RİH başçısı təhsil işçilərinə və şagirdlərə yeni uğurlar arzulayıb                     

Hörmətli təhsil işçiləri, әziz şagirdlər!

 

Tarix sübut edib ki, təhsildə inkişaf olmadan millətin və dövlətin tərəqqisi mümkün deyil. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Respublikamızda geniş quruculuq işləri aparılır, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində  mühum proqramlar həyata keçirilir. Bu  baxımdan təhsil sahəsində görülən  işlər də diqqətəlayiqdir.

Məktəblilərimizin son zəng tədbirinin təntənəli şəkildə keçirmələri üçün haqqları vardır. Lakin koronavirus infeksiyasının qarşısının alınması səbəbindən tədbirləri kütləvi keçirməməyə məcburuq. İnanırıq ki, yaxın vaxtlarda infeksiya tam bitəcək, təhsil sahəsində də geniş tədbirlərin keçirilməsi mümkün olacaqdır.

Həyatlarını daim bizlərin, bizlərdən sonra övladlarımızın təhsilinə həsr edən əziz müəllimlərimiz, məktəblərin bağlı olduğu dövrdə də əllərinizdəki bütün imkanlardan istifadə edərək gələcəyimiz olan övladlarımızın, şagirdlərimizin təhsilsiz qalmamaları üçün çalışdınız.

Məktəblilərimiz və məzunlarımız uğurlu nəticələri ilə bizləri sevindirirlər. Ötən dərs ilində təhsildə  qazandıqları yüksək nəticələrə görə son 5 ildə rayon ümumtəhsil  məktəblərinin 8 nəfər məzunu qızıl medala,  4 nəfər məzunu isə gümüş medala layiq görülmüşdür.

Ötən il İsmayıllı rayonundan 384 nəfər  uğur qazanaraq ali məktəblərə  qəbul olmuşdur. Onlardan 81 nəfər 500-dən, 15 nəfər isə 600-dən yüksək bal toplamışdır. Orta ixtisas təhsili müəssisələrinə qəbul olanların  sayı 167 nəfər olmuşdur.

Tələbə qəbulu imtahanlarında qazandıqları ən yüksək nəticələrə görə son illərdə rayon ümumtəhsil məktəblərinin 16 nəfər məzunu Prezident təqaüdünə layiq görülmüşdür.

Bu dərs ilində də buraxılış imtahanlarında XI sinif məzunlarının nəticələri ali məktəblərə qəbulun daha da artacağına əsas verir.

Rayon məktəbləri və ayrı-ayrı müəllimləri Respublika və beynəlxalq miqyaslı keçirilən yarış və müsabiqələrdə uğurlu nəticələr  əldə ediblər.

Bütün bu fədakar əməkləriniz üçün Sizlərə öz adımdan dərin təşəkkürümü bildirirəm, sizlərin bu müqəddəs və məsuliyyətli işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Ölkəmizin tarixində qızıl hərflərlə həkk olmuş 44 günlük vətən müharibəsində təhsil işçilərimiz də həm arxa cəbhədə, həm də ön cəbhədə öz fədakarlıqlarını bir daha nümayiş etdirdilər. Könüllü olaraq ön cəbhədə düşmənlə qəhrəmancasına vuruşan müəllimlərimiz öz qanları ilə tarix yazdılar. Bu tarix yetişən gənc nəslin, o cümlədən şagirdlərimizin yaddaşında əbədi olaraq qalacaqdır.

Əziz şagirdlərimiz!
Dərs ilinin başa çatması münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Sizlərə  möhkəm can sağlığı və yeni-yeni təhsil uğurları arzulayıram.

Şərh Yaz