Yaddas kitabcasi

QISA TƏMSİLLƏR

MƏMMƏD MİRZƏ                                                 
Az
ərbaycan Yazıçılar Birliyinin və AJB-nin üzvü

DOVŞANDAN

SORUŞDULAR:

 

– Qulaq uzun, boy qısa,

Hara belə qaçırsan?

Yatanda da nə əcəb

Gözlərini açırsan?

DEDİ:

– Qorxudandı, a qardaş,

Sümüklərim yanıbdır!

Qulaqlarım da elə

Qorxudan uzanıbdır.

AYIDAN

SORUŞDULAR:

 

– Əkib-becərən zaman

Gözlərin olmuşdu kor?!

İndi budaqlarını

Sındırırsan, a nankor!

DEDİ:

– Qoy səni yandırmasın

Sınıb-düşən budaqlar;

Sən əkənsən, mən yeyən –

Hərənin öz işi var.

DONUZDAN

SORUŞDULAR:

 

– Dost-tanışı görəndə

Düz keçirsən, de, nədən?

Gözucu nəzər salıb,

Salam da verməyirsən?

DEDİ:

– Saymamazlıq deyil bu,

Deməyin mənə “Qanmaz”,

Zərrəcə günahım yox,

Boynum yoğundur bir az.

CANAVARDAN

SORUŞDULAR:

 

– O cür gözəl adın var:

“Ağzı qanlı Canavar!”

“Qurd” adını götürmək

Gəlmədi heç sənə ar?

DEDİ:

– Kolxozların vaxtında

Qoyun acından öldü,

Leşini qurdlar yedi,

Kağızda mən baş oldum;

Elə o vaxtdan dönüb,

Qurdlarla adaş oldum.

FİLDƏN

SORUŞDULAR:

 

– O boyda gövdənlə sən

Utanmayıb da, yerdən

Noxud boyda şirnini

Əyilib götürürsən?

DEDİ:

– Mən bu xırdaçılıqla

Tamahkar insanlara

İbrət dərsi verirəm;

İştahı öz boyundan

Yekə olan şəxslərə

Nümunə göstərirəm.

 TÜLKÜDƏN

SORUŞDULAR:

 

– O yekəlikdə quyruq

Vermir əziyyət sənə?

Onun ki bir xeyri yox,

Azacıq gödəltsənə?

DEDİ:

– Paxıllıqdandır, ey dost,

Baxıb mənə gülürsən;

Bir müti, bir işbilən

Quyruğun olsa sən də

Qədrini tez bilərsən…

 

MEYMUNDAN

SORUŞDULAR:

 

– Söylə görək, ay bivec,

Öz sifətin yoxmu heç?

Başqa canlılar kimi

Öz yolunu getsənə!

Özgəni yamsılamaq

Şərəf gətirməz sənə!

DEDİ:

– Meymundan törəyənə

Qohumluq bağımızı
Andırmaq istəyirəm;
Bir-birinin ağzından
Söz qapıb təkrarlayan

Peşəkar yaltaqları
Qandırmaq istəyirəm.

QOYUNDAN

SORUŞDULAR:

– Təkənin qulağını
Bir azacıq bursalar,

Ağrılara dözməyib,
Qışqırıb haray salar.

Yüz yerdən dəlik-deşik

Edilsə də bədənin,
Şikayət eləmirsən,
Səsin çıxmayır sənin?

DEDİ:

– Sanırsan ki, ağrımır?
İçimdədir fəryadım.

Ağrılara dözməyib,

Haray salıb çığırsam,
“QOYMAYIN” deyərdilər,

“QOYUN” olmazdı adım.

 ÇAQQALDAN

SORUŞDULAR:

 

– Sən Şirin ətrafında
Çox tullanıb-düşürsən,

Qaraldırsan qanını;

Bir gün bir şapalaqla
Alacaqdır canını.
DEDİ:

– Şir Çaqqala toxunmaz,

Bəzən hirsli olsa da.
Şöngüyüb – yalmanırıq,

Bizdən xoşlanır o da;

Vəzir-vəkilsiz padaşah
olubmu heç dünyada?

 

 CIRCIRAMADAN

SORUŞDULAR:

 

– Bəsdir, ay sırtıq böcək!
Əcayib cır səslə sən
Gecə-gündüz sızlayıb

Zəhləmizi tökürsən.

Nə olsun ki, dediər

Cırcıramadır adın;

Aramsız cırıltıdan
Bezikib usanmadın?!
DEDİ:

– Şou-biznesdəkilər

Bizdən pis cırıldayır;
Üstəlik qaş-göz edib
Şit-şit də hırıldayır.

Onlara “Xalq”, “Əməkdar”

Adlarını verirsiz;

“Krışamız” yox deyə,

Qınağa tuş gələn biz.

BÜLBÜL VƏ

UZUNQULAQ

 

Eşşək rast gəldi bir gün

Nəğmə deyən bülbülə,

Baxıb ona həsədlə

Söylədi gülə-gülə:

– Haray-həşir qoparıb

Nə özünü didirsən,

Görən yenə də kimdən

Demaqoqluq edirsən?!

Bülbül dedi:

– A bədbəxt,

Sən ki, haqqa-nahaqqa

Boğazını cırırsan,

Bir torba saman üçün

Sübhədək anqırırsan;

Nəğmə ilə qeybətin

fərqini heç qanmadın,

Elə ona görə də

Uzunqulaqdır adın.

 

CÜCƏLƏR

 

Günlərin bir günündə

Nələr oldu, ah, nələr!

Üzə durub, ağ oldu

Lümək-lümək cücələr…

Biri dedi:

“Cik-cik-cik,

Tülkünü istəmirik

Bizlərə müdir olsun;

Tez buradan qovulsun!”

Biri dedi:

“Cik-cik-cik,

Məgər yazıq deyilik?

Yedi, taladı bizi,

Dünyanı görmür gözü!”

Biri dedi:

“Cik-cik-cik,

Bu acgözün üzündən

Əl-ayaq altda getdik!”

Tülkü fəryad elədi:

“Heç belə də iş olar?

Aman, mənə dəyməyin,

Bir çətən külfətim var!”

Ayı qalxdı təmkinlə

Bir dağ kimi yerindən,

Baxıb tülküyə sarı

Köks ötürdü dərindən:

“Eeeh, ay zalım cücələr,

Ay insafsız cücələr!

Ey vicdansız cücələr!

Bir görün, nə edirsiz,

Siz, ey qansız cücələr!

Tutaq ki, biz tülkünü

Bu gün çağırdıq geri,

Bəs acından qırılsın

Onun tülkücükləri?!

Mənim başım sağ ikən

Onlar düşsün daramı?!

Mənim şüarım budur:

Gərək dolansın hamı…”.

 

Xoruz “Urrra!” qışqırıb,

Çəpik çaldı sevincək.

Cücələr məəttəl qaldı

Bu gurultunu görcək…

Deməyin, ları xoruz

Çəpikdən nə qazandı?!

Bu cür gözə girməklə

Ömrü bir il uzandı…

Şərh Yaz