Cənnət görmək istəyən,   Bizim Basqala gəlsin

… Ulu Şirvanın nəhəng dağlarının, uca zirvələrinin, sıldırımlı qayalarının qoynunda bir qədim qəsəbə var – adına Basqal deyirlər. Sovet hökumətinin qaynar vaxtlarında bu qəsəbənin 5-6 min əhalisi olub. Gözəl mənzərəsi ürəkləri oxşayır. Qayalar ona arxa durur, ayağını kiçik çay yuyur, meşələrlə üz-üzə dayanır. Sərin mehiylə tumarlanan, ecazkar təbiəti ilə insanı ovsunlayan bu məkanın vüqarlı Əmrəki təpəsinin əzəmətini, güclü yağışlar yağanda kəndin düz ortasından keçən, həzin zümzümə ilə insanın ruhunu oxşayan Basqal çayının xoş nəğməsini, müxtəlif hündür ağaclarla zəngin qalın meşələrinin füsunkar gözəlliyini, səmimi insanlarının qonaqpərvərliyini sözlə ifadə etmək üçün coşqun təbiətli şair olmaq lazımdır, bəlkə də…

Bəli, haqqında bəhs etdiyimiz əsrarəngiz təbiətin xəsislik etmədiyi, məharətli bir rəssam tablosunu xatırladan, qonaqpərvər, istiqanlı insanların məskunlaşdıqları bu gözəl yurd İsmayıllı rayonunun Basqal qəsəbəsidir. Burada – qədim yaşayış məskənində hər fəslin xüsusi gözəlliyi var, lakin təbiətin insanı məst edən sükutu içində uyumuş bu gözəlliyi qış fəslində seyr etmək bir başqa aləmdir.

Dağ yamaclarının zirvəsinə qalxdıqca sanki göz oxşayan mənzərələr səni valeh edir. Bütünlüklə Basqal və Basqalətrafı kəndlər ayağının altındadır, hətta ulu Şirvanın ürəyi olan Şamaxı, Ağsu da o yüksəklikdən aydın görünür. Demək olar ilboyu zirvəsi qarla örtülü olan Niyaldağ, qonşu Sulut kəndinin ərazisinə aid olan Fitdağ, vaxtilə bu qədim yurdun əhalisinin yaylağı olan sərin İsitmə bağı, cavanların vaxtilə gəzdikləri, oynadıqları, meyvələrindən daddıqları Əhməd, Yetim bağları, qəsəbənin ərazisində yerləşən, min bir dərdin dərmanı olan bulaqların laylası, meşəlәrin titrәmәsi, әsәn külәk, yağan yağış, bol mәһsullu bağçalar, bostanlar tәbiәt һekayәlәrinә dәrin mәzmun, tәsirli ideya, zәngin bәdii-estetik maһiyyәtli xüsusi zövq verə bilər və vaxtilə müxtəlif əsərlərdə bu təsvirlər öz dolğun əksini tapıb. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir.

Əhali çox xoşbəxtdir ki, zəngin təbiət qoynunda yaşayır. Çox mehriban, qayğıkeş, zəhmətkeşdirlər.

Yaşayış yerləri Allah-Təala tərəfindən də möcüzəli və maraqlıdır. Evdən həyətə, həyətdən üzü aşağı bulağa, bulaqdan çaya, çaydan  meşənin içərisinə, meşədən isə qeyd etdiyimiz Əmrəkiyə, digər təpəlik və qayalara qalxırsan. Ürək, qəlb açılır, beyin təzələnir, insanın əhval-ruhiyyəsi yüksəlir. Elə bilirsən ki, dünyanın “Cənnəti”nə düşmüsən, sənin dərdin, qəmin yoxdur, dünyanın ən xoşbəxtisən. Bəli, Basqal müxtəlif tarixlərə malik dövrlərin incilərini yaşadan tarixi muzeydir…

Qeyd etdiyim təbiət lövhələri, təsvirlər qədim Basqalın dünənidir, bugünüdür və gələcəyidir. Bu gün bu ulu yurdda nəhəng işlər görülür, adamın könlü açılır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayıllı rayonunda 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən başlanğıcını götürən Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut yolunun yenidən qurulması, görülən işlərin vüsəti buraya qədəm qoyan hər kəsdə qürur hissləri doğurur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanan layihə əsasında ümumi uzunluğu 25 kilometr olan yeni yol 4 istiqamət üzrə inşa olunur. Bu, Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə-Kürdüvan-Xankəndi-Mücü və Sərsurə-Kələzeyvə-Sulut kəndləri istiqamətləridir.

Qeyd edək ki, sözügedən istiqamətlərdə yolların torpaq əsaslı və çınqıl örtüklü olması normal gediş-gəliş üçün problemlər yaradırdı. Odur ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla yenidənqurma işlərinə başlanılıb. Yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Artıq yollar boyu yararsız qrunt qazılaraq kənarlaşdırılıb, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə qaldırılıb. Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Qıçatan, Tağlıbiyan və Kəlfərəc kəndləri ərazisində isə asfaltlanma işləri də yekunlaşıb. Layihənin Mücü və Xankəndi kəndləri hissəsində də yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir. Kələzeyvə, Sərsurə, Sulut yollarında isə yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir.

Görülən işlər çərçivəsində yolboyu yaşayan sakinlərin pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa edilir, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni borular qoyulur. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü boruların quraşdırılması və izolyasiyası, həmçinin Mücü, Xankəndi, Zeyvə və Sulut kəndləri ərazisində yerləşən körpülərin təmiri layihə üzrə həyata keçirilir. Artıq Mücü kəndi ərazisində yerləşən 30 metr uzunluğunda körpünün təmiri yekunlaşıb.

Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək. Ümumiyyətlə, sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində – səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafı sürətlənəcək.

Bu layihə əsasında qədim Basqalda da böyük quruculuq işləri aparılır. İsmayıllı-Muğanlı avtomobil yolundan ayrılan 4 km-lik hissə asfaltlanıb, burada gələcəkdə turistlərin mənalı istirahəti üçün maraqlı əyləncə obyektləri inşa edilir, kəndarası yollar abadlaşdırılır, divarların üz hissəsi təzələnir, hamar metlax vurulur. Basqalın içməli suya olan tələbatının ödənilməsi də diqqətə çəkilir. Və bu işlərin fonunda İsmayıllı rayon icra hakimiyyətinin Basqal kəndi üzrə icra nümayəndəsi Novruz Əsədovun təşkilatçılığını, əzmkarlığını və təşəbbüskarlığını əlavə etmək istərdim.

Mən də yaranmış bu fürsəti dəyərləndirməyə çalışaraq bu günlərdə doğulub boya başa çatdığım Basqalıma səyahət etdim. Bu yerləri gəzdikcə, yuxarıda sadaladığım quruculuq-abadlıq işlərini seyr etdikcə bir yandan təmiz dağ havasını ləzzətlə ciyərlərimə çəkir, aldığım təəssüratlardan isə qəlbim fərəhlənirdi. Uzun müddət təbii gözəlliklərdən ayrı qalmağımdanmı, yaxud yay fəslində buraların gülüstana çevrilməyindənmi, indiki səyahətim mənim üçün xüsusən unudulmaz oldu. Ona görə təəssüratlarımı yazıya almağı və telefonumun yaddaşına köçürdüyüm təbiət gözəlliklərini sizinlə də bölüşməyə qərar verdim.

Şübhə etmirəm ki, çoxunuz yurdumuzun bu əsrarəngiz guşəsində olmusunuz, ancaq bu yazının oraları sizə yenidən tanıdacağına, daha artıq sevdirəcəyinə ümid edir və deyirəm:

Cənnət görmək istəyən,

Bizim Basqala gəlsin.

Daşdəmir ƏJDƏROĞLU

 

Şərh Yaz