Poeziya yarpaqları

Məğrur, xoşbəxt anayam                      

Azadlığa çıxan torpaq

Həfəs alır rahat-rahat.

Yasa batmış Qarabağda

Üzə gülür indi həyat.

 

Yol çəkilir, ev tikilir,

Ustaların əli işdə.

Ağdam, Laçın, gözəl Şuşa

Yeni donda, yüksəlişdə.

 

Məğrur, xoşbəxt bir anayam,

Bu torpaqda vardır izim.

Qarabağda qurucudur

Ramiz, Babək, Mübarizim.

 

Qəlblərə köçdü Musa

 

(Xalq şairi M.Yaqubun ölümünə)

 

Ölümünü eşitdim,

Qələmim qəmə batdı.

Ahım yatmış dağları

Yuxusundan oyatdı.

 

Ağladı dağ da, daş da,

Susdu qalın kitablar.

Xəcalət görünürdü

Şair çəkən əzablar.

 

Göyərməyən qara daş,

Batdı əbədi yasa.

Dönüb şeirə, sözə

Qəlblərə köçdü Musa.

Şərqiyyə Balacanlı

 

Sevənlərə arzu payım

 

Ölkədə toylara icazə ilə bağlı bu arzuda olanları təbrik edir, əzizimiz Xəzərə və onun qismində bütün toy edənlərə ailə səadəti,  xoşbəxtlik diləyirəm.

 

Subaylığın daşını atası olub bu gün,

Evliliyə üzünü tutması var Xəzərin.

Ömrün hər addımında birgə, bir olaq deyib

Çıxıbdır qarşısına bir vəfadar Xəzərin.

 

Allahla Quran olsun müqəddəs inancları,

Başları üçün olsun başlarının tacları.

Az vaxtda pöhrələnib bar versin ağacları,

Bəzəsin süfrəsini tər növbahar Xəzərin.

 

Xəzərdən geri qalmır, aşıb-daşan çaydı bu,

İşığından, nurundan ötrü doğan aydı bu.

Elin gözəl adəti, ənənəsi, toydu bu,

Eşidən, bilən edib toyunu car Xəzərin.

 

Boya-başa çatdırıb, yetirsinlər arzunu,

Olsunlar qorumalı Allah yazan yazını.

Hədiyyə göndərmişəm fəslin yayı, yazını,

Doğmamın, hər sevənin olsun bahar Xəzərin!

Tamam Nur Tağlabiyanlı

 

Yanmağının mənası nə?

 

Çərxi-fələk üz döndərsə,

Qara bulud qanad gərsə.

Hər tanıyan bir dərd versə,

Yanmağının mənası nə?

 

Yarın qeydinə qalmırsa,

Dost səni yada salmırsa,

Həmdəm qadanı almırsa,

Yanmağının mənası nə?

 

Çərx gərdişi belədirsə,

Qəlbin qəmə kölədirsə.

Tale səni mələdirsə,

Yanmağının mənası nə?

 

Yar-yarına möhtacdırsa,

Biri tox, beşi acdırsa,

Əzablar başa tacdırsa,

Yanmağının mənası nə?

 

Bəxtin səni dindirməsə,

Göydən yerə endirməsə,

Alışdıran söndürməsə,

Yanmağının mənası nə?

 

Getdi

 

Getdi Nəcibəm, Telmanım,

Əbdülbari getdi qəfil.

Getdi əldən din-imanım,

Heç gülmədi üzüm bu il.

 

Qardaş ata əvəziydi,

O da dərdlərə dözmədi.

Aramızda böldü dərdi,

Ölüm əlini üzmədi.

 

Taleyimi qınayımmı,

Tanrı mənə zülüm etdi.

Onu günahkar sayımmı,

Doğmalarım bir-bir getdi.

 

Ürəyimi şam elədim,

Sübh açıldı, zülmət bitdi.

Azalmadı, artdı dərdim,

Dözdüm, ömür hədər getdi.

Nizami Göyçəli

Ana

 

Ana, həsrətinlə gün keçirirəm,

Kəsilir nəfəsim nəfəsin üçün.

Çörək qazanıram, qəm yeyirəm, qəm,

Səninlə açılır səhərim hər gün.

Gecəni gündüzə sənsiz qatıram

Adına gül yığıb qəmə batıram.

 

Ana, yoxluğuna yox daha tabım.

Anasız yaşamaq ömür-gün deyil.

Ana, döz, ağlama, artır əzabım,

Adımı sorsalar bilməyəcəm, bil.

Sənsiz uçur canım ölüm anına,

Çox ötməz, gələrəm, ana, yanına.

 

İsti ürəyimdə təkcə adındır,

Gəlib öpəcəyəm əlindən, ana.

Sənsiz yetim qalan öz övladındır,

Səni tay tuturam bütün cahana.

Ana, mən gələndə yoluma nur saç,

Balam gəlir! – deyib qollarını aç…

—————————————\

Nəzifə Təhməz qızı Cabbarova

————————————–

 

Dünyaya qonaq gəlmişik?

 

Anamın ölümünə

Haradan başlayır insan həyatı,
Ömür yəhərində olan saatı.
Qurtardı, gələcək ölümün atı,
Biz niyə dünyaya qonaq gəkmişik?

Xoşbəxt-xoşbəxt səhərimiz açılar,
Bu dünyadan ətir, qoxu saçılar.

Siraya düzüldük, olduq yolçular,
Biz niyə dünyaya qonaq gəlmişik?

Ölüm özü yer üzündə ələkdir,
Xəlbirində insan soyuq küləkdir.
Sığal çəkən, canı alan mələkdir,
Biz niyə dünyaya qonaq gəlmişik?

Ağrılar içində dünyaya gəldik,
Südün qoxusunda böyüdük, güldük,
Ana qucağını cənnətdə bildik,
Biz niyə dünyaya qonaq gəlmişik?

İnsan – ağac, ömür- yarpaq, tökülür,
Tək beş metrlik ağ kəfənə bükülür,
De, torpağa dönmək üçünmü ölür?
Biz niyə dünyaya qonaq gəlmişik?

 

Bəsimdir

Ey yar, gülzar üzünü mənə göstərsən, bəsimdir,
Noğul tək şirin busəndən pay göndərsən, bəsimdir.

Məcnun tək gəzmə, könlümdə gül əkərsən, bəsimdir,
Mənimçün oradan şehli bir gül dərsən, bəsimdir.

 

Qarə gözə surəti – Surə çəkərsən, bəsimdir,
Yar nəfəsim, qəndim, nabatım, şəkərsən, bəsimdir.

Mən güləm, nəğməkar bülbül tək ötərsən, bəsimdir,
Eşq taxtımın bəzəyi, yaqutu-zərsən, bəsimdir.

 

Gül tağından  otağıma ləçək sərsən, bəsimdir,
Surə deyir, solmaz çiçəyimdə tərsən, bəsimdir.
Surə Ziyadqızı

 

 

Şərh Yaz