Psixologiya və təhsilin vəhdətində Sosial Emosional Təlimin rolu                        

Sağlam cəmiyyət ağacının kökləri məktəblərdən qidalanır. Sağlam olmayan qida ağacın məhvidir. Biz əgər onu düzgün qida ilə qidalandırsaq, qulluq etsək, bizim istədiyimiz kimi inkişaf edəcəkdir. Burada qida, qulluq əlbəttə səmərəli məktəb mühiti, müsbət psixoloji iqlim, sosial-emosional bacarıqları inkişaf etdirən ünsürlər və.s-dir. İstədiyimiz bu məktəb mühitini yaratmaq üçün Sosial Emosional Təlim (SET) proqramları ən əlverişli üsuldur.

Sosial və emosional öyrənmə təhsil və şəxsiyyət inkafının ayrılmaz hissəsidir. Təhsilin və inkişafın inteqrativ şəkildə səmərəli təşkil olunması üçün mühüm əhəmiyyət kəsb edir. Bu proses zamanı şəxsiyyət hərtərəfli inkişaf edir, insanlar emosiyalarını uğurlu şəkildə idarə edir, bilik, bacarıq, vərdişlər əldə edir və rahatlıqla tətbiq edə bilir.

Sosial-emosional bacarıqlar uşaqlara gündəlik həyatı uğurla idarə etməyə kömək edir. CASEL 5 bir-biri ilə əlaqəli beş sosial-emosional bacarığa toxunur:

  1. Özünüdərketmə – şəxsin öz güclü və zəif tərəflərini adekvat qiymətləndirməsi;
  2. Özünü idarəetmə – stresi idarə etmək, özünü həvəsləndirmək və. s;
  3. Sosial dərketmə – sosial normaları anlamaq, ailə, məktəbi qəbul etmək bacarığı;
  4. Sosial münasibətləri idarəetmə – sağlam və faydalı əlaqələr qurmaq və saxlamaq bacarığı;
  5. Məsuliyyətli qərar qəbul etmək – şəraitə uyğun ən səmərəli, düzgün qərarları qəbul eləmək bacarığı.

Bu bacarıqları şagirdlərdə inkişaf etdirmək sadəcə məktəb psixoloqundan gözlənilməməlidir. Belə ki, məktəblərdə bütün işçi heyət bu məsələyə cəlb olunmalıdır. Həmin şəxslərdə psixoloji biliklərin professional səviyyədə olması istənilə bilməz, amma ən azından ilkin, təməl biliklərə yiyələnmələri bu mühitdə daha yaxşı işlər görməyimizə kömək edə bilər.

Sözü gedən təlim proqramlarını tətbiq edən bir psixoloq olaraq qeyd edə bilərəm ki, məktəbdə psixoloji savadlılığın artırılması həm şagirdlər, həm də məktəb kollektivi üçün daha yaxşı, səmərəli bir şərait yaradacaqdır.

SET proqramlarının xarici variantdan Azərbaycan təhsil sisteminə, şagird və müəllimlərinə adaptasiya məsələsinə də diqqət olunmalıdır. Bu məqam önəmli nüanslardandır. Proqramı xarici varianda olduğu kimi tətbiq etsək istədiyimiz nəticəni əldə edə bilmərik.

Özümün tətbiq etdiyim proqramlarda sorğu vərəqlərində bəzi adaptasiya işləri aparmış, hazırki pandemiya şəraitinə uyğun onlayn keçirilməsi üçün müəyyən üsullar tətbiq etmişəm. Amma bütün bunlar hələ ki yetərli deyil və bu sahədə daha genişmiqysalı işlərin görülməsi zəruridir.

Məktəb yalnız uşaqların bir araya gəlib sinif otaqlarında dərs keçdikləri bina deyil. Məktəb müxtəlif evlərin aynaları olan fərqli təlim-tərbiyəyə, fərqli dünyagörüşünə sahib olan və sosial-psixoloji vəziyyəti bir-birindən seçilən uşaqların ünsiyyət məkanıdır. Bu məsələlər nəzərə alınaraq müəyyən işlər görülsə istədiyimiz məktəb mühitini yarada bilərik. Düzgün qurulmuş bir sistem sayəsində bir çox nəaliyyətlər əldə edə bilərik.

Çinarə Kazımzadə,                                                

Bakı Dövlət Universitetinin məzunu, psixoloq

Şərh Yaz