zamanı qəhrəmancasına şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.

Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonda mərasim iştirakçıları rayondakı Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətçilər şəhidlərin məzarları üzərinə çiçəklər düzüb, ölməz xatirələrini ehtiramla yad ediblər.

Şərh Yaz