Döyüşdə fərqləndi, şəhidlik zirvəsinə ucaldı                  

İsmayıllı rayon MKS-nin Aşıqbayramlı kənd kitabxana filialının əməkdaşları  tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə əsgər Xəyyam Daşdəmirovun qəhrəmancasına şəhid olmasının birinci ildönümü ilə bağlı məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçəklər düzülüb, ruhuna dualar oxunub.

Kitabxananın fəal oxucuları şəhidin məzarı önündə vətənpərvər ruhlu şeirlər səsləndiriblər.

Qeyd edək ki, Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Tovuz döyüşlərinin şəhidi X.Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunun Balik kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqları və xidmət vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Esmira Mikayılova

Şərh Yaz