Nizami yaradıcılığında adlar və onların tarixiliyi                       

Hamınıza məlumdur ki, 2021-ci il böyük şairimiz Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar hörmətli prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub.

Nizami irsinin öyrənilməsi, onun yaradıcılığının məhsulu olan əsərlərindəki vətənpərvərlik, yüksək insani keyfiyyətlərin gənclərimizə aşılanması, gənclərimizin sağlam və elmli olması işində biz müəllimlərin də üzərinə böyük vəzifələr düşür.

Nizami Gəncəvi – bəşəri dəyərləri tərənnüm edən şair, fəlsəfi fikirləri ilə əsrlərdir dünyanı heyran qoyan filosof, dahi alim. Nizami Gəncəvi yaradıcılığı bütün elmlər üçün bir açardır. Bu baxımdan Nizami yaradıcılığı geniş tədqiqata ehtiyac duyur. Xüsusən də, dahi şairin yaradıcılığı bir tarixdir.

Hansı ki, hər sətrində, hər misrasında XII əsrin tarixi, ədəbi, fəlsəfi, üslubi-linqvistik, elmi xüsusiyyətlərini özündə əks etdirir. Xüsusi ilə, Nizami yaradıcılığında adlar, onomastik vahidlər özündə dərin bir tarix daşıyır. Bu baxımdan “Xəmsə”dəki adların, onomastik vahidlərin tarixi aspektdən araşdırmağa və oxuculara çatdırmağa çalışdım. Böyük şair əsərlərində adlara xüsusi diqqətlə yanaşır:

Kim istər yaxşı ad keçirsin ələ,

Gərək bu qapıda olsun bir kölə.

Qoysun yaxşılıqla elə təmiz ad,

Bununla sonunu eləsin abad.

O, obrazları adlandırarkən dərin məna incəliyi ilə yanaşı onların tarixi kökünü də nəzərə alır. Şair hər hansı obraz adını elə mənalandırır, ona elə cizgilər həkk edir ki, onu simvolik adlar səviyyəsinə yüksəldə bilir.  “Xəmsə”də istifadə olunan onomastik vahidləri bu şəkildə qruplaşdıra bilərik:

1) şəxs adları – antroponimlər

2) yer adları- toponimlər

3) səma cisimləri – kosmonimlər

4) hidronimlər və. s

Antroponimlərə gəldikdə Nizami “Xəmsə”sində çox rəngarəng adlara rast gəlmək mümkündür.  Şəxs adlarını da müxtəlif bölgülər əsasında qruplaşdırmaq olar. Aydın Paşayevin “Nizami Gəncəvinin poetik adlar aləmi” əsərində antroponimlərin bölgüsünü bu şəkildə vermişdir:

1) tarixi şəxsiyyət adları

2) dini əfsanəvi obraz adları

3) apelyativ obraz adları

4) alleqorik obraz adları

5) mifonimik obraz adları.

Mən isə, bu tədqiqatımda adlara tarixi baxımdan fikirlərimi bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, Nizami Gəncəvi tarixi adlardan iki şəkildə istifadə etmişdir:

1) mədhiyyələrdə:

Burada tarixdə var olmuş, əsərin həsr olunduğu şəxsiyyətlərin tərifi verilir ki, biz burada bu adları sırf tarixi aspektdən oxuyuruq.

Nümunə olaraq Qızıl Arslan, Məhəmməd Cahan Pəhləvan və s kimi adları çəkə bilərik.

2) tarixi adlar bədii obrazlarda:

Burada isə, tarixən var olmuş şəxsiyyətləri, hökmdarları öz təxəyyülünə uyğun şəkildə dəyişdirərək bədiiləşdirmişdir. Məsələn; Nuşirəvan, Xosrov, Bəhram Gur, Dara və s.

Tarixdə var olmuş bu hökmdarların müsbət və mənfi cəhətlərini qeyd etməklə, şair öz müasirləri olan hökmdarlara əslində ibrət dərsi verməyə çalışmışdır. “Sirlər xəzinəsi” poemasında şair Bəhram şahın adını çəkir. Bəhram şah Davudun oğlu olduğu üçün Süleyman şöhrətinə çatmışdır. Süleyman isə dini rəvayətlərə görə qüdrətli peyğəmbər padşah olmuşdur. Bəhram şah o dövrün siyasi vəziyyəti ilə əlaqədar olaraq Zaqafqaziya xalqlarının həyatına yaxın olmuşdur. Yəqin ki, şair Sirlər Xəzinəsi əsərini ona ithaf etməklə Şərqdə ən qüdrətli hökmdar kimi tanınan Bəhram şaha mənəvi təsir göstərmək istəmişdir.

Şair “Xosrov və Şirin” əsərini Qızıl Arslana həsr etmişdir. Bu şeirin tarixi və səbəbi haqqında olan hissəsində şair əvvəl Toğrul şahın, sonra isə Qızıl Arslanın adını çəkmişdir.

Şahların şahıdır, vüqarlı, adil,

Adı Toğrul şahdır, özü rəhmdil.

Təxtü-taca çatdı, səltənət qurdu,

Arslan şah yerində taxta oturdu.

Həmin dövrdə Arslan və Toğrul adında çox şəxslər olmuşdur. Burada adı çəkilən Arslan şah

“Xosrov və Şirin” əsərinin ithaf olunduğu Qızıl Arslan deyil. Arslan şah Səlcuq hökmdarı sultan Məsudun qardaşı II Toğrulun oğludur.

Nizami Gəncəvi Atabəy Əbu Cəfər Məhəmməd Eldəgizin tərifində Atabəy Cahan Pəhləvandan danışır. Atabəy sözü, ata və bəy sözlərindən yaranmış ləqəbdir. Bu ləqəb əvvəllər Səlcuqlar dövründə sultanların övladlarını tərbiyə edən türk əmirlərinə verilirdi. Məhəmməd Cahan Pəhləvan da, sultan III Toğrulun oğlunun atabəyi olduğu üçün ona bu ləqəb verilmişdir. Məhəmməd əsl adı olmuşdur.  Tarixi mənbələrdə Şəmsəddin Eldəgiz, Atabəy Eldəgiz kimi məşhurdur. Şair onun adını bu şəkildə işlətmişdir:

Atabəy Eldəgiz əlvida deyə,

Dörd təkbir söylədi yeddi ölkəyə.

“Leyli və Məcnun” poemasında kitabın yazılma səbəbi hissəsində Nizami Gəncəvi əvvəlcə Şirvanşahdan bəhs edir. Şirvanşah – Şirvan şahlarına verilən ümumi addır. Kəsranilər sülaləsindən olan Şirvanşahlar XII əsrdə Səlcuqlar dövlətinin zəifləməsi ilə əlaqədar olaraq müstəqil feodal dövlətə çevrilmişdir. Bu sülalə 1027-1382 ci illərdə fəaliyyət göstərmişdir. Axsitanın tərifi hissəsində Şirvanşah Axsitanla yanaşı Mənüçöhrün də adı çəkilir:

Şahların tacısan Əbülmüzəffər,

Yeddi məmləkətə sən oldun zivər…

Adın Axsitandır, özün sözbilən,

Bu Bəhram nəsəbli ülkər üzlü sən,

Məlik Mənüçöhrün sədəf dürrüsən.

Burada, Müzəffər Axsitanın oğlunun, Mənüçöhr isə Axsitanın atasının adıdır.

Nizaminin “ İqbalnamə”si isə Mosul hakimi İzzəddin Məsuda həsr olunmuşdur. “Padşahın tərifi” hissəsində şair onu mədh etmişdir:

Vurubsan qızıla şah sikkəsini,

Xütbə ver, vüqarla ucalt səsini.

O elə şahdır ki, dövründə nə var,

Onun şöhrətinə edər iftixar.

Ucadır, igiddir hər hökmdardan

Məlik Nüsrətəddin, o şanlı sultan.

Zəkada o Mosul hökmdarıdır,

Mərdlikdə şahların Qədərxanıdır.

Nizami Gəncəvini etnoqraf kimi də səciyyələndirmək olar. Şair “İskəndərnamə”əsərdə İskəndərin fəth etdiyi ərazilərdə yaşayan xalqları bədii lövhələrlə təsvir etmiş, adət-ənənələrindən söz açmış, bir sıra tarixi faktları ortaya qoymuşdur. “Şərəfnamə” hissəsində 25-ə qədər etnonim- yunan, Rumlu, alan, rus, qıpçaq, hindli, türk, tamğaçlı və s. adı verilmişdir. Qıpçaqlardan bəhs edərkən, burada qadınların əvvələr örtüksüz olmasını, Bəlinasın tədbiri ilə qıpçaqlarda da örtüyün adət olması təsvir edilir. Ruslar və onların sərkərdəsi Qıntaldan danışarkən “yeddi rus soyundan tərpətdi ordu” deyərək şair o dövrdə Rusiyanın yeddi vilayətə bölündüyünü, Orta Asiya xalqlarından olan tamğaclılarda qaşlarını kaman kimi düzəltməyin adət olduğunu vurğulamışdır. Şair türklərdən söz açarkən qələmə aldığı  misralar:

Xəzər dağından, Çin suyuna qədər,

Türklərlə doludur bütün bu yerlər.

Bilirəm, Rumları sevməyir bir türk,

Rumlara kinləri rusdan da böyük.

Türklərin oxuyla yenə bu zaman,

Qabar əskik olmaz rus ayağından.

Nizami bir tarixçi-etnoqraf kimi türklərin yaşayış məskənini təsvir etmiş, cəsur xalq olduğunu qeyd etmişdir.

Bütün bunları araşdırdıqca, bu zənginliyin incəliklərini öyrəndikcə bir daha əmin oluruq ki, Nizami zəkası öz möhtəşəmliyi ilə hələ çox əsrlərə, çox elmlərə işıq saçacaqdır.

Ülkər Süleymanova,

İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin  tarix müəllimi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz