Ailənin gözü hələ də yoldadır…                               

Qurban bayramı ərəfəsində  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin bir qrup əməkdaş ilə I Qarabağ müharibəsi şəhidi baş leytenant Ramiz Əhmədovun ailəsi ziyarət etdik. Şəhidin ömür-gün yoldaşı  Sənayə Əhmədova ötən günlərin xatirələrini dilə gətirdi. Ötən illər ərzində üzləşdiyi çətinliklərdən söz açdı. 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin gücü ilə qazanılan şanlı Qələbədən duyduğu qürur və təsəlli hissindən danışdı…

Ramizin həyat yolu barəsində bəzi məlumatları hərbiçi Balay Nəsibovun “Murovda qalan izlər” kitabından götürdük:

– “Baş leytenant Əhmədov Ramiz Əkrəm oğlu 14 yanvar 1960-cı ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. Hələ uşaq yaşlarından yüksək istedada, iradə qabiliyyətinə malik olduğu hamıya bəlli idi. 1967-ci ildə Talıstan kənd orta məktəbinin birinci sinfinə qəbul olmuş və 1977-ci ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir. Müəllimləri Ramizin böyük gələcəyinə dərin inam bəsləyirdilər. 1977-ci ildə imtahan verərək Leninqrad Meşə-Texniki Akademiyasına daxil olmuş və 1982-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək meşə təsərrüfatı mühəndisi ixtisasına yiyələnmişdir. Ali təhsilini başa çatdırdıqdan sonra Azərbaycana qayıtmış, Kəlbəcər Rayon Meşə Təsərrüfatı İdarəsində işə başlamışdır.

1992-ci ilin əvvəllərindən könüllü olaraq məlum Qarabağ hadisələri ilə əlaqədar Kəlbəcər rayon 809 saylı özünümüdafiə taboruna qoşulmuşdur. 1992-ci ilin may ayından isə 701 saylı briqadanın 712 saylı taborunda xidmətini davam etdirmişdir. Baş leytenant Ramiz Əhmədovun komandir olduğu bölük Kəlbəcər rayonunda gedən şiddətli döyüşlərdə əsl mətanət və mərdlik göstərmişdir. Onun əsgərləri ən çətin əməliyyatlarda iştirak edirdilər. Ermənilərin mühasirəsinə düşsələr də, mühasirəni yarıb, Murov dağı istiqamətində döyüşə-döyüşə 60 nəfərə qədər əsgər və mülki adqamları mühasirədən çıxartmışdılar.

1992-ci ilin aprel ayının 12-də Murov dağına “Aşağı yol evi” deyilən yerdə qolundan yaralanan baş leytenant Ramiz Əhmədov bir ardıc kolunun arxasına keçərək,  əsgərlərinə tapşırıq verib deyir ki: – “Mənimlə işiniz olmasın, siz qalan camaata və yaralılara kömək edin”…

Bundan sonra qəhrəman zabitimiz haqqında heç bir məlumat əldə edilmir”.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Ş.Soltanov

 

 

 

 

Şərh Yaz